Leyla Əliyeva iftar verdi

leyla-eliyeva-iftar-verdi
Oxunma sayı: 638

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi bu il də Rusiya Müftilər Şurasının Moskva hökumətinin dəstəyi ilə həyata keçirdiyi “Ramazan çadırı” xeyriyyə və mədəni-maarif layihəsində iştirak edib. “Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın adından iftar süfrəsi açılmış və Azərbaycan Respublikası Günü keçirilib.

Azərbaycan diasporunun nümayəndələrinin, gənclərin, müxtəlif xalqların təmsilçilərinin iştirakı ilə təşkil olunmuş gecənin əvvəlində “İxlas” Fondunun sədri Anas Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyətindən və oruc tutmağın faydasından danışmışdır. Müqəddəs Qurani-Kərimdən surələr oxunmuş, axşam namazı qılınmışdır. Sonra həmvətənlərimiz və Moskva müsəlmanları iftar açmış, Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, artıq bir neçə ildir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan bu layihədə iştirak edir. Fondun əməkdaşı deyib: “Ənənəyə görə, Leyla xanım Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayının müəyyən günü iftar süfrəsi açılır. Həmin gün oruc tutanlar Azərbaycan mətbəxinin ləziz nümunələrindən dadmaqla yanaşı, milli musiqimizi dinləyir, şeirlər oxuyurlar. Bu gün də iftar süfrəsinə gələnlər “Ramazan çadırı” qarşısında açılmış “Azərbaycan” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın foto ustalarının çəkdiyi və Bakının füsunkar mənzərələrinin, Azərbaycanın görməli yerlərinin əks olunduğu fotoşəkillər, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş çap məhsulları nümayiş etdirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan haqqında videoçarx da xüsusi maraq doğurub”.

Qeyd edək ki, iftar süfrəsi 600 nəfər üçün nəzərdə tutulub.
Tədbirdə iştirak edən azərbaycanlı gənclər və qonaqlar dindarlara göstərdiyi diqqət və qayğıya, xalqımızın dini adətlərinə ehtiramla yanaşdığına görə Leyla xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Həmvətənlərimiz bayram süfrəsinin açılmasını milli adət və ənənələrimizə qayğı kimi qiymətləndiriblər.