Lənkəran polisi, hardasan ?

lenkeran-polisi-hardasan-
Oxunma sayı: 656

İki gün əvvəl evdə “Xəzər” televiziya kanalının xəbərlərini izləyirdilər. Xəbər blokunda həmişəki kimi yol qəzaları yer alırdı. Məzəli təqdimatda, fon musiqisi əksik olmayan xəbərdə yüksək sürətlə hərəkət nəticəsində toqquşan avtomobillərdən söhbət gedirdi. Hər dəfə eşidəndə adamı dilxor edən bu xəbərdə yenə də ölənlər, yaralananlar vardı. Ölənlər baba və on dörd yaşlı nəvə idi. Dindirilən şahidlər həmin yeniyetmənin sükan arxasında olduğunu, bu səbəbdən maşının “uçduğunu” bildirirdilər. Axırı, bu qədər öyrəncəkli olduğumuz qəza və ölümləri heç kəsə dərs olmur ki, olmur. Heç olmaz da. Hələ söhbət gedən süjetin sonrasına baxın.

Aparıcı ölüm xəbərli qəzanın ardınca “4 yaşlı avtoş”un qəhrəmanlığından gülə-gülə bəhs etdi. Onun sözündən belə çıxdı ki, bir az əvvəl xəbəri verilən faciəli qəzanın ardından bu məlumata sevinməli idik. Süjetdən məlum oldu ki, Lənkəranda yaşayan Sadiq adlı uşaq hələ iki yaşından maşına həvəs (normal balaca oğlan uşaqları kimi) göstərib. Əlbəttə ki, bu qeyri adi hal deyil. Azərbaycanlı ailəsi arzuladığı, başına döndüyü, həmişə sevib-seçdiyi oğlan övladalarına hələ az yaşlarında xarici avtomobil markalarını əzbərlətməyi hədəfləyir. Burda istisnaları da qeyd edirəm. “Bir az böyü sənə də maşın alacam”, “atan sənə bir maşın alacaq ki, gəl görəsən” və s. kimi şirnikləndirici vədlərin şahidi də olmuşuq. Məsələ ondadır ki, Sadiqin atası bu vədləri vermək və oğluna böyüyəndə maşın almaq işində xeyli tələsib. Hələ dörd yaşında olan uşaq sükan arxasına keçib gün ərzində atasının maşınını Lənkəran küçələrində rahatlıqla sürür. Düzü, xəbəri eşidən hər kəs bu yaşda uşağın maşın sürməyini yox, maşında oturub ən uzağı onu tərpətməsini fikirləşər. Amma yox. Bu kişinin oğlu hər gün dəfələrlə ailə üzvlərindən tutmuş, qohum, qonşunu balaca canı ilə ora-bura, hətta dənizə daşıyır. Bu barədə süjetdə yer alan, danışdırılan şəxslər deyirlər. Şəxsən mənə qəribə gələn odur ki, “Xəzər” TV-nin reportyoru da bərkgedən balaca avtoşdan müsahibəni elə maşın hərəkətdə olan zaman alıb. Başqa sözlə, bu jurnalist etibar edib, dörd yaşlı uşağın sürücüsü olduğu maşında rahatca gedib. Buna Əzrayılla oynamaq deyirlər. Avtoşun atası isə balası ilə fəxr edir. Bunu az qala dünyada ən böyük xoşbəxtlik hesab edir. Vallah, bu atada canavar ürəyi var. Və əsil ailə “başçısı”dır ki, ana ürəyinin narahatçılığını heçə sayır, və ya ailədə hamı onun ağlındadır. Bilmir ki, hələ bağça yaşında olan bu uşağı “körpə avtoş” kimi əzizləyib sükan arxasına buraxmaq əvəzinə ona bir gün hansısa maşına, və ya dirəyə girəcəyini də başa salmaq lazımdır. Balacanın jurnalda şəkilləri vərəqləmək, nağıldan, şerdən öyrənmək vaxtıdır. Yaxud, pultla maşın idarə etmək, maşın şəkillərini rənğləmək zamanıdır. Yoxsa, ata-bala qarşıdan gələn avtomobilləri də çaşbaş, təhlükəli vəziyyətə salmağıyla fəxr edir. Uşaqdı da, qanmır da, qanmır. Bircə onu dəqiq bilirəm ki, hamı bu atanı qınayır. Bu uşağın fərasətini pafosla reklam və təbliğ edənlər də onlardan geri qalmır. Tutaq ki, telekanal maraqlı və ağlasığmaz uşağın maşın sürməyini bizə göstərdi. Bəs sonra?

Ən əvvəl bu xəbərdən sonra maşın sürmək həvəsində olan gənclər bir az da qızışacaq. “Hə də, balaca uşaq maşın sürür mənə nə gəlib”, deyəcək. Dörd yaşlı uşaqlarsa “mən də maşın sürmək istəyirəm” arzusu ilə valideynlərini bezdirəcək.

Bəs polisimiz? Onlar Lənkaran küçələrində avtoşluq edən bu balacaya nə qiymət verirlər? Bu uşağın o baş, bu başa maşın sürməyinə niyə göz yumurlar? Olmaya onlar da öz yerli avtoşu ilə fəxr edirlər. Başqa vaxt sürücünün yanında əyləşən azyaşlı uşağı görəndə təşvişə düşürlər. O, dəqiqə qeydimizə qalıb, şəxsi avtomobili saxlatdırırlar. Deyirlər, qarşı oturacaqda azyaşlını oturtmaq təhlükəlidir. Bəs indi? Bu balaca uşağın iri avtomobildən oyuncaq kimi istifadə etməsi, piyadalara, polislərə meydan oxuması yola məsuliyyət daşıyanların nə əcəbsə, gözünə dəymir. Özbaşnalıq edən balaca isə böyük şöhrət tapıb. Saytlarda, kanallarda yalnız ondan bəhs edirlər.

Balaca avtoşun “fərasatini” nümayiş etdirəcək videonu bura yükləmək istəyərdim. Heyif ki, videonun açılması mümkün olmur. Deyəsən, hamının qınaq atəşinə tutulan bu video internetdən yığışdırılıb.

Fikirləşə-fikirləşə sosial şəbəkədə bir neçə lənkəranlının söhbətinin şahidi oldum. Onlar da bu barədə fikirlərini bildirirdilər. Hətta yalan- doğru məlumatları da çatdırdılar. Biri deyirdi, guya balaca avtoşun atası polis məntəqəsinə çağırılıb. Səbəb azyaşlı uşağına nəzarətsiz davrandığı və asayişi pozaraq təhlükəli vəziyyət yaratmağı olub. Digər məlumata görə isə, həmin uşaq hələ də Lənkəran küçələrində öz “işini”görür.
Ya səbir...