Londondan Bakıya “Teleqraf” - Reportaj

londondan-bakiya-teleqraf-reportaj
Oxunma sayı: 655

Mətbuatın indiki vəziyyətini nəzər alsaq, yeni bir qəzet yaratmaq, çap etdirmək, onu müəyyən yerlərə qədər qaldırmaq olduqca riskli işdir. Həm bütün dünyada olduğu kimi, qəzetlərin çap versiyalarına olan tələbatın azalması, həm də bizim reallıqda qəzetlərin sözünün kəsərinin azalması bu riski bir az da artırır. Üstəlik, Azərbaycanda qəzetdən çox nə var? Lazım olduğundan da çoxdur. Bu kəmiyyətin içində keyfiyyət axtarışına çıxsaq, meydanda barmaqla sayılacaq qədər qəzet qalar. Bu meydanda “Gündəlik Teleqraf” adlanan yeni bir qəzet də özünü sınamaq istəyir.

Suallarıma cavab tapmaq üçün yolumu yeni yaranmış qəzetin redaksiyasından saldım. Yüksək səviyyəli komfortla qarşılaşacağımı gözləmirdim. Hər cür müasir texniki avadanlıqla təmin olunmuş redaksiyaları görməyə öyrəşməmişdim. Belə şəraitdə işləmək insanda yüksək yaradıcı əhval-ruhiyyə yaradır, həvəslə işləyəndə ortaya yüksək səviyyəli işlər qoyulur. Əminliklə demək mümkündür ki, bu komfort yeni qəzetin bazara hansı səviyyədə daxil olmasına az təsir etməyəcək. Azərbaycanda qəzet bazarı nə dərəcədə mövcuddur ya yox, bu da sual altındadır. Dünya mətbuatından fərqli olaraq bizdə hələ də iqtidar və müxalif yönümlü qəzetlər var. Azad, müstəqil mətbuat fikri ifadəsi bizə yad olduğu üçün Azərbaycanda bu haqda danışmaq gülünc səslənir. Amma “Gündəlik Teleqraf” qəzeti tam fərqli yol seçmək fikrindədir. İqtidaryönümlü, müxalifət qəzetlərinin işində fərqli bir cığır açmağı hədəfləyib. Tam informativ mətbu orqan olmaqla yanaşı, Azərbaycana “azad mətbuat” anlayışını gətirmək iddiasındadır. Bu fikir məni cəlb etdi. Məni cəlb edən və sevindirən digər məqam isə qəzetin əməkdaşları oldu. Redaksiyada olduğum müddətdə gərgin iş rejimində işləyən həmkarlarım və tanış simaları - Aynur Camalqızını, Qurban Yaquboğlunu, Zahir Əzəməti, Azər Hüseynbalanı, Murad Köhnəqalanı - bir arada görəndə düşündüm ki, bu qəzet iki gün fəaliyyət göstərən qəzetlərdən olmayacaq. Qeyd edim ki, qəzeti həftənin beş günü oxuya biləcəksiniz.

“Gündəlik Teleqraf” qəzetinin ideyası Aynur xanıma məxsusdur. Bir müddət jurnalistikadan uzaq düşən A. Camalqızı “Azərbaycan Ordusu”, “Xalq qəzeti”, “Şans”, “Ulus”, “Millətin səsi”, “Yeni Yüzil”, “Yeni Müsavat” qəzetlərində müxbiri işləyib. Onun bu layihəsini bir dönüş də adlandırmaq olar.

Redaksiya ilə tanış olmağa davam edirəm. Və daha bir tanış sima, məşhur imza-şairə, publisist, tərcüməçi Günel Mövlud. Son dəfə onun adını Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanını oxuyanda gördüm. Onun ictimai və ədəbi mühitdə tanınması qəzetin hədəfinə və məqsədin çatmasına kömək edəcək. Günel Mövludun qələmini, publisistikasını, peşəkarlığını nəzərə alaraq deyə bilərəm ki, “Gündəlik Teleqraf” uğurun bir addımlığındadır.

Qəzetin elektron versiyası da olacaq. Bu da təbii haldır, günümüzün tələbidir. Zahir Əzəmət də bu qəzetdə təcrübəsiylə öz sözünü deyəcək. Uzun müddət ölkədə populyar və fərqli qəzetlərdə çalışması, ədəbi portala rəhbərlik etməsi onu bu sahənin peşəkarı kimi tanıdıb.

“Gündəlik Teleqraf”ın digər fərqi də son zamanlar mətbuatda ən məşhur olan imzaları bir araya toplamaqdır. Bu uğuru sığortalamaq üçündür, köşə yazarlarının, ədəbiyyatda tanınmış simaların, yazıçıların imzası ilə böyük oxucu qazanmaq və hədəfə bir addımda yaxınlaşmaq. Salam Sarvan, Aqşin Yenisey, Əli Əkbər, Murad Köhnəqala, Vahid Abbas, Seymur Baycan və başqa bu kimi imzaları bir arada görmək istəyənlər qəzetin daimi oxucusuna çevriləcək. “Gündəlik Teleqraf” hər kəsin çoxdandır gözlədiyi qəzetdir!

Sədan Bünyadova