“Lütlənib irəli getməklə gələcək olmaz” –Müsahibə

lutlenib-ireli-getmekle-gelecek-olmaz-musahibe
Oxunma sayı: 1712

“Qafqazinfo” Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası Xatirə Süleymanova ilə müsahibəni təqdim edir:


- Teatrlarda tamaşaçı azlığı, repertuar zəifliyidi, yoxsa tamaşaçıların laqeydliyi?

- Hər üçü... İndi elə zəmanədi ki, bu informasiya bolluğunda insanlar hər şeyi rahatca evlərində oturub, maraqlı hadisələri, film və tamaşaları internetdən, televiziyadan izləyə bilirlər. Cəmiyyətdə bir laqeydlik yaranıb. İnsanlar daha kütləvi halda toplaşmaqdan uzaqlaşıblar. Hərə öz içinə çəkilib. Bu da insanların teatr tamaşalarına gəlməklərinin qarşısını alıb. Hər kəs informasiyanı evindən çıxmamaqla almaqla kifayətlənirlər.

Əsərlərin zəifliyi problemi də var teatrlarda. Teatra gələn əsərlər bəzən elə zəif olur ki, yazıq rejissor və aktyor heyəti ora-burasını düzəltməklə ortaya nəsə çıxarır.

Tamaşaçılar da ciddi problemlərdən hadisələrlə dolu tamaşalardan qaçırlar. Bəzən insanlar yüngül xarakterli, yüngül ab-havalı əsərlərə daha çox meyl edirlər. Tamaşaya, az adam var ki, həvəslə gəlir. Çünki teatr tamaşalarının reklamı da çox aşağı səviyyədədir. Sumqayıtda yeganə teatr olan bu sənət ocağının tamaşalarının afişalarını şəhərimizin heç bir yerində görə bilməzsiniz. Bu işlə heç kim maraqlanmır, desəm, daha düzgün olar.


- Teatr tamaşaları da təxminən istehlak məhsulları kimidir. İnsan ona təqdim olunanlara daha çox meyl edir. Sizcə, tamaşaçını güldürmək üçün mütləq dialektdə danışıb, səhnədə söyüş söymək lazımdı?

- Əksinə... Səhnədə artıq-əskik hərəkətlər, yüngüllük etmək aktyorun çəkisini azaldar. Səhnədə aktyor öz rolunu ciddi oynamalıdır. Ağıllı tamaşaçı özü özünə kənardan baxıb ibrət alır, ya da kimisə yadına salıb gülür. Həmin aktyorun ifasında rola baxır və kimsəni xatırlayır ki, doğurdan belələri var.

Aktyor səhnədə min oyundan çıxmadan, öz öhdəsinə düşən işə sadəcə, ciddi yanaşanda o rol daha dolğun olur, gülüş də burdan doğur.

Səhnə sehrli dünyadı. Bu sehrin cazibəsindən irəli gələrək aktyor öz ifasını elə məharətlə yerinə yetirir ki, tamaşaçı onun təsirinə düşüb hadisələrin gedişatını izləməyə can atır. Vay o gündən ki, aktyor yüngül hərəkətləri ilə tamaşaçını təsirinə salmaq istəyə... Bax, onda aktyor uduzur. Hər şey ciddilikdən yaranır, gülüş də, faciə də.


- Kişi aktyorların qadın qiyafəsində rol oynaması tənqid olunan məsələlərdəndi. Qərb vodevil tamaşaları dövrünü çoxdan keçib, Şərq “mütrüblüyü” də aktual deyil. Məgər Leyli rolunda oynamaq üçün Əhməd Ağdamskilərə ehtiyac var indi?

- Bu, bir az mübahisəli məsələdir. O zamanlar mentalitetə yad olduğu üçün qadınlar səhnəyə çıxmırdı. Amma indi qadın aktrisalarımız öz rollarını çox gözəl ifa edirlər. Aktyorlar öz rollarını ifa etsələr, daha yaxşı olar.

