““Lazım gələrsə” nə deməkdir? Lazımdır də, al”- Müsahibə

lazim-gelerse-ne-demekdir-lazimdir-de-al-musahibe
Oxunma sayı: 734


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilin yekunları ilə bağlı Teleqraf.az-a müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir.



- Ölkənin ictimai-siyasi həyatı baxımından 2011-ci il necə keçdi?

- 2011-ci il də digər illərdən fərqlənmədi. Artıq 20 ilə yaxındır ki, təqvimdəki illərə rahat yekun vura bilmirik. Bu mənada 2011-ci il də itirilmiş illərdən biri kimi yadda qaldı. Yaşadığımız illər, problemlərin həlli ilə bağlı müzakirələr aparanda çox vaxt adam başını yuxarı qaldıra bilmir. Doğrudur, siyasilər pessimistlikdən qaçırlar, amma fakt faktlığında qalır. 2011-ci il Quzey Azərbaycan tarixində ağır, problemlərin həll olunmadığı illərdən biri kimi yadda qaldı. Kimsə nəsə tapıb deyə bilər. Məsələn, biz deyə bilərik ki, partiyamızın qurultayını keçirdik. Bir başqası isə beynəlxalq mahnı yarışmasında birinci yer tutduğumuzu deyə bilər. Birisi də BMT TŞ-də qeyri daimi üzv seçilməyi Azərbaycanın uğuru hesab edə bilər. Amma bu hakimiyyət yalnız özünü və partiyasını düşünənlərin olduğu üçün hətta BMT-nin baş katibi yerini də alsaq doğru-düzgün fəaliyyət alınmayacaq. Reallıq budur ki, torpaqlarımız işğaldan azad olunmayıb, problemlərimiz daha da artıb, irəliləyiş əldə olunmayıb. Odur ki, 2012-ci ilə problemlərimizlə gedirik. Lakin ümidsiz də olmamalıyıq.

- 2012-ci illə bağlı konkret gözləntiləriniz nədir?

