Lüt qadın heykəli

lut-qadin-heykeli
Oxunma sayı: 1357

Bu qədim yunan əfsanəsini boş yerə yazmadım. Axı “Piqmalion” təkcə yunan əfsanəsinin adı deyil. Həm də Bernard Şounun ən məşhur pyesinin adıdır. “Piqmalion”da ağır psixoloji məqamlar var. Humanizm var. İroniya var. İnsan üzərində aparılan eksperimentin psixokomik təsviri var. O ki qaldı Şounun öz pyesini niyə məhz “Piqmalion” adlandırmasına... Yazını diqqətlə oxuyun, anlayacaqsınız...

Əsərin qəhrəmanlarından biri – Xiqqinsdir. Xiqqins – fonetika professorudur. Onun şagirdləri olur. Şagirdlərinin tələffüzündəki yanlışlıqları düzəldir. Bunun müqabilində pul qazanır.

Əsərin əsas obrazları bunlardır: Eliza Dulitl, kasıb gülsatan qız. Onun atası, zibilyığan. Polkovnik Pikerinq. Qenri Xiqqins, alim. Əsərin girişi haqqında qısa fikir bildirəcəm. Hadisələr Londonda cərəyan edir. Yağışlı bir yay gecəsi... Xiqqins əlində qələm yoldan gəlib-keçənləri izləyir. O, əsərin əvvəlində “qeydiyyat kitabçası olan adam” kimi təqdim edilir. Sadə bir gülsatan qız kiminləsə mübahisə edir. Küçə sözləri ilə danışır. Bir centlmendən gül almasını xahiş edir. Sonradan gülsatan qıza əlində qeydiyyat kitabçası olan adamı göstərirlər. Gülsatan qız onun polis olduğunu zənn edir. Ona yaxınlaşır. Küçə jarqonları ilə narazılığını bildirir. Burada Xiqqins çoxdan görüşmək istədiyi Pikerinqi görür. Gülsatan qız, Pikerinq və Xiqqins arasında maraqlı və gülməli dialoq olur.

Eliza əlində gül səbəti, Tottenxem-Kort-Rodda gül satır. Arzusu gül mağazasında satıcı işləməkdir. Ancaq ingiliscə təmiz danışa bilmədiyinə görə, işə qəbul etmirlər. Buna görə də Xiqqinsin yanına gəlir. Lakin, Xiqqins bəlkə də heç o qıznan məşğul olmazdı. Əgər mərc olmasaydı... Xiqqins özü də deyir ki, “əgər mərc olmasaydı, mən o qızı çoxdan cəhənnəm edərdim.”

Xiqqins Britaniya ordusunun polkovniki Pikerinqlə mərcə girir. Mərcin səbəbkarı sadə bir gülsatan qız – Eliza olur. Xiqqins Pikerinqə söz verir ki, gülsatan qız - Elizanı altı aya hersoginyaya çevirəcək. Ona tələffüz və kübar cəmiyyətdə davranış qaydalarını öyrədəcək. Lakin Xiqqins əsasən adamların danışığındakı fərqlərə önəm verir. Onun üçün insanların iç dünyası elə də önəmli deyil. Ona elə gəlir ki, insanın aristokrat danışıq tərzi, intonasiyası sinfi bərabərsizliyi aradan qaldıra bilər. O deyir: “Siz təsəvvür etmirsiniz ki, bir insanın nitqini dəyişməklə onu necə tamamilə fərqli insana çevirmək mümkündür. O, siniflər arasındakı, qəlblər arasındakı ən dərin uçurumu da doldura bilir”.

Missis Xiqqins oğlunun həmişə yaşlı xanımlarla maraqlanmasına pis baxır. Evlənməli olduğunu xatırladır. Xiqqins isə anasına bir gənc qıza dərs keçdiyini bildirir. Həmin qızın adi gülsatan olduğunu deyir. Missis Xiqqins buna sərt təpki göstərir. Ana-oğul arasında maraqlı dialoq olur. Həmin dialoqu ruscadan tərcümə etmişəm. Burada tirajlamağı özümə borc bilirəm:

