“Leyla Əliyeva məni çox təəccübləndirdi”- Müsahibə

<b>“Leyla Əliyeva məni çox təəccübləndirdi”-<font color=red> Müsahibə</b></font>
Oxunma sayı: 288

Təbii ki, oradakı məhbus E.Fətullayevin fotosuna. Həmkarımız vaxtı itirmədən, operativ şəkildə öncə stenddəki şəklini qoparır, ardınca da stendin qarşısında canlı şəkil çəkdirir. Sonra isə “Yeni Müsavat”çıların hamısına bir-bir təşəkkür edərək, “siz mənim fədakar bacı və qardaşlarımsınız”, deyən Eynulla bəy türmədə ikən ən böyük dəstəyi həm də “Yeni Müsavat”çılardan gördüyünü bildirir...

Ardınca isə gözlənilən söhbət. Baş redaktor Rauf Arifoğlu, redaktor Xalid Kazımlı və bu sətirlərin müəllifinin iştirakı ilə baş tutan debatı R.Arifoğlu açır.
Eynulla Fətullayevin tükürpədici həbsxana xatirələri

- Eynulla bəyin azadlığa çıxması ilə bağlı bütün ürək sözlərimizi, sevincimizi artıq paylaşdıq. Mənimçün maraqlıdır ki, azadlıqdakı son 4 gün 4 ilin acısını çıxarmağa yetdimi? Nələr yaşadınız bu 4 gündə, onları neçə gün kimi yaşadınız?


Eynulla Fətullayev:
- Bir daha fürsətdən istifadə edərək, “Yeni Müsavat”ın kollektivinə, qardaşım Rauf Arifoğluna təşəkkür edirəm. Məncə “Yeni Müsavat”, “Azadlıq” qəzetləri, Turan agentliyi, mediaforum saytı, “Zerkalo” qəzeti həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya nümayiş etdirdi ki, həmkar həmrəyliyi necə olmalıdır. Ona görə mən yaxşı mənada mütəəssir oldum... Bu 4 gün ərzində həbsxananın acı və ağrıları üzə çıxmaqdadır. Həbsxanada insan xəstələnsə də, ağrısa da, 24 saat ərzində daim mobilizə olunur. Açıq deyirəm ki, bəlkə 4 il ərzində doyunca yatmamışam. Belə bir söz var ki, türmədə yatdın, batdın. Xüsusilə də bizim vəziyyətimizdə. 4 il ərzində mən oyaq yatmağa vərdiş etmişəm. Hansı ki, yatmağı sevən adamam. Ona görə də böyük əzab idi. Amma mən həbsxanada olarkən bu haqda danışmamışam. İstəmirdim, kimsə mənə görə təəssüflənsin, mərhəmət haqda danışsın. Çünki həbsxanada, xüsusən də mənim kimi girov statusunda olanda bu, ağrılıdır. Ona görə də zaman olub ki, mən 6-7 ay ciddi şəkildə müalicə olunmuşam, ciddi xəstəliklərim olub. Amma bu haqda danışmamışam. Heç valideynlərimə də deməmişəm. Bizdəki həbsxanalar orta əsr feodal həbsxanasıdır... Məni bir ara tez-tez karserlərə salırdılar.

R.Arifoğlu:
- Hansı bəhanələrlə salırdılar?

E.Fətullayev:
- Müxtəlif bəhanələrlə. Məsələn, həyətdə siqaret çəkdin. Yastığı aşağı qoymusan, çarpayının başına yox. Və yaxud 07. 03-də ayağa qalxmısan, halbuki saat 6-da oyanmalıydın. Yəni, mən elə düşünürəm ki, xüsusi bir proqram cızılmışdı mənimçün. Bununla hərəkət edirdilər.

R.Arifoğlu:
- Xüsusilə harada edirdilər?

E.Fətullayev:
- Deməliyəm ki, 12 saylı cəzaçəkmə müəssisəsində xüsusilə bunu edirdilər. 1 il 9 ay ərzində. Oranın çoğrafi, klimatik şəraiti də çox ağırdır. Amma mübarizə aparırdıq. Mənə kitablar kömək edirdi. Bilirsiniz ki, həbsxanada hər bir məhkumun stolüstü kitabı var. Kimdəsə “Qurani Kərim”, kimdəsə “İncil” idi...

R.Arifoğlu:
- Bəs sizdə hansı kitab idi?

- Məndə Soljenitsının “Qulaq Arxipelaqı” kitabı idi. Mən ondan ilham alırdım. Bəzən çətin məqamlar olurdu. Bəlkə insan ölmək istəyirdi, elə anlar da yaşayırdım. Dərhal Aleksandr Soljenitsına müraciət edirdim. Kişilər 30-cu illərdə buna dözüblər. Onları çox ağır şəraitdə, Sibirdə qarın, düzün ortasına atıb ağır şəraitlə üzbəüz qoyurdular. Onlar yaşayıb, bu sınaqdan çıxırdılar.

Xalid Kazımlı:
- Səndə “İvan Denisoviçin bir günü” əsəri də vardı?

E.Fətullayev:
- Var idi, var idi.

X.Kazımlı:
- Sizin gününüz İvan Denisoviçin bir günündən ağır olası deyildi ki?

E.Fətullayev:
- Bəli, haqlısınız.

R.Arifoğlu (zarafatla):
- Allah eləsin, bunu gələcəkdə heç bir jurnalist özü üçün təsəlli etməsin...


E.Fətullayev:
- Hətta Soljenitsın orda yazırdı ki, bizim ən böyük arzumuz qapalı həbsxana idi. Çünki orda iş yox idi, ən azı uzanıb, kitab oxumaq olurdu.

R.Arifoğlu:
- Sizə qarşı təzyiqlər daha çox hansı ərəfələrdə intensivləşirdi? Xaricdən bəyanatlar, təzyiqlər artanda, vəkilləriniz sizin vasitənizlə açıqlama verəndə, yoxsa..?

E.Fətullayev:
- Mən 2008- ci ildə 12 saylı cəzaçəkmə müəssisəsinə gəldim. 2008-ci ilin əvvəllərində məni çox incitdilər. Xüsusilə ilk 8-9 ay mənə qarşı münasibət çox sərt oldu. Amma maraqlıdır ki, Avropa Məhkəməsi ilə kommunikasiyalar başlayandan sonra mən artıq özümə münasibətin yumşaldığını hiss etdim. Yumşaqlıq 2008-ci ilin sentyabrından başladı.

Xalid Kazımlı:
- “Qulaq Arxipelaqı” söhbətindən uzaqlaşmamış bir şeyi soruşum. Orada qərbi ukraynalıların çuğullara qarşı üsyanı var. Siz karserdə, zonda çuğullara qarşı nə cür mübarizə aparırdınız? Və o çuğullar nə dərəcədə təsirli idi sizin həyatınızda?

E.Fətullayev:
- 12 saylı cəzaçəkmə müəssisəsi sərt rejim qaydaları ilə idarə olunurdu. Ora cərimə zonu, Qobustan üçün hazırlıq zonu hesab olunurdu. Orda hansısa məhkum islah olunmursa, onu Qobustan həbsxanasına göndərirdilər. Mənə də bir neçə dəfə deyilmişdi ki, göndərilmək üçün sənin də qovluğun hazırdır. Bütün bu prosesi yəqin ki, Avropa Məhkəməsi ilə kommunikasiyalar dayandırdı. O ki qaldı, kriminalitetə, hələ “qulaq” dövründən siyasi məhbuslarla kriminal arasında münasibətlər horizontal idi. Siyasi məhbuslar kriminalitetin, kriminalitet isə siyasi məhbusların işlərinə müdaxilə etmirdilər. Mən də çalışırdım, Sovet siyasi məhbuslarının dəst-xəttini davam etdirim. Ona görə də məhkumların işlərinə, ümumiyyətlə, həyatına qarışmayım. Mən özümə ayrıca dünya yaratmışdım.

R.Arifoğlu:
- Yazırdınızmı?

E.Fətullayev:
- Hər gün, daim. Belə bir sirr açım ki, 300-ə yaxın məqaləm hazırdır. Kitabın da birinci cildi hazırdır. Fərqli başlıqlar, konsepsiyalar haqda düşünürdüm. Həbs müddətincə öz sənətimdən ayrılmamışdım.

R.Arifoğlu:
- Sizin incidilmənizdə iştirak etmiş heyətə qarşı kin, acıq, ya da onların cəzalandırılması istiqamətində hansısa düşüncələriniz varmı?
Eynulla Fətullayevin tükürpədici həbsxana xatirələri

12 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisi Kərim Şirinov çox qəddar insandır. Mən həyatda və türmədə belə qəddar adam görməmişdim

E.Fətullayev:
- 12 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisi Kərim Şirinov çox qəddar insandır. Mən hələ həyatda və türmədə belə qəddar adam görməmişdim. Cəzaçəkmə müəssisələrində, karserlərdə məhkumlara işgəncələri o tətbiq edirdi. Bir neçə dəfə şahidi olmuşdum. Hətta görürdüm ki, dünya çempionlarını onlar nə günə qoyurlar. Çox pis döyürdülər.

R.Arifoğlu:
- Sən gəlməmişdən qabaq Sevinc xanımla söhbət etdim. Dedim ki, Eynulladan “türmə kişi işidirmi” deyə soruşmaq olar. Amma dərhal da yatıb-çıxmış adam kimi özüm əlavə etdim ki, kişi işidi, amma oraya düşməmək daha yaxşıdı. Çünki nəhəng və tarixi kişilərin, hətta qanuni oğruların, siyasətçilərin, redaktorların azadlığını bir çavuşun gözləmində damlayırlar...
Eynulla Fətullayevin tükürpədici həbsxana xatirələri

E.Fətullayev:
- Mən sizinlə razıyam. Ona görə də narkotiklə bağlı məhkəmədəki çıxışım zamanı jurnalistlərə dedim ki, çalışın, özünüzü qoruyun, həbsxanaya düşməyin. Çox ağır yerdir, ora düşmək olmaz. Ora da düşəndə insanın yeganə xilası öz dünyanı yaratmaqdır ki, kitablar da buna əlbəttə ki, kömək edir.

R.Arifoğlu:
- Türmə ilə bağlı 4 il əvvəl belə təəssüratların yox idi, hə? Rahat getmişdin türməyə?

E.Fətullayev:
- Qabaq tamam fərqli təəssüratım vardı. Düşünürdüm ki, bəlkə məhkumlar arasında bir həmrəylik, eyni zamanda köməkləşmə var. Əslindəsə məhkumlar canavarlar kimi ağız-ağıza yatırlar. Bu da ondan irəli gəlir ki son illərdə rejim zonları yaradıldı. Orda bir çox məhkumlar “verbovka” olundu və onlar da administrasiyaya işləyirdilər. Təbii ki, adını qoruyan təmiz məhkumlar da var, amma onlar azlıq təşkil edirdi.

R.Arifoğlu:
- Sizin məhkəmələrinizdən birində də türmə yoldaşlarınızdan biri üzünüzə durmuşdu. O da həmin təbəqədəki məhkumlardan idi?


E.Fətullayev:
- O, hamamda işləyirdi. Əgər cəzaçəkmə müəssisəsində işləyirsənsə, sən mütləq əvvəlcə iltizam verməlisən, ondan sonra işə qəbul edirlər.

R.Arifoğlu:
- Orda işləyənlərə çox pis baxırlar. Onlarla əllə görüşmürlər.


X.Kazımlı:
- Rauf bəy, sanki sizin türmə həyatınız Eynulla bəyinkindən bir az yüngül keçib?

R.Arifoğlu:
- Eynulla bəyi “qara zonlar”ın (kriminal icmaların alternativ idarəetmə sisteminin olduğu cəzaçəkmə müəssisələrə “qara zon”, sırf türmə rəhbərliyinin idarəsində olan zonlara isə “qırmızı zon” deyirlər - Red.) aradan götürüldüyü vaxt həbs etmişdilər. Mən həbsdə olanda o “zon”lar işləyirdi və məhkumlar Oğru qaydalarına tabe idi. Xüsusən də 12 və 13 saylı cəzaçəkmə müəssisələrində. Bu baxımdan, bizə rahat idi. Oğru dünyasının adamları orda qaydalar yaradırdılar, gələn siyasətçilərə, jurnalistlərə də hörmətlə yanaşırdılar. Amma indi köhnə qaydaları bərpa etmək istəyəni dərhal vururlar. İndi satqınları, üzdəniraqları ümumi baraklara qarışdırıblar...

E.Fətullayev: (əli ilə alnını göstərərək)
- Bax, mənim alnımda bir iz var. 2008-ci ildə məni sındırmağa cəhd oldu. Məni bir üzdəniraqla bir kameraya salmaq istəyirdilər. Elə bir şey olsaydı, təbii ki, mən cəzaçəkmə müəssisəsinə çıxa bilməzdim. Ona görə mən özümə xəsarət yetirməyə başladım. Başladım, başımı divarın küncünə vurmağa. Qayda belədi - bu cür vəziyyətlərdə ya qarşındakını, ya da özünü öldürməyə cəhd etməlisən; ya baş partlamalı, ya da hər hansı ciddi xəsarət yetirməlisən özünə. Mən qan çıxara bilmədim, amma başım bərk əzildi. Çox bərk vururdum. Gördülər və bildilər ki, bu adam hər şeyə gedər, ona görə də əl çəkdilər.

R.Arifoğlu:
- Bu, Sovet dövründən qalma metoddur. 10 dəqiqə orda qalmaq və oradan sakitcə çıxmaq istənilən dustağın həyatını bitirər. Sən ya gərək orada özünə dərhal sui - qəsd edəsən; qarnını kəsib, bağırsaqlarını tökənlər də olub; ciddi xəsarətlə çıxasan, ya da üzdəniraqı vurasan. Əlavə iş almamaq üçün demək olar ki, bütün dustaqlar özlərinə qəsde edirlər...
Eynulla Fətullayevin tükürpədici həbsxana xatirələri

E.Fətullayev:
- Çox ağır bir şeydir. Orda 6-7 nəzarətçi vardı. Eyni zamanda müəssisənin rəis müavini, rəisinin növbətçi köməkçisi. Orda (karsda) vəziyyət o qədər ağırdır ki. Geyimi tam çıxarırlar, xüsusi dustaq geyimi verirlər, 1000 dustağın əynindən keçmiş, şalvarın qabağı bağlanmır, bərbad gündə. “Tapoçka” verirlər, biri 43 ölçüdə, o biri 39. Bu, insanı alçaltmaq, eyni zamanda insanın qüruruna zərbə vurmaq üçündür. Hətta orda elə situasiya olub ki, mən özümlə içəri stəkan da keçirmişəm. Düşünmüşəm, nəsə təxribat olsa, vurub, qırım və özümü kəsim. Sonra düşünmüşəm ki, kəssəm, tibbi yardım göstərməyəcəklər. Mən ora gələndə dedilər ki, cəhənnəmə xoş gəlmisən. Təəccübləndim ki, niyə cəhənnəm? Dedilər, yaşayıb, özün görəcəksən.

S.Telmanqızı:
- Bu danışdığınız mübarizə üsullarını - qırıq stəkan, başı divara vurmaq - özünüz öyrəndiniz? Yoxsa orda bir məsləhətçiniz vardı?

E.Fətullayev:
- Mənə Şalamov və Soljenitsın çox kömək etdi. Onlar mənim orda məsləhətçilərim və həmsöhbətlərim idi. Çünki orda ünsiyyət saxlamalı adamlar yox idi.

