Manaf Ağayev Vüqar Hüseynovu niyə döymək istədi?

manaf-agayev-vuqar-huseynovu-niye-doymek-istedi
Oxunma sayı: 718

Bir soruşun ki, niyə? Çünki qarşılığında “canı yanmış” Manaf bir oyun çıxardı, bir oyun çıxardı ki gəl görəsən! Qərəz, toylar kralı el-aləmə sübut etdi ki, həm də telekanalların kralı, “namus”, “qeyrət”, “kişilik”, bir sözlə, “milli mentalitet” mücəssəməsidir. Vüqarın bir az da qorxa-qorxa, psixoloji hazırlıq işi görə-görə, nəzakətli müqəddimələrlə verdiyi “Heç arvadınıza xəyanət etmisinizmi?” sualının qarşılığında müğənni əvvəlcə barmaqlarına taxılmış və onu “yalan-doğru” detektoru ilə bağlayan naqilləri qırıb atdı! Sonra ayağa qalxaraq operatorlardan çəkilişi dayandırmağı tələb etdi!! Sonra “Bura gəl görüm ə!” deyə kənd uşağı ədasıyla Vüqarı səhnənin arxasına çağırıb döyməklə hədələdi!!!! Sonra da həyəcandan dili-dodağı təpiyən, rəngi-ruhu avazıyan Vüqarı səhnənin ortasındaca buraxıb köynəyini şalvarının içinə sala-sala, yalançı bir təmkinlə, qalib gəlmiş sərkərdə ədası ilə səhnəni tərk etdi! Vay sənin canın yansın, əməlli-başlı qorxutdu bizi! Bu Manaf o Manaf deyil, doğrudan da toy Manafıymış!

Bəs, oxuduğu mahnılar kimi bayağı bir toy müğənnisinə yaraşan bu kobudluq səni niyə belə ilgiləndirir?, - deyə soruşa bilərsiniz. Ömründə bircə kitabın belə vərəqini çevirməyən, işi-peşəsi boğazının qalın yerinə salıb toylarda qışqırmaqdan, gününü kababxanalarda keçirməkdən ibarət Manafdan bundan artıq nə gözləyirdin ki?, - deyə məni qınaya bilərsiniz. Tələsməyin, heç tələsməyin, bu saat hər şeyi bircə-bircə anladacağam. Məni maraqlandıran Manaf deyil və təkcə qəhrəmanımız yox, toy janrında oxuyan müğənnilərin heç biri mənim üçün ümumən maraqlı deyil.

Bütün nəzakətinə, Azərbaycan teleməkanı üçün yeni olan və onu başqalarından dərhal seçib ayıran daxili mədəniyyətinə, ziyalı görkəminə baxmayaraq, Vüqarın verilişi də söz konum yox, olsa-olsa bunun üçün bəhanədir. Amma Vüqar canı yanmış barədə bunu deməsəm, rahat olmaram. Şəxsən mən, bu qədər ziyalı görkəmə malik, kübar bir oğlana qeybət, dedi-qodu janrında verilişi yaraşdırmıram. Özü də qəti yaraşdırmıram ha!!! Almaz Ələsgərli kürəkəni ilə niyə dalaşdı? Göyçək Fatma Oksana ilə barışdımı? Səbinə Dadaşovanı polis gecə parkda tutdumu? Manaf arvadına xəyanət etdimi?... Əşşi cəhənnəmə dalaşsın, cəhənnəmdən o yana barışsınlar! Bax, sənə nə... borcu?! Bu, temalar yaxşı yaraşır işi-gücü ərlə arvadın yataq otağına boylanmaqdan ibarət olan İlham Mirzəyevə, ondan sonra yaxşı yaraşır “yaraşıqlı oğlanlara” komplimentlər deməkdən usanmayan, dişləri heç vaxt yumulmayan Nanəyə, belə yaxşı yaraşır arvadlı-kişili müğənnilərin seksual gücünü söz konusuna çevirən Zemaya, canım sizə desin, “ay” olsun, “yengəbaşı” olsun fərqi yoxdur, bütün kateqoriyalardan olan Zaurlara, day sənə yox, a Vüqar! Nə isə, özün bilərsən, öz Allahın bilər, görünür, sən də özünü belə görürsən.

Qərəz, Vüqar hekayəti bitdi, qayıdaq mətləbə. Mətləb eviyıxılmışıln isə iki qatı var. Birincisi, məsələnin sosial-psixoloji tərəfidir. Niyə telejurnalistlər son illər insanların şəxsi həyatları ilə bağlı başlarını soxmadığı kol dibi qoymurlar? Doğrudanmı, axmaq bir reytinq haqq-hesabı abır, həya, əxlaq, din, Allah, milli mentallıq və s. bu qəbil məfhumlardan üstündür? Bu suallara bir də qayıdarıq, gəlin görək konkret olaraq Vüqar niyə Manafa belə sual verