“Kütləvi korrupsiya hallarına münbit şərait yaradılır”

kutlevi-korrupsiya-hallarina-munbit-serait-yaradilir
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə bloq yazısında bildirib. Partiya sədri qeyd edib ki, hal-hazırda hökumət bu istiqamətdə ciddi səhvlərə yol verir, xüsusən də ali təhsil müəssisələrində: “Dövlət müəssisəsi olan universitetlərdə tədris Azərbaycan vətəndaşları üçün tam ödənişsiz olmalıdır. Azərbaycan hökuməti tələbələrə yüksək səviyyədə təhsil ala bilmələri üçün bütün güzəşt və imkanları tanımalı, neft gəlirlərini heç bir gəlir gətirməyən tikinti layihələrindənsə insan kapitalına çevirməlidir. Heç bir məntiqə sığmır ki, eyni şəraitdə, eyni auditoriyada oturub eyni müəllimdən dərs alan tələbələrin biri ödənişsiz əsaslarla təhsil alsın, bir digəri dövlətə buna görə pul ödəsin. Mən parlamentdə də dəfələrlə qeyd etmişəm, bu sistem aradan qaldırılmalıdır və Azərbaycan gəncinin, Azərbaycan vətəndaşının təhsil ala bilməsi üçün bütün mümkün şərait yaradılmalıdır.

Azərbaycan universitetlərində təhsil hədsiz bərbad şəkildə aparılır. Universitetlər köhnə Sovet sistemindən tam imtina etməmiş Baloniya sistemini tətbiq etməyə başlayıblar və nəticədə yarımçıq və anlaşılmaz bir təhsil sistemi əmələ gəlib ki, bu da təhsil sahəsində ciddi problemlərə, bürokratiya və kütləvi korrupsiya hallarına münbit şərait yaradır.
Mən dəfələrlə demişəm ki, Azərbaycanda Dövlət universitetləri təmərküzləşməlidir. Məsələn texniki təhsil verən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası vahid mərkəzdə birləşməlidir. Belə təmərküzləşmiş sistem təhsilə müsbət təsir göstərəcək, eyni zamanda, birləşmiş elmi işçi heyəti arasında düzgün seçim etmək və günün standartlarına cavab verən professor müəllim kontingentinin seçilməsinə imkan yaratmaqla təhsili daha effektiv etmək olar. Bu eyni zamanda özəl sektorun da inkişafına, təhsil sistemində ödənişli əsaslarla təhsil təklif edən universitetlərin artmasına və onlarda təhsilin keyfiyyətinin yüksəldilməsinə stimul verəcək.

Azərbaycan üçün gənc nəslin tərbiyəsi ilə məşğul olacaq müəllim hazırlığı da xüsusilə dövlətin nəzarətində olmalı, universitetlərdən müvafiq pedaqoji fakültələr vahid universitet şəklində birləşdirilməlidir.

Azərbaycan təhsil sisteminin ciddi islahatlara ehtiyacı var, Azərbaycan gənclərinin savadlı yetişməsi üçün hər kəs öz məsuliyyətini dərk etməli və ciddi cəhdlə çalışmalıdır”.