Məcbur deyil ki, min cildə girib, nəsə desinlər. Elə kişi paltarında da hər fikri çatdırmaq yetərlidir. O zamanlar məcburiyyətdən qadın rolunu oynamaq üçün səhnəyə çıxarılan kişilərə indi ehtiyac yoxdu.


- Cəlil Məmmədquluzadə "Dəli yığıncağı" əsəri ilə Azərbaycan mədəniyyət tarixində absurd teatr janrının əsasını qoydu. Absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko “Gərgədan” alleqorik pyesini yazmaqla Avropanı bu nümunə ilə yalnız 1956-cı ildə tanış etdi. Sizcə, indi niyə güclü əsərlər yaranmır? İstedadlar zəifləyib, yoxsa bu əsərlərin yaranması üçün zəmin yoxdu?

- Gözəl əsərlərin yaranması üçün o qədər səbəb və zəmin var ki... Amma indi yazarlar ya nədənsə çəkinir, ya da sadəcə, mənə nə var, deyib, yüngül, dəxli olmayan əsərlər yazırlar.

Bu zəif əsərlərin yükü də aktyorların və rejissorun üzərinə düşür. Dəyərsiz əsərlər teatrlara elə tez yol tapır... Onların səhvlərini də bizlər düzəltməli oluruq. Nəticədə belə əsərlər uzunömürlü olmur.


- Televiziyaların birində yayımlancaq serialın çəkilişini həyata keçirən şirkət filmdə öpüşəcək qızlar axtarır. Niyə bunun üçün konkret aktrisalara deyil, filmdə çəkilmək həvəsinə düşən professional olmayan insanlara müraciət edilir?

- Elə ona görə çəkdikləri zaydır... Aktyor və aktrisa dəyərli ssenariyə yaxın durur, hər ssenarini qəbul eləmir. Kişilikdən dəm vururuq, amma filmlərimizin çoxunda lüt qızları çəkirik. Elə bil dərdimiz yoxdur, arsızlaşmışıq.

Axı Qarabağ haqqında çəkilə biləcək vətənpərvər filmlərə ehtiyacımız var. Axı biz azərbaycanlıyıq. Aktyor və aktrisa mütləq çılpaq vəziyyətdə çəkilməlidi ki, filmə baxılsın? İndiyə qədər çəkilən gözəl filmlərimizin hansında öpüşmək və lüt-üryan səhnələr var? 30-40 ildir bu filmlər sevilir. Yaxşı rejissor axmaq səhnələrlə gündəmə gəlməz. Rejissor uğur qazanmaq istəyirsə, güclü aktyor heyəti toplamalıdır. Yalnız istedadlı və güclü aktyorlar sayəsində yaş əsərlər ortaya çıxarıla bilər. Güclü rejissor belə primitiv yolla tamaşaçı qazanmaz.


- Sizə eyni təkliflə müraciət etsələr, imtina edərdiz bu təklifdən?

-Mənə belə təklif olunub, reklama çəkilmək üçün. Rədd etmişəm. Bundan sonra mənə mesaj göndəriblər ki, biz imkan verməyəcəyik, film, reklam və seriallara çəkiləsən. Boş qazan bərk səs verər, deyiblər. Mən də bu mesaja güldüm və ona əhəmiyyət vermədim.


- Bu təklifdən imtina etdiniz deyə, Sizi hədələdilər?

- Mənə ləzzət edər ki, Qarabağ bəyliklərindən çəkiləcək tarixi filmdə milli geyimdə bir xanım obrazında olum. Lütlənib tamaşaçı qarşısına çıxmaq hələ uğur demək deyil.

Bura Azərbaycandı və biz də burdan nə köçürük, nə də qaçırıq. Burda yaşamalıyıq, indiyə qədər qorunub bizə çatdırılmış ənənələri gələcək nəsillər yetərincə mərifətlə çatdırmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur.

Məncə, Mübariz İbrahimov kimi Vətən və namus üçün qan tökən, Ramil Səfərov kimi bayrağımız üçün canını və gələcəyini fəda edən oğulların bacıları belə olmalıdır. Lütlənib irəli getməklə gələcək olmaz.