S.Telmanqızı:
- Sizə rəğbəti olan adamlar yox idi türmədə?

E.Fətullayev:
- Təbii ki, vardı. Amma onlarla mən uzun müddət, illərlə ünsiyyət qura bilməzdim. 2-3 dəfə söhbət edə bilərdim. Sonra bizi birləşdirən mövzular, dəyərlər yox idi.


Söhbətin bu hissəsində “zek” redaktorlar türmədəki qanuni oğrular, onların proseslərə müdaxiləsi və sair barədə danışmağa başladılar. Və oradakı bəzi detallar məxfi xarakterli olduğundan yazmağa lüzum görmədik.

E.Fətullayev:
- Hər türmə ölkədəki ictimai-siyasi vəziyyəti dərhal özündə əks etdirir. Rauf bəygil tutulanda başqa ölkə idi Azərbaycan. İstər-istəməz bu, həbsxanada da özünü göstərir. Amma obyektivlik naminə deməliyəm ki, son aylar türmələrdə real dəyişikliklər baş verirdi. 12 saylı cəzaçəkmə müəssisəsində Nazim Ələkbərovun vaxtında hətta məndən də rüşvət alırdılar. Görün rüşvətxorluq hansı səviyyəyə çatmışdı. Amma Mədət Quliyev vəzifəyə gələndən sonra müsbət dəyişikliklər oldu.

X.Kazımlı:
- (zarafatla) Yatmalı vaxtda da çıxdın.

E.Fətullayev:
- (gülür) Haqlısız. Mədət Quliyev gəlib elan etdi ki, heç kimdən 1 manat da rüşvət aldığınızı eşitməyim.

R.Arifoğlu:
- Türmədə olanda, məhkəmə proseslərində elə açıqlamalar verdin ki, ölkənin gündəmini dəyişdin. Ehtiyatda yenə də belə bir açıqlama varmı?

E.Fətullayev:
- Bilirsiniz, mən heç şübhəsiz ki, jurnalist fəaliyyətimi davam etdirəcəm. Amma hələlik belə bəyanatım yoxdur. Bütün patronları sona qədər atmışıq. Düzdür, kənarda ehtiyat patronlarımız var. (gülür)

R.Arifoğlu:
- Eynulla bəy, həbsinizin son dönəmi ilə bağlı maraqlı bir gəlişmə var. Deyilənlərə görə, sizinlə İlham Əliyevin adından danışaraq, müəyyən sözlər deyilib, vədlər deyilib. Kim idi danışan və hansı mesajlar çatdırdı?

E.Fətullayev:
- Bilirsiniz ki, mən İlham Əliyevə mart ayında şəxsi məktub yazmışdım. Çünki məni 1 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. Bakı İstintaq Təcridxanasında mənə qarşı çox çirkin təxribat hazırlanmışdı. Bunu da hazırlayan təcridxananın rəisi Elxan Sadıqov idi. Təxribat bloqqerlərin azadlığa çıxdığı gün baş verməliydi. Bloqqerləri azadlığa buraxdılar, həmin gün də mənə qarşı təxribat oldu. Allah məni qorudu, sırf təsadüf nəticəsində təhlükədən qurtuldum.

R.Arifoğlu:
- Nə idi o təhlükə?

E.Fətullayev:
- Mən o məsələyə qayıtmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, mən artıq kamerada ölüm-dirim savaşına hazırlayrdım özümü. Hətta kafelləri qırıb, onları bıçaq kimi itiləyirdim. Gözləyirdim ki, bu dəqiqə hücum olacaq, artıq ölüm-dirim savaşına başlayacam. Çox şadam ki, həmin vaxt mənimlə birgə kamerada qalan şəxs də məni satmadı. Çörək müqəddəsdir orda, çörək kəsdik onunla. Onun silahı tava idi. Onlar bu təxribatı incə hesablamışdılar - bloqqerlər azadlığa çıxır, bütün diqqət onlara cəlb olunur, istər-istəməz Eynullaya qarşı təxribat həmin gün kölgədə qalacaq. Ondan qurtuldum və məhz gələcək təxribatların qarşısını almaq üçün məktubla ədliyyə naziri Fikrət Məmmədova müraciət elədim. Yazdım ki, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmək istəyirəm. Çünki orda keçmiş məhkəmə, hüquq-mühafizə sistemi işçiləri, bir sözlə administrativ sektora aid dustaqlar cəza çəkir. Nə edəcəklərsə, qoy öz işçiləri vasitəsilə etsinlər. (gülür) Digər tərəfdən “zon” da o qədər böyük deyil. Orda cəmisi 150-yə yaxın məhkum var, qorunmaq daha asandır. Amma məni ən ehtiyat etdiyim 1 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. Ağlıma da gəlməzdi ki, o müəssisədən azadlığa çıxacam.

R.Arifoğlu:
- O müəssisədə səni narahat edən nə idi?