- Bir iş görə bilməsək çətin olacaq. Sizə bir fakt deyim. Hər gün işə Sumqayıtdan gəlirəm. Dekabrın 24-də Sumqayıtda böyük bir bayram əhval-ruhiyyəsi vardı. Mənə belə gəlir ki, dövlət başçısını ya informasiya blokadasında saxlayırlar, ya da o, hər şeyi bilir, amma heç nə edə bilmir. İcra başçısı onun təyinatı ilə bu vəzifəni tutub, amma ona qeyri-ciddi münasibər bəsləyir. Sumqayıtın icra başçısı dövlət başçısının ad günü ilə bağlı 50 metr uzunluğunda tort bişirtdirir. Həmin gün işə gələrkən Qarabağ qazilərindən biri mənə zəng edib deyir ki, övladları həftənin beş günü dərsə getməli olduğu halda dövlət başçısının ad günü uşaqları məktəbə çağırıblar. Özü də deyiblər ki, tort şənliyinə gedəcəyik, hərəniz bir manat götürüb gətirməlisiniz. Yaxud ad günündən iki gün əvvəl Ramiz Mehdiyev çıxışında deyir ki, İlham Əliyev dahidir. Bu adamlar kimi ələ salırlar? Ya o dahidir bizim xəbərimiz yoxdur, ya da Prezident Adminstrasiyasında hansısa əməllər var ki, bunu «dahi» sözünün altında gizlədirlər. Bütün bunlar qəribə şeydir və dünyanın nəyin peşində olduğu, onların nəyin arxasınca getdiyi gülüş doğurur. Yaxud ötən həftə Azərbaycan parlamenti Fransa Senatının qəbul etdiyi qanun layihəsini müzakirə etdi. Çox maraqlıdır ki, hamı danışır, amma real təkliflər ortaya qoyulmur. Partiya olaraq biz təklif edirik ki, Azərbaycan bu məsələdə Türkiyəni tək qoymasın.
Bu yaxınlarda Sarkozi Bakıda olarkən hörmətli Mehriban Əliyevaya Fransanın “Şərəf Legionunun Zabiti” ordenini verdi. Təklif edirik ki, bu ordendən imtina olunsun. Həmçinin, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunu ləğv etsinlər. Azərbaycanın tələbi ilə Fransa ATƏT-in Minsk Qrupunun tərkibindən çıxarılsın. Azərbaycan-Fransa arasındakı iqtisadi, siyasi, mədəni münasibətlərə son verilsin. Bütün bunlar baş verərsə, konkret iş görüldüyünü demək olar. Yoxsa ortalıqda heç bir konkret addım olmadan hamı yalan danışır.
Digər tərəfdən, biz 2012-ci ilə dağıdılıb yeyilmiş və dağıdılıb yeyilməsi nəzərdə tutulan bir büdcə ilə gedirik. Eyni zamanda, növbəti ilə əsgər ölümləri ilə gedirik. Bundan sonra nələr olacağına da heç kimin təminatı yoxdur. Əsgər ölümləri ilə rekord vurması müdafiə nazirinə bəs etmədi, hərbi qospitalda müalicə almış əsgərin Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərmək bəhanəsi ilə hava limanında canını almaqdan belə çəkinmədilər.
Dünyada baş verənlər mütləq Azərbaycan hakimiyyətinə də təsir etməlidir və növbəti ildə bütün bunlardan hökmən dərs almalıdırlar. Dərk etməlidirlər ki, bu həddə gəlib çıxmaq, ayrı - seçkiliyə yol vermək, mətbuat nümayəndələrini həbs etmək, öldürmək, qəzetləri bağlamaq, insanları çörəklə imtahana çəkmək yaxşı heç nə vəd etmir. Ən azı ona çalışmalıdırlar ki, təyin etdikləri icra başçıları onları xalqa söydürməsinlər. Ali təhsili olmayan bir polisi Yardımlının icra başçısı qoyublar. Həmin bu icra başçısı çıxışlarında deyirmiş ki, mənim adım Xəzərdir, X-nı atsan, “əzər”, Ə-ni atsan, “zər”, Z-nı atarsan “ər” qalar. Əslində bu adamın özünü vəzifədən bayıra atmaq lazımdır. Nə olsun ki, kimsə kiminsə dostudur. Bəs bu millətə ancaq düşmənçilik etmək lazımdır? Bəzi icra hakimiyyəti başçıları təyin olunduqları rayonlar haqqında- “filan rayonda kişi yoxdur” deyirlər. İtə sahibinə görə hörmət edirlərsə, o, qudurmamalıdır, quduz itə isə yiyəsi sahiblik etməlidir, yoxsa özünü də tuta bilər. Bu cür icra başçılarının əməllərinə görə nə qədər insanın dövlət başçısından üz çevirdiyini təsəvvür etmək çətin deyil. Belə siyasətmi olar? Görünür bu insanlar dünyanın bizə güldüyünün fərqində deyillər.
O ki, qaldı gözləntilərimə, arzum budur ki, heç olmasa 2012-ci ildə problemlərimizi həll edə bilək.

- Ölkədəki problemləri sadaladınız. Bütün bunların aradan qaldırılması üçün müxalifətin də üzərinə konkret vəzifələr düşür. Necə düşünürsünüz, növbəti ildə müxalifət əsasən hansı addımları atmalıdır?

- İstənilən bir işi görmək üçün birlik olmalıdır. Müxalifət bütün qüvvələrin birləşməsi üçün bir format tapmalıdır. Bu isə illərdir mümkün olmur. Bilirsiniz ki, milyonlarla insan, xüsusilə siyasi fəallar ölkədən kənardadır. Eyni zamanda, hakim komandada olan və diplomat adı ilə mədəni sürgünə göndərilmiş şəxslər var. Daxildə də də ayrı-ayrılıqda fəaliyyət göstərən qüvvələr, partiyalar mövcuddur. Bütün bu qüvvələr bir yerdə olmalı və birlikdə mübarizə aparılmalıdır. Bir araya gəlməsək də belə qüvvələrin fəaliyyəti konkret olaraq bir istiqamətə yönəldilməlidir. Problemlərdən yaxa qurtarmağın başlıca yolu qüvvəyə çevrilməkdir. Qüvvənin əlifbası da bir yerdə olmaqdır. Çalışmalıyıq ki, bunu reallaşdıra bilək.

- Yeni bir formatın yaradılması istiqamətində iş getdiyi barədə məlumatlar dolaşır. Doğrudan da belə planlar varmı?

- Bunun üzərində iş gedir. Biz istəyirik ki, bir hərəkat formalaşsın. Buna müxtəlif baxışlar var. Nəzərdə tutduğumuz insanlarla müzakirələri davam etdiririk. Bilirsiniz ki, əvvəl toplaşanda bu format səkkiz, sonra altı olub, növbəti toplantıda beş, son nəticədə isə biz üçümüz qalmışıq. Biz, ALP və VİP. İndi bizim qənaətimiz odur ki, nəzərdə tutduğumuz hərəkat yalnız üç partiyadan ibarət ola bilməz.

- Nəzərdə tutduğunuz hərəkatın adı da müəyyənləşdirilibmi?

- Hələlik konkret adını qoymamışıq. İşçi qrupumuz sənədlər hazırlayıb. ACP, BAP, Azadlıq , Aydınlar partiyasının rəhbərliyi, istiqlalçı millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif cəmiyyətlər, birliklərlə danışıqlarımız olub və müzakirələrimiz davam edir. Ortaq məxrəcə yaxınlaşmışıq. Amma onu da deyim ki, mətbuatda bu proseslə bağlı informasiyalarda bir qədər yanlışlığa yol verilib.

- Müsavat və AXCP-ni də bu hərəkata cəlb etmək nəzərdə tutulmur?

- Onlar özləri bunu istəmirlər. Hesab edirlər ki, onların hazırkı yeri daha uğurludur, və kim istəyirsə ora gəlsin. Biz isə daha geniş formatda, kənarda qalan bütün qüvvələrin də bir yerdə - hərəkatda olmasını istəyirik.

- Bu ilin əvvəlində siz yeni bir xalq hərəkatının yaradılmasının zəruri olduğunu bəyan etmişdiniz. Hazırda formalaşdırılması istiqamətində iş apardığınız da elə həmin hərəkatdır?

- Bəli. Sadəcə olaraq məsələləri sürətləndirən Lalə Şövkət xanımla danışıqlarım olub. Bundan bir neçə gün sonra isə Rəsul Quliyev də müqavimət hərəkatı yaratdığını bəyan etdi. Rəsul bəylə bu barədə danışıqlarmız olub. Hesab edirəm ki, bu müzakirələrin müsbət nəticəsi olacaq. ALP və VİP-in də danışıqlar apardığı qüvvələr var və biz qarşılıqlı şəkildə nəticələri bölüşürük. Cəmiyyətdə köklü dəyişikliklərin olmasını istəyən hər kəs müəyyən bir təşəbbüsün olmasını, bu istiqamətdə töhfəsini vermək istəyir. Biz demokratik seçki mühitinin yaradılması uğrunda hərəkatı gerçəkləşdirməliyik.

- Adını çəkdiyiniz partiyaların liderləri prezidentliyə iddialı şəxslərdir. Bir araya gəlirsinizsə onda namizədlik məsələsi necə tənzimlənəcək və bu, yenə də problem yaratmayacaq ki?

- Əslində bir arada olanların sayının azalmasının səbəbi də elə budur. İlk ideya bu olub ki, hədəf 2013-cü il olsun, ondan sonra bir arada olaq. Bu qəbul olunmayıb, çünki 2013-cü il, xüsusilə də prezident seçkiləri və namizədlik məsələsi hədəf ola bilməz. Adını çəkdiyim və çəkmədiyim şəxslər arasında prezidentliyə namizəd olacağını deyənlər də var, bunu hələlik gündəmə gətirməyənlər də. Əsasən nəzərdə tutulur ki, 2013-cü il, üstəgəl prezident seçkilərinə qədər birgə fəaliyyət göstərilsin. İstəyimiz həm də budur ki, heç olmasa prezident seçkilərinə qədər bir arada olaq. Hətta seçkidə bir neçə namizədlə iştirakımız işimizə mane olmayacaq.

Biz başlanğıcda Vətəndaş Hərəkatı Forumunun «Demokratik Seçki Mühitinin Yaradılması Uğrunda» hərəkatın yaradılması təklifini dəstəkləmişik. Hər kəs demokratik seçki keçiriləcəyi təqdirdə qələbəyə yaxın olur. Deməli, əvvəlcə demokratik seçki mühitinin yaranmasına nail olmalıyıq.

