“Like” dilənçiləri

like-dilencileri-
Oxunma sayı: 663

Öz maşınında yuxu tutub “KamAZ” çırpılmışdı. Ona görə yuxu tutmuşdu ki, həm oxuyur, həm işləyirdi. Gecəsi-gündüzü yox idi. Bir dəqiqə boş vaxtı olmurdu. Elə bu yorğunluğun, yuxusuzluğun güdazına getdi. 1.96 boylu, pəhləvan kimi Turalımız çörək şəhidi oldu.

Turalın əksər həmyaşıdlarına baxıram, dəhşətə gəlirəm. Allah hamısının canını sağ, ömürlərini uzun eləsin. İnternet resurslarından maksimum yararlanan bu gənclər real həyatdan virtual həyata köçüblər elə bil. Fikir verirəm, səmərəli işlərlə məşğul olanları səmərəsiz işlə məşğul olanlardan dəfələrlə azdır. Bunu hara yozaq, nəyin ayağına yazaq, bilmirəm. İş yerləri, zavod-fabriklər yoxdur ki, camaat işləyib səmərəli işlə məşğul olsun, özünü dolandırsın. Bunu başa düşdük. Bəs necə olur ki, “qul bazarları” da gün-gündən “gəncləşir”, genişlənir. Deməli, əməkdən qaçmaq problemi var. Pul qazanmaq istəyən bazarlarda araba çəkməkdən, daş qaldırmaqdan utanmadan pul qazanır-öz halal alın təri ilə. Deməyin ki, ali təhsilli adam necə getsin, fəhləlik eləsin?! Onların da içərisində ali təhsilliləri var. Biz durub dövləti, hakimiyyəti asıb-kəsməklə insanları əməyə cəlb edə bilmərik. Onlar öz kefindədirlər. Şişirdilmiş şəkildə bizə yedirtdikləri “yeni iş yerləri” “piroqu” boğazımızdan keçmir zatən. Bunlar bir kənara. Mənim dediyim-gənclərin vaxt qatilinə çevrilməsi, əməkdən qaçması tendensiyasıdır. Tindən sosial şəbəkələrə köçüb bütün günü “like” dilənən gənclər əsgərliyə gedir və bir də gördün, status yazır ki, bəs, məsələn, gizir, yaxud kəşfiyyatçı filankəsdən hamınıza atəşli salamlar. Qaydalara zidd olaraq qulluq etdikləri hərbi hissənin adını belə yazmaqdan çəkinmirlər. İndi bir anlıq təsəvvür edək ki, ermənilər qəfil hücuma keçib, bəzim “gəncLike” status yazmaqla, “inbox”da yazışmaqla məşğuldur. Yaxud dərs zamanı internetdə yatıb qalırlar. Keçid ballarının 150-yə endirilməsinin səbəblərini də başqa yerdə axtarmayaq. Gənc nəsil real həyatdan təcrid olunmaqdadır...

Qarşınıza çıxanlardan hal-əhval tutarkən, yəqin ki, “neyləyirsən, nə var, nə yox” sualınıza “bekarçılıqdı” cavabını verənlər az deyil... Babam bizə deyirdi ki, işgüzar olun, diri olun, əməkdən qaçmayın, qoy sizə diri köpəyuşağı desinlər, ölü köpəyuşağı deməsinlər. Rəhmətliyin yarızarafat-yarıciddi dediyi bu sözlərdə böyük həqiqət gizlənir. Kişi xeylağı, enerjili gənclər üçün “bekarçılıqdı” sözü sadəcə rüsvayçılıqdı. Avropa ölkələrinin əksəriyyəti insanlardan gənc ikən faydalanır və bizdən fərqli olaraq, erkən təqaüdə göndərir.

***

Vsevolod Ovçinnikov İngiltərə təəssüratlarını bölüşərkən ingilislər üçün vaxtın necə qiymətli olduğunu belə anladır: “Yadımdadır, bir dəfə təyyarə ilə Dublindən Londona qayıdıb, başqa sərnişinlərlə birlikdə pasport nəzarəti məmurunu gözləməli olduq. Cəmi dörd dəqiqə gecikmiş məmuru camaat az qala didib-parçalayacaqdı.

- Biz burda iyirmi altı nəfərik, deməli, birlikdə hamımızdan yüz dörd dəqiqə oğurlamısan,- görkəmcə bir centlmen çətirini yerə döyəcləyə-döyəcləyə buz kimi soyuq səslə klerki danlayırdı” .

Biz isə vaxt qatillərinə çevrilməkdəyik...