Bütün gecə düşündüm və qərara gəldim ki, birbaşa dövlət başçısına şəxsi məktub yollayım

E.Fətullayev:
- O idi ki, Bakı İstintaq Təcridxanasında təşkil olunan təxribat orda da təkrar oluna bilərdi. Çünki o prosesdə iştirak edən bəzi məhkumlar həmin cəzaçəkmə müəssisəsində cəza çəkirdilər. Amma mən həmin müəssisənin rəisi Qəhrəman Bağırova təşəkkür edirəm. Çünki mən ora gələndə çox stress və şok vəziyyətdə idim. Məni aldatmışdılar, yolda maskalıların hücumuna məruz qalmışdım. Mənə elə gəldi ki, bu, bir zəncirin halqalarıydı. Sonradan Ramin Dekoya, digərlərinə də bu təxribatlar olurdu. Qəhrəman Bağırov məni qarşıladı... (Bu yerdə Eynulla bəyin telefonuna yenə zəng gəlir. Bayaqdan zəngə cavab verməyib, məşğul düyməsini basan həmkarımız telefonu söndürməyi Rauf bəydən xahiş edir: “Mən bilmirəm, bu telefon necə sönür, mən artıq texnikanı yadırğamışam”). ...Mən həmin vaxt gördüm ki, artıq vəziyyət qəlizdir. Hansısa başqa siyasi maraqları rəhbər tutaraq hansısa təxribata əl ata bilərlər. Mən karsda idim, tək saxladı Qəhrəman Bağırov. Bütün gecə düşündüm və qərara gəldim ki, birbaşa dövlət başçısına şəxsi məktub yollayım ki, bəlkə vəziyyətə müdaxilə etsin. Təqribən 10 gün sonra buna reaksiya gəldi. Mənə dedilər ki, prezident artıq məktubu alıb və oxuyub.

R.Arifoğlu:
- Bəs prezidentin adından sizə nə dedilər?

E.Fətullayev:
- Mənə prezidentin adından dedilər ki, o, məktubunu alıb və oxuyub. Deyib ki, heç bir narahatçılığa əsas yoxdur.

- Kim dedi?

“Dedilər, başından bir tük də əskik olsa, bunu prezidentin adına bağlayacaqlar”

E.Fətullayev:
- Qəhrəman Bağırov. O, özü ədliyyə polkovnikidir, həm də şəhərdə tanınmış adamdır, köhnə işçilərdəndir. Sonra Mahir Musayev də gəldi. O da əməliyyat məsələləri üzrə müavindir. Mən ona gözlənilən təhlükə ilə bağlı ehtimallarımı söylədim. O da dedi ki, “mən sənə zəmanət verirəm. Bəlkə prezidentə göndərdiyin şəxsi məktuba qədər hətta təsadüfən nəsə ola bilərdi. Amma bu məktubdan sonra heç nə olmayacaq. Çünki bundan sonra başından bir tük də əskik olsa, bunu prezidentin adı ilə bağlayacaqlar”.


X. Kazımlı:
- (E.Fətullayevin azalmış saçlarına işarə edərək, zarafatla) Xeyli tük də əskik oldu ha.

E.Fətullayev:
- (gülür) Hə, onsuz da xeyli tük əskik oldu. Ona görə də hesab edirəm ki, o müraciət vaxtında, düzgün atılmış addım idi. 2 martda məni axşamüstü ordan götürdülər. O vaxt etap olmur. Ona görə də Mahir Musayevlə görüşüb təminatdan sonra məndə bir əminlik yarandı ki, heç bir problem olmayacaq.
Bu yerdə redaksiyamıza gələn millət vəkili İqbal Ağazadə də E.Fətullayevlə görüşmək üçün debat otağına keçir. R.Arifoğlu, İ.Ağazadə və E.Fətullayev üçlüyünün bir araya gəldiyinə işarə edən X.Kazımlı zarafatla “bu ki, lap ”sxodka" oldu. Zeklərin görüşü “Yeni Müsavat”da" başlığı ilə yazı verə bilərik", dedi. Görüşəndən sonra jurnalist fürsətdən istifadə edib, məhbus olduğu dönəmdə ona və ailəsinə göstərdiyi dəstəyə görə İ.Ağazadəyə xüsusi təşəkkür edir. Jurnalist deyir ki, bu illər ərzində ona ən çox diqqət göstərən, ailəsinə, özünə qayğı ilə yanaşan insanlardan biri də İqbal bəy olub. ”Mən həbsdən sonra onunla ilk söhbətimizdə dedim ki, sən həqiqi qardaşsan. Qardaş deyən çox idi, amma qardaş qalan az insanlar oldu. O az insanlardan biri də, yəni o seyrək sıralarda İqbal bəy xüsusi yer tutub".
Bizsə bu kiçik fasilədən sonra söhbətimizə qaldığı yerdən davam edirik.
- Bu 4 il ərzində qəlbinizdə incidiyiniz elə bir adam oldumu? Yaxud da haqqında yanıldığınız?

E.Fətullayev:
- Şübhəsiz ki oldu, Mən adlar çəkmək istəmirəm. Onlar özləri də bunu bilir.

- Yəqin onlarla münasibəti də davam etdirməyəcəksiniz...