- Sonda liderlər seçkiyə ayrı-ayrılıqda gedəcəksə, onda bu necə birlik olur?

- Bu həqiqətən də birlik olmur... Biz birlik yox, hərəkat yaradırıq. Həmin ərəfədə bu insanları ya sizlərin sualları yönəldəcək, ya da suallara qədər bu işlər həllini tapacaq. Hər halda bu məsələlərin asanlıqla həllini tapacağı qənaətindəyik. Görünür bu məsələ hələ müzakirə mövzusu deyil deyə rahat danışırıq. Zamanı gələndə bəlkə siz dediyiniz situasiyadan da ağır bir vəziyyət yaranacaq, həlli mümkün olmayan məsələ ortaya çıxacaq. Amma ümid edirəm ki, hərəkatın tərkibində belə halların baş verəcəyinə inanmıram. Ən azı bunlar əvvəlcədən nəzərə alınıb.

- Bir namizədin müəyyənləşməsi variantı necə, nəzərdən keçirilibmi?

- Xeyr, bu variant ümumiyyətlə yoxdur. Bu məsələni birinci müzakirədən çıxarmışıq. Bizim tarixi təcrübəmiz var və əgər biz bu formatı alındıra bilsək, onda Azərbaycana 1992-ci ilin siyasi havasını gətirmək mümkündür. Onda artıq kimin qüvvəsinin nə qədər olduğu, kimin kimə güzəştə getməsi aydınlaşacaq.
1992-ci il prezident seçkiləri ilə bağlı keçirilən teledebatda Əbülfəz bəydən başqa digər namizədlər iştirak edirdi. Namizədlərdən biri «sizə can sağlığı, Əbülfəz bəyə də uğurlar. Prezident Əbülfəz bəy olacaq, ona görə də hər kəs öz işi ilə məşğul olmalıdır» -dedi.

- 2013-cü il prezident seçkilərində ilk dəfə olaraq namizəd kimi iştirak edəcəksiniz. Özünüzdə kifayət qədər güc hiss edirsinizmi?

- Zaman gələr bu istiqamətdə danışarıq. Acılı-şirinli təcrübəmizi, keçdiyimiz yolu nəzərə alanda bizimlə yarış çətin olacaq! Hazırda hərəkatın yaradılması istiqamətində iş aparıldığından mənim üçün bu məsələ hələ ki, arxa plandadır.

- Hər halda namizəd olacağınızı bəyan etmisiniz. Maraqlıdır, seçkidə xalqa nə vəd edəcəksiniz?

- Mən vəd etməyəcəm, iş görəcəm.

- Əvvəlcə vəd verilir…

- Mən indidən bir təklif irəli sürürəm. Dünyanın hər yerində də bu qaydalar var. Avropada da, Amerikada da vətəndaşlar kimin namizəd olacağını əzbər bilirlər. Həmin ölkələrdə namizədlər təmiz, şəffaf keçmişə malik və alnı açıq şəkildə danışa bilən şəxslər ola bilir.
Bütün ölkələrdə gəlirlər haqqında deklorasiya doldurulur. Bizim heç birimiz valideynlərimizə görə cavabdeh deyilik, amma valideynlərimiz bizə görə cavabdehdir, hər birimiz də övladlarımıza görə cavabdehik. Mən təklif edirəm ki, hər kəs çox rahatlıqla başqa bir sənəd doldursun və orada valideynlərinin kimliyini qeyd etsin. Bunlar ortaya qoyulduqdan sonra kimin daha güclü olduğu, yarışmağa kimin haqqı çatdığı bəlli olacaq. Bu milli, dini, irqi ayrı-seçkilik deyil. Bu sadəcə olaraq vətənə, millətə kimin daha bağlı olduğunu, kimin bu vətənin əsgəri, əfəndisi olmağa haqqı çatdığını göstərəcək. Digər bir məsələ isə Milli Məclisə seçilənlərin də and içməsi ilə bağlıdır. Bu barədə 2010-cu ildə çox danışdıq.

- Əgər azad və ədalətli seçki mühitinin yaradılmasına nail olsanız , belə bir şəraitdə İlham Əliyevə neçə faiz səs üstünlüyü ilə qalib gələ bilərsiniz?