Mən iki oğul anası olaraq, belə rolu ifa eləmərəm. Mənim gələcəyim oğullarımdı. Mən onları dəlicəsinə sevirəm. Onlar mənim üçün hər şeydir. Mən onların başını aşağı edəcək heç bir addım atmaram.


-Maraqlıdı, o reklam süjetində nə var idi ki, çəkilməkdən imtina etdiniz?

-Dərman reklam olunmali idi. Dərmanın özü axmaq dərman oldu, mən də bu təklifi rədd elədim.


- “Axmaq dərman” deyəndə afrodiziakları nəzərdə tutursuz yəqin...

- Vallah, deməsəm, yaxşıdır. Bu barədə danışmaq istəmirəm. Mən bilirəm ki, aktrisa kimi məni tanıyanlar bilir, bu mənim sənətimdi. Film çəkilir və tarixdə qalır. Hər bir Azərbaycan qızı tarixdə yaxşı adla qalmağa layiqdi.

Rolları ifa etmək aktrisanın sənəti və sevdiyi işidir. Amma nə olar ki, mədəni və milli ruhumuza yad olmayan filmlərdə rol alaq...


- Sumqayıt teatrında fəaliyyət göstərirsiz. Bir zamanlar əyalət teatrları çox uğurlu tamaşalar təqdim edib. Sizdə hansı tamaşalar göstərlir?

- Mən bu fikirlə razılaşmıram. Bura əyalət deyil. Bakı ilə arasında 20 dəqiqəlik yol var. Bakı teatrlarında işləyən aktyorlardan heç də geri qalmayan aktyorlarımız var. Uğurlu tamaşalar hazırlayırıq. Mənim bar rollarda oynadığım əsərlər də yetərincədir. Elçinin “Qatil” əsərində Kimya müəlliməsi, Yudjin Onilin “Qarağaclar altında məhəbbət” əsərində Abbi, Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşasında İşıq, “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində Şəhrəbanu xanım rollarını oynayıram. Səhnədə aktrisa kimi rollarımın öhdəsindən gələndə fəxr edirəm.



- Bir qədər yaşlı tamaşaçılar Lənkəran teatrının "Ölülər", Sumqayıt teatrının "Bəxt üzüyü", mərhum rejissor Hüseynağa Atakişiyevin Şəki teatrında quruluş verdiyi tamaşaları yaxşı xatırlayır. İndi nədənsə böyük rəğbət qazanan tamaşalardan söz açılmır. Səbəb nədir?

-Bizim səhnəyə qoyduğumuz tamaşalar çoxdur, inanın, bunların hamısı güclü əsərlərdi. Amma nədənsə təşkilati işlərdə axsamalar yaranır. Bir də tamaşaları təbliğ edəcək telekanallar yoxdu.


- Məvacibiniz dolanşığa yetir? Kişi aktyorların bəziləri toylarda tamadalıq edib, birtəhər dolanır. Aktirasalar çıxış yolunu necə tapırlar?

-Məvacibimin məbləğini desəm, göz dəyər- 130 manat. Amma “maşallah” deyim, göz dəyməsin. Onu da nəzərə alsam ki, Vətənə iki əsgər yetişdirirəm, “maşallah”ı daha çox olar məvacibimin. Aktyorlar bu maaşla dolanmağa məcburdurlar. Yaxşı ki arada reklam və filmlərə dəvətlər olur.

On iki ildir həyat yoldaşımı itirmişəm. Övladlarımı tək saxlamışam. Biz ailə quranda mənim və həyat yoldaşımın anası yox idi. Yoldaşım da cavan rəhmətə getdi, mən tək qaldım iki uşaqla. Amma Allah adama dayaq olur. Bu illər ərzində Allah-Təala ruzimizi əskik etməyib. Mən övladlarımı sevdim, Allah da məni sevdi. Allahdan başqa da heç kimə əl açıb, yalvarmaram. Ana kimi tək arzum oğullarımın dəyərli kişi olmalarıdı. Mərifətli və cəmiyyətdə yerlərini tuta biləcək oğullar olsalar, elə bilərəm dünyanın ən qiymətli titulunu almışam.


Söhbətləşdi: Rəsul Mirhəşimli