“İqbal bəyə də xəbər göndərdim ki, belə bir təhlükə var. İqbal bəy də dərhal əski, “kriminal əlaqələrini” işə saldı və mənə mənəvi dəstək verdi”

E.Fətullayev:
- Təbii ki. Əgər sən nəticə çıxarmırsansa... Rusların bir sözü var. Müdrik insan, ümumiyyətlə, səhv buraxmır. Ağıllı insan isə heç olmasa öz səhvlərindən nəticə çıxarır. Əgər mən o insanlarla münasibətləri davam etdirsəm, deməli, heç ağıllı adam da deyiləm. Yeri gəlmişkən, mən bir məqamı da deyim ki, o zaman (1 saylı cəza çəkmə müəssisəsində problem olarkən - red.) mən İqbal bəyə də xəbər göndərdim ki, belə bir təhlükə var. İqbal bəy də dərhal əski, “kriminal əlaqələrini” işə saldı və mənə mənəvi dəstək verdi. Dedi, burda əks-səda salmağa hazırıq. Ona görə də bir daha təşəkkür edirəm... Elə dostlar var ki, 4 il ərzində nə evimə zəng etdilər, nə valideynlərimin əhvalı ilə maraqlandılar.

R.Arifoğlu:
- Bəs çıxandan sonra gəlib görüşdülərmi?

E.Fətulllayev:
- Şübhəsiz ki, gəlib görüşdülər. (gülür)

S.Telmanqızı:
- Bəs müdafiənizə qoşulacağını gözləmədiyiniz adamlar var idimi? Tutaq ki, həbsdən öncə münasibətinizin soyuq, ya da zəif olduğu, amma həbs zamanı sizə, ailənizə yaxınlaşan adamlar?


E.Fətullayev:
- Məni ən çox təəccübləndirən insanlardan biri politoloq Leyla Əliyevadır. Mən Leyla xanımla həyatda cəmi 2 dəfə görüşmüşdüm. Baxmayaraq ki, bizim qəzetdə daim çıxışlar edirdi. Amma mən həbsdə olanda o, bizə, ailəmizə o qədər yaxınlıq göstərdi ki. Məsələn, hər qış bir isti corab göndərərdi. Həbsxanada olan adam bunun nə demək olduğunu bilir. Halbuki mən həbsdə olanda xüsusən bəzi hüquq müdafiəçilərinin bəzi davranışları qarşısında dəhşətə gəldim.

Söhbətin bu yerində E.Fətullayevlə narazı qaldığı hüquq müdafiəçilərindən danışdıq. Türmədə ikən bu barədə dəfələrlə bəyanat verdiyi, eləcə də ayrıca olaraq bizim qəzetə bu barədə bir neçə gün əvvəl müsahibə verdiyi üçün detallara qayıtmırıq. Elə söhbətdə də ümumi narazılıqlardan danışdıq. Müsahibimizdən daha öncə Mirzə Sakitin də timsalında məhbus jurnalistlərin hüquq müdafiəçilərindən narazılığını xatırladıb, “bu, bir qanunauyğunluqdur ki, əksər məhbuslar türmədə olanda, ya da azadlığa çıxanda hüquq müdafiəçilərindən narazı qalır? Orda bizim bilmədiyimiz nələr baş verir ki, belə narazı açıqlamalar yaranır sonda?” deyə soruşduq. E.Fətullayev də bildirdi ki, bir çox hüquq müdafiəçiləri siyasi dustaqların hesabına hakimiyyətlə alverə gedir, özlərini təklif edir və bir çox dividentlər qazanırlar. Onların bəziləri hədiyyələr alır, iş düzəldir, xeyir götürürlər. Xatırladaq ki, daha öncə E.Fətullayev hüquq müdafiəçiləri Eldar Zeynalov və Zəliha Tahirova barəsində açıqlamalar vermişdi. Müsahibimiz söhbətdə bir daha xatırlatdı ki, bu cütlük, onların əməlləri mətbuatda ifşa olunmalı, jurnalistlər onlarla bağlı faktları tapıb üzə çıxarmalıdır. Jurnalist onu da dedi ki, bəzi tanınmış hüquq müdafiəçiləri siyasi məhbusların yox, ədliyyə sistemi işçilərinin yanında olurlar. E.Fətullayev bu kimi vacib nüansların narazılıqların kökündə dayandığını bildirdi.
Söhbətin davamında onun və eləcə də ölkəmizin gündəmində dayanan əsas mövzuya toxunduq:

- Mühacirət ehtimalı hələ də gündəmdə qalırmı?


“İlham Əliyev Miyatoviçə deyib ki, Eynulla Fətullayev azad vətəndaş, jurnalistdir. İstəyirsə, burada yaşasın, fəaliyyətini davam etdirsin”

E.Fətullayevin cavabı olduqca maraqlı oldu:
- Aprelin 30-da xanım Miyatoviç mənim yanıma gəldi, görüşdük. Sonra da İlham Əliyevin yanına yollandı. Mən bəlkə də o vaxt Azərbaycandan getmək, mühacirət etmək əhval-ruhiyyəsinə köklənmişdim. Xanım Miyatoviç prezidentlə görüşəndən sonra məni sevindirdi və xoş cəhətdən məni təəccübləndirdi. Bəlkə bu danışıqların detalını açıqlamaq qeyri-etikdir. Amma mən burda pis bir şey görmürəm. Hesab edirəm ki, nə dövlət başçısı, nə də xanım Miyatoviç inciməzlər. İlham Əliyev Miyatoviçə deyib ki, Eynulla Fətullayev azad vətəndaş, jurnalistdir. İstəyirsə, burada yaşasın, fəaliyyətini davam etdirsin. Amma mən yenə də tərəddüd içində idim. Həbsxanadan çıxandan sonra da tərəddüdlərim davam edirdi. Ona görə də mən bir qədər ehtiyatlı açıqlama verdim. Çünki mən yoxlamaq istəyirdim ki, zəng olacaqmı, hədələr davam edəcəkmi? Bilirsiniz ki, son vaxtlara qədər şərəfsizin biri evimizə səhər 7-yə qalmış zəng vurub, mənim guya öldüyümü deyirdi. Anam da xəstə adamdır, hər dəfə bu xəbərdən sonra halı pisləşirdi, ölümlə üz-üzə gəlirdi.

