“Mahmud Abbas nədən “Qarabağ Azərbaycan ərazisidir” demədi?”

mahmud-abbas-neden-qarabag-azerbaycan-erazisidir-demedi
Oxunma sayı: 3063

Fələstinin müstəqilliyinin tanınmasının sentyabr ayında BMT-də səsverməyə çıxarılması planlaşdırılır. İlham Əliyevin Mahmud Abbasla görüşdə söylədiyi fikirlər ondan xəbər verir ki, rəsmi Bakı bu səsvermədə birmənalı olaraq Fələstinin müstəqlliyinə səs verəcək”. Bunu “Qafqazinfo”ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu, Azərbaycan dövlət başçısı İlham Əliyevin Bakıda Fələstin prezidenti Mahmud Abbasla görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib. Elxan Şahinoğlu buna baxmayaraq, Mahmud Abbasın cavab nitqindən məyus qaldığını söyləyib: “Gözləmək olardı ki, İlham Əliyevin Fələstini birmənalı dəstəyinin qarşılığında Fələstin prezidenti də “Azərbaycan torpaqlarının işğalını qəbul etmirik” və ya “Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” kimi ifadələr işlədəcək. Olmadı. Bunun əvəzinə Mahmud Abbas “arzu edirik ki, Dağlıq Qarabağ problemi, qaçqınlar problemi həll olunsun. Arzu edirik ki, sülh bu torpaqlarda bərqərar olsun. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşasınlar” kimi ümumi, heç bir məna ifadə etməyən cümlələr dilə gətirib. Mahmud Abbas qətiyyətli şəkildə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olduğunu söyləsə idi, bu Ermənistana dəstək verən İran və bəzi ərəb dövlətlərinə də ciddi siqnal olardı. Çünki, başda İran olmaqla Ermənistanla sıx əlaqələri olan bir qrup ərəb ölkəsi üçün Fələstinin müstəqilliyi başlıca məsələ sayılır. Təəssüf ki, Mahmud Abbas işğalçının adını çəkmədi. Görünür, Ermənistanın xətrinə dəymək istəmirlər. Halbuki, Ermənistan prezidenti Serj Sərkisyan İlham Əliyev kimi Fələstinin müstəqilliyini dəstəkləyəcək birmənalı açıqlamalar səsləndirməyib”.