- Burda məsələ bir qədər qəlizdir. Qəlizlik ondadır ki, sistemdə heç bir dəyişik olmasa, hakimiyyət «Qurandan köynək geyinsə» də ona heç kim inanmaz. Demokratik seçki olması da mümkün deyil. Hətta, Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən seçkilərdə və indiki Seçki Məcəlləsilə də ilə bizim qalib gəlməyimiz mümkündür. Ümumiyyətlə isə, demokratik seçki keçirilərsə İlham Əliyev 3-cü yeri tuta bilər.

- Rusiyada baş verən hadisələrə dair fikirləriniz də maraqlıdır. Necə düşünürüsünüz, doğrudanmı Putin hakimiyyətinin sonu çatıb?

- Rusiyada hələlik inqilabi situasiya yoxdur. Bizim politoloqlarımız prosesləri daha çox öz istəklərinə uyğun təhlil edirlər. Bizim təhlilçilərimiz Medvedevin Putinə hakimiyyət ötürməsini elə şərh edirlər ki, qəribə görünür. Əvvəla Putin hakimiyyətə necə gətirilib hamı bilir. Bu, Rusiyanın ənənəvi tarixi siyasəti baxımından uğurlu seçim olub. İndi isə hakimiyyətin ötürülməsi oyunu birmənalı qəbul olunmur. Əslində Rusiya bu siyasəti 1993 və 2003-cü illərdə Azərbaycanda həyata keçirib. 1993-cü il qiyamında birbaşa iştirak edən Rusiyanın ssenarisi son nəticədə - 2003-də hakimiyyətin ötürülməsinə - İlham Əliyevin hakimiyyətə gətirilməsinə hesablanmışdı. Bu prosesdə Rusiya, Amerika və Türkiyənin iştirak etdiyini hamı bilir. Azərbaycanda keçirilən sonrakı bütün seçkilərdə də rəsmi Moskvanın senarisi mühüm rol oynayıb.
2005-ci il parlament seçkilərində namizəd olduğum 45 saylı dairədən Ruşaylonun Oqtay Əsədovu neçə seçdirdiyinin şahidi olmuşam.
Bundan sonra nə olacağına gəldikdə, Əbülfəz bəy vaxtı ilə demişdi ki, Rusiyada elə bir vəziyyət yaranacaq ki, o, Qarabağın harada yerləşdiyini belə unudacaq. Görünən odur ki, həmin zaman yaxınlaşmaqdadır. Putin hakimiyyətdə qalarsa, o, əvvəlki Putin olmayacaq. Parlament seçkilərinin nəticəsi ilə bağlı hakim partiyanın təmsilçisi kimi Qrızlov çıxış edir və bir neçə gündən sonra o, mandatdan imtina edir. Maraqlıdır, nə baş verdi, axı bir neçə gün əvvəl qələbəni qeyd edirdilər. Əgər üç aydan sonra vəziyyət yaxşı olacaqsa, onda nədən belə addım atılır? Mandatdan imtina inqilabların, böyük dəyişikliklərin qarşısını almaq üçündür. Yəqin ki, burada russayağı başqa bir şey olacaq. Rusiyada vəziyyətin necə olacağı ABŞ-ın, Avropanın mövqeyinin necə olacağından asılıdır. Amma istədiyi vaxt istədiyi addımı da ata bilər. Yeltsinin “Ağ Ev”in qarşısına tankın üstündə gəlməsini xatırlayın. Onda da vəziyyət başqa idi, amma adını belə qoydular ki, demokratiya qurban tələb edir. İndi məsələ tam bitmədiyindən vəziyyətin necə olacağı bilinmir. Hesab edirəm ki, bundan sonra çox ciddi razılaşmalar dövrü olacaq. Artıq Putin və Medvedev dərslərini alıblar və onlar bu dərslərdən nəticə çıxaracaqlar.

- Fransanın Türkiyəyə qarşı tutduğu mövqeyə etiraz olaraq Azərbaycanın atmalı olduğu addımları sadaladınız. Necə hesab edirsiniz, bu addımlar Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanla kifayət qədər isti münasibətləri olan İrana qarşı da atılmalıdırmı?