- Yəqin ki, bunlar sizə qarşı son həmlələr idi.

- Əlbəttə. Çox güman ki, həmin qüvvələr məni təxribata çəkmək istəyirdilər. Amma mən də o təxribatlara getmədim. Düşündüm ki, əsas vermək olmaz. Evdəkiləri də sakitləşdirməyə çalışdım. Dedim, gedib hüquq-mühafizə orqanlarına bu barədə xəbər versinlər, müraciət etsinlər. Onlar da bunu etdilər.

- Bəs qəzetlərin taleyi ilə bağlı hansısa qərar vermisinizmi?

- Bilirsiz, biz bu yolu Şahvələd Çobanoğlu ilə gəlmişik və gəlməkdə də davam edirik. Mən onunla da məsləhətləşməli və onun da fikrini bilməliydim. Artıq biz dünən onunla bir yerdə oturub məsləhətləşdik və qərara gəldik ki, fəaliyyətimizə start verək. (Bu yerdə E.Fətullayev zəruri qeyd kimi onu da dedi ki, qəzetlərin bərpası ilə bağlı qərarını ilk olaraq bizə açıqlayır. Müsahibimiz xəbər “Yeni Müsavat”da işıq üzü görənə qədər bu barədə heç yerdə danışmayacağını da vəd etdi. Bu xəbəri isə qəzetimizə “qardaş payı” olaraq verdiyini vurğuladı)

- Start tarixi bəllidirmi?

- Vaxtı deyə bilmərəm. Çünki mən il yarımdır, kamera şəraitində qalmışam və gözlərimdə, ümumən isə səhhətimdə problemlər var. Yeri gəlmişkən, Nazim Hikmətdə də belə bir şey oxumuşdum. Bursada qapalı şəraitdə yatandan sonra yazmışdı ki, “günəşi, şüanı görəndən sonra gözümdən yaş gəldi, su gəldi”.

R.Arifoğlu:
- Xeyirli olsun qəzetlərlə bağlı ideyalar. Qəzetlərin xətti ilə bağlı bir dəyişiklik olacaqmı? Prezidentin Dunya Miyatoviçə dedikləri sizi qane edirmi? Yoxsa hardasa stoplar nəzərdə tutulur?

- Təbii ki, stoplar var.

R.Arifoğlu:
- Siz necə düşünürsüz, nə şəkildə bilə bilərsiniz ki, Eynulla Fətullayevin qəzetləri bərpa etməsinə heç bir problem ola bilməz, ya da ola bilər?



E.Fətullayev:
- Mən həbsdə olanda Çingiz Əsgərov vergi məsələsi ilə bağlı bir bəyanat verdi. İndiyə qədər mənim kompensasiyam ödənməyib. O pul hələlik həbs altındadır. Yeri gəlmişkən, Şahvələd Çobanoğlu vergi ilə bağlı çox maraqlı bir yazı yazmışdı və orada sübut etmişdi ki, o vergi borcu tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, Avropa Məhkəməsi də bu vergi borcuna 130-cu bənddə öz münasibətini bildirib. Orada deyilib ki, vergilərlə bağlı ittiham siyasi motivlidir və buna yenidən baxılmalıdır.

R.Arifoğlu:
- Yeri gəlmişkən, Avropa Məhkəməsinin kompensasiyası ilə bağlı mübarizə davam edəcəkmi?

- Təbii ki, edəcək. Mən həbsdə olanda Çingiz Əsgərov demişdi ki, biz Eynulla Fətullayevin üzərində olan 260 min manatlıq borcu, cəriməni ləğv etməyi düşünürük. Mənə bu gün məlumat daxil oldu ki, iyunun 6-da Avropa Şurası Nazirlər Komitəsi bir daha mənim məsələmi müzakirə edəcək. Hesab edirəm ki, hökumət bu iclasa qədər həmin məsələni də həll edər.

R.Arifoğlu:
- (gülə-gülə) Qəzetçün start məbləğ də düzələr.

E.Fətullayev:
- (gülür) Həm də. Əlbəttə ki.

- Bəs bu yenidən başlayacaq qəzetlərin əvvəlki “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”dan nə fərqi olacaq?