Xiqqins: - “Bilirsiniz, iş orasındadır ki… O, sadə bir gülsatan qızdır. Mən onunla küçədə tanış olmuşam”
Missis Xiqqins: - “…Və mənim qonaq qəbul edəcəyim gündə onu bizə çağırdın!”
Xiqqins: - “Hər şey yaxşı olacaq. O, artıq tamamilə rola girib. Mən ona özünü necə aparmaq lazım olduğunu başa saldım. Ciddi təlimatlar verdim. Ona ancaq iki mövzuya toxunmağa icazə var: hava və sağlamlıq. “Bu gün gözəl gündür” və “siz necə yaşayırsınız” – vəssalam. Heç bir başqa söhbət ola bilməz. Bu, tamamilə təhlükəsizdir!
Missis Xiqqins: - “Demək, təhlükəsizdir! Demək, o, bizim sağlamlığımız barədə danışacaq! Bizim daxilimiz barədə danışacaq! Hətta ola bilsin xarici görkəmimiz barədə də!.. Necə belə axmaqlıq edə bilərdin, Qenri?!”
Xiqqins: - “Axı o hər halda nədənsə danışmalıdır! Əşşi, siz narahat olmayın. Hər şey yaxşı olacaq. Pikerinq özü də bu işin içindədir. Mən onunla mərcə girmişəm ki, altı aya o qızı hersoginya kimi təqdim etməyə nail olacam. Mən onunla heç bir ay da deyil ki məşğulam. Amma o, artıq başgicəlləndirici uğurlara imza atıb. Məni bu mərcdə udmuş hesab etmək olar. Onun gözəl duyumu var. Onunla məşğul olmaq daha rahatdır, nəinki burjua dairələrindən olan şagirdlərimlə... Ona görə ki, ona hər şeyi əvvəlcədən – yad dili öyrədirmiş kimi öyrədirsən. O, hal-hazırda ingiliscə, təxminən, siz fransızca danışdığınız kimi danışır.”

Xiqqinsin eksperimenti uğurla nəticələnir. O, deyir: “Hər dəfə yeni Elizanı kəşf edirik. O, artıq royalda ifa edir. Biz onu klassik musiqi konsertlərinə aparırıq... İstənilən musiqini elə rahat dinləyir ki, elə bil, Bethoven, Brans və ya Leqar, Layonel, Montktondur... Halbuki, yarım il əvvəl, o, heç royala necə yaxınlaşmaq lazım olduğunu belə, bilmirdi”

Bəli, Xiqqins Piqmalion sayaq yeni qadın yaradır. Jarqonlarla danışan adi bir küçə satıcısını lediyə çevirir. Eliza onun sayəsində, hətta ən kübar insanları belə, heyrətləndirə biləcək nitqə, mimikaya, jestlərə sahib olur. Amma... bu eksperiment Elizanın özü üçün tragikomik bitir. Eqoist Xiqqins onun uduşunu təmin edən Elizanın gələcəyi barədə düşünmür. Eliza deyir: “Mən gül satırdım. Amma özümü satmırdım. Siz məni lediyə çevirdiniz. İndi mən heç nə sata bilmirəm – özümdən başqa. Gərək siz mənə dəyməyəydiniz...”

***

Azərbaycanda yüksək vəzifə tutan məmurların çoxunun keçmişi qaranlıqdır. Bəziləri haqda məlumat var, bəziləri haqda isə yox. Lakin o məmurların telejurnalistə müsahibə verməsi kifayətdir ki, onun keçmişi göz önündə canlansın. Bəziləri ağır həyat keçirib. Kiminsə buyruğu altında olmazın əzablara dözüb. Buna görə də onlar öz keçmişlərini unutmaq istərdilər. Ola bilsin bəziləri nə vaxtsa sürücü olmasını unudubdur. Ola bilsin bəziləri nə vaxtsa çilingər olmasını unudubdur. Ancaq ağızlarını açmaları kifayətdir ki, “unudulanlar” özü-özünü xatırlatsın.

Bunu boş yerə yazmadım. “Piqmalion” pyesinin qəhrəmanı - Xiqqins deyir: “Əsrimiz – layiqsizlər əsridir. İnsanlar ildə səksən funtla Kentiştaunda yaşamağa başlayıb, illik yüz min gəlirlə Park-leyndə qurtarırlar. Onlar Kentiştaunu unutmaq istərdilər. Ancaq ağızlarını açmaları kifayətdir ki, Kentiştaun özü-özünü xatırlatsın. Və budur, mən onları öyrədirəm...”

Bilməyənlərin nəzərinə: Kentiştaun – Londonun ən böyük heyvan fermalarından biridir. Anlamaq istəyən, anlayacaq...

***

Əfsanədə Qalateya onu yaradan Piqmalion ilə evlənir. Eliza onu “yaradan” Xiqqinsə qarşı üsyankar mövqe tutur. Paradoks. “Happy-end” hər zaman olmur.