- Əlbəttə ki, atılmalıdır. Amma bunu etməyəcəklər. Azərbaycan hakimiyyətini təhqir edirlər, bayrağımızı gözlərinin qarşısında baş-ayaq asırlar, amma bütün bunlara reaksiya vermək cəsarətləri çatmır. Azərbaycanın hava, su məkanı sərhədləri pozulur. Astaradan Salyana kimi bütün ərazilərimizdə «ETALLAT» işləyir və biz hamımız da bunu bəyan edirik. Hakimiyyət isə bütün bunların qarşısında özünün acizliyini etiraf edir. Tək bircə dəfə İlham Əliyev «Mən 50 milyonluq azərbaycanlıların prezidentiyəm»-dedi, amma ondan bir addım o yana gedilmədi.
Onsuz da İranla normal münasibətlərimiz yoxdur və bizim ötürdüyümüz mesajları hakimiyyət kimlərəsə demək cəsarətində deyil. Amma iqtisadi, siyasi, mədəni əlaqələr var. Naxçıvan və digər ərazilər vasitəsilə gediş-gəliş olsa da insanlarımızın həddən artıq incidilməsi halları ortadadır. Onların siyasəti şovinist xarakter daşıyır, bu məsələ də qoyulsa, onda problem bir qədər də tündləşər.

- Qarabağla bağlı hakimiyyətin yürütdüyü siyasət ciddi tənqid olunur. Maraqlıdır, hazırda siz hakimiyyətdə olsaydınız müharibə edərdiniz?

- Bunun cavabı olduqca sadədir. Bizim qarşımızı alan heç bir beynəlxalq öhdəlik yoxdur. Əgər sən müdafiə nazirisənsə, ölkənin sərhədləri daxilində söz sahibisənsə, deməli, sən torpağı işğaldan azad etməlisən.
Xarici İşlər Nazirliyi də öz işini görməlidir.
İldırım sürətli müharibə ilə çox qısa müddətdə torpaqları işğaldan azad etmək mümkündür. Müharibəni bəyan etmirlər ki. 20 ildir biz müharibə şəraitindəyik. Hər gün atəşkəs rejimi pozulur. Az qala hər gün şəhid veririk. Nə vaxt biz müharibəyə başladıq ki, bizə imkan vermədilər? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu bəyan edirsən, o zaman bunu əlində əsas tut və get torpaqlarını işğaldan azad elə . «Lazım gələrsə» nə deməkdir? Lazımdır də, al. Bunu etmək mümkündür, sadəcə istək yoxdur. İstək yoxdur deyə, məsələn Qarabağ Azadlıq Təşkilatı hər hansı bir məsələ ilə bağlı etiraz edəndə də onun qarşısını kəsirlər. Özünüz müharibəyə başlamırsınız , partizan hərəkatına mane olmayın. Əsgər olmayan adam komandir ola bilməz.
İngiltərənin baş naziri Marqaret Tetçer Azərbaycana səfəri zamanı Əbülfəz bəyə deyirdi ki, İngiltərə adalarla bağlı məsələni parlamentdə müzakirəyə çıxarsaydı məqsədinə çata bilməzdi. Yəqin hələ də müzakirələr davam edərdi.
Erməni onsuz da istəyinə çatıb, Qarabağ işğaldadır.
Biz yenidən səfərbər olub, torpaqlarımızı azad etməyə gedirik. Kim bunun qarşısını ala bilər? Torpaqlarını geri qaytarırsan və ondan sonra bəyan edirsən ki, gəlin danışaq. Onda görün ermənilər necə danışacaqlar.

- Bu il Qurultayınızı keçirdiniz. Partiya daxilində müəyyən kadr dəyişiklikləri aparıldı, bəzi yeniliklər oldu. Bunun müsbət təsirlərini görürsünüzmü?

- Proses hələ başa çatmayıb. Biz partiyamızın inkişaf proqramını hazırlamışıq və bu sənəd bütün mərhələləri keçib, əsasən qəbul olunub.
Biz 2003-cü ildə iki tezisimiz vardı: partiyanı qoruyub saxlamaq və inkişaf etdirmək. Bu dəfəki Qurultayımızda partiyamızı qoruyub saxladığımızı deyə bildik. İndi isə partiyanı inkişaf etdirmək lazımdır. Kadr dəyişikliyi, islahatların aparılması istiqamətində də proseslər gedir. İnşallah bu millət üçün, bərpasında iştirak etdiyimiz bu dövlət üçün partiyamız hələ çox işlər görəcək.

“Teleqraf.az”