E.Fətullayev:
- Heç bir fərqi olmayacaq. O mənada ki, yenə də müstəqil dəst-xətti ilə seçiləcək. Eyni zamanda biz çalışacağıq ki, həm iqtidardan, həm də müxalifətdən müəyyən dərəcədə məsafə saxlayaq. Həmin konsepsiya olacaq. Bundan başqa, internet texnologiyaları, informasiya resurslarının da inkişafını nəzərə alaraq, çalışacağıq ki, internet məkanında da uğurumuzu bərpa edək. Çünki 2006-cı ildə Azərbaycanda informasiya texnologiyaları çox zəif inkişaf etsə də, “Realnıy Azerbaydjan”ın 15 min gündəlik istifadəçisi vardı. Biz o uğuru bərpa etməyə çalışacağıq. Yəqin ki, Rauf bəy də öz məsləhətlərini, tövsiyələrini verəcək. Çünki bu 4 il ərzində Azərbaycanda da çox böyük dəyişikliklər baş verib. Biz rəqib deyilik. Bizim həmişə Rauf bəylə münasibətlərimiz unikal, nümunəvi olub. Həmişə məsləhətləşmişik, informasiya mübadilələri aparmışıq. Bizim o zaman kiçik bir fasiləmiz oldu. Biz Rauf bəylə danışdıq və dedim ki, fəaliyyətimi bərpa etmək istəyirəm, amma bir şərtlə. “Yeni Müsavat” qəzetinin fəaliyyətinə heç bir xətər yetirməmək şərti ilə. Ona görə də indiki konsepsiyada o amil də var. Düşünürəm ki, kompensasiyanı alıb, start kapital əldə edəndən sonra fəaliyyətimizi davam etdirəcəyəm. O gün bizim evimizə Böyük Britaniya, Fransa səfirliyindən adamlar gəlmişdi. Hesab edirəm ki, Qərb institutları, Avropa İttifaqı, Avropa Şurası Azərbaycanda müstəqil medianın inkişafında çox maraqlıdır. Düşünürük ki, həm hüquqlarımızın qorunması, həm də fəaliyyətimizin müstəqilliyinin təmin edilməsi xəttində avropalılar da bizə dəstək verəcək.

S.Telmanqızı:
- Az öncə dediniz ki, türmədə çoxlu yazılar yazmısınız. Bəs nə üçün bunlardan heç birini dövri mətbuatda çap etdirmədiniz? Öz qəzetiniz üçün saxlayırdınız bunu?

E.Fətullayev:
- Çünki bilirdim ki, bir gün gələcək, azad olacam, jurnalistikaya qayıdacam. Lovğalıq kimi çıxmasın, mən həbsxanada da öz azadlığımı qoruyub saxlamışam. Sadəcə, fiziki azadlığım olmayıb. Mən məqalələr yazmışam, şərhlər vermişəm daimi. Mənim mətbuatla münasibətlərim çox sıx olub. Bu istiqamətdə atamın və vəkillərimin rolu böyük olub. Suala gəlincə, bəli, o məqalələri “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” üçün saxlamışam. Amma eyni zamanda “Yeni Müsavat” üçün də yazmışam. Mənə səhifələr verdiniz, çox sağ olun. O zaman məni təhqir edən, çamur atan insanlar var idi, amma bizə cavab hüququ vermirdilər. Həmin vaxt Rauf bəyin çox yaxşı bir köşəsi oldu. Və orada yazdı ki, ağır ittihamlar edirsiniz, amma cavab üçün meydan vermirsiniz. (Ötən il Mirşahinə verilən cavab nəzərdə tutulur-red.)

R.Arifoğlu:
- Azadlığa çıxandan sonra o adamlardan hər hansı zəng, təbrik gəlibmi?

- Yox, heç mən bunu gözləmirdim də.

R.Arifoğlu:
- Eynulla bəy, bir siyasi sual da verim. İctimai Palatadan üzv olmaq üçün müraciət eləsələr, buna münasibətiniz necə olacaq?

E.Fətullayev:
- Söhbət ondan gedir ki, mən jurnalist fəaliyyətim zamanı heç bir siyasi partiyanın üzvü olmamışam. Həm “Monitor”, həm də “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” dövründə. Mən siyasi fəaliyyətlə məşğul olmamışam və demişəm ki, siyasi iddialarım yoxdur. Ona görə də sırf peşəkar jurnalistika və analitik fəaliyyətlə məşğul olmaq istəyirəm.

S.Telmanqızı:
- Yaradıcılıq planlarınızdan, düşüncələrinizdən danışdınız. Bəs şəxsi həyatda nələr gözlənilir? Çünki ananız Gülşən xanım hər müsahibəsində həbsdən çıxan kimi sizi evləndirəcəyini deyirdi. Evlilik söhbətləri başlayıbmı?

E.Fətullayev:
- Bilirəm, artıq evə gəlmişəm və ciddi aqressiya ilə qarşılaşmışam. (gülür) Yəqin ki, o problemi də çözmək lazımdır. Çünki mənim bu il 35 yaşım tamam olur və bu, artıq avropalılar demişkən, ded line-dir. Ona görə də biz bu problemi çözəcəyik.

S.Telmanqızı:
- Eynulla bəy, bu, problemdir?

R.Arifoğlu:
- (gülərək) Problemlərdən biri...

İ.Ağazadə:
- Eynulla, bu, problemə girməkdir.

Söhbəti də elə bu xoş tonlarla yekunlaşdırırıq. R.Arifoğlu qonağımızı bir daha təbrik edərək, redaksiyaya gəldiyi üçün təşəkkürünü bildirir. “Bir daha həbsxanaya qayıtma”, deyən baş redaktora E.Fətullayevin də cavabı “çalışacam qayıtmayım”, olur.

Söhbəti qələmə aldı Sevinc TELMANQIZI

musavat.com


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi