Latviyalı həmkarı Ziya Məmmədovu pis vəziyyətə saldı

latviyali-hemkari-ziya-memmedovu-pis-veziyyete-saldi
Oxunma sayı: 693

“The Baltic Course” internet dərgisində yer alan məlumata görə, avqustun 22-də mətbuat konfransı keçirən Latviyanın nəqliyyat naziri Uldis Auqulis ölkəsində elektirk və dizel qatarlarının yenilənməsindən danışarkən istismardan çıxarılacaq qatarların bir hissəsini bəzi MDB ölkələrinə, o cümlədən Azərbaycana satacaqlarını deyib: “Məsələn, Azərbaycanın nəqliyyat naziri bu günlərdə Riqaya səfəri zamanı həmin qatarları almağa maraq göstərib”.

Nazir həmin qatarların qalan hissəsinin də ləğv olunacağını, yəni “metalloma” veriləcəyini bildirib.
Ziya Məmmədovun almağa maraq göstərdiyi həmin qatarların istismar müddəti 30 il göstərilir. Onların ən sonuncuları isə 1988-ci ildə istehsal olunub. Deməli, Azərbaycanın almaq istədiyi qatarların ən yaxşı halda 7 il istismar müddəti qalıb. Amma məsələnin bu müddəti qısaldacaq başqa bir məqamı da var.
Belə ki, Latviya tərəfin məlumatına görə, yeni qatarlar 2013-cü ilin sonundan istifadəyə veriləcək. Bu isə Latviyanın istismar müddəti bitməkdə olan qatarları ən tezi 2 ildən sonra sata biləcəyi anlamına gəlir. Yəni, Azərbaycan hökuməti Ziya Məmmədov bəyəndiyi qatarları alanda, əlbəttə ki, əgər alacaqsa onların istismar müddətlərini başa vurmalarına 5 ildən tez vaxt qalmayacaq.
Ziya Məmmədovun bir neçə ildən sonra tamam yararsız olacaq qatarları alıb Azərbaycana gətirmək istəyinin arxasında hansı sirli məqsədlərin durduğu isə maraqlı və başqa bir mövzudur.

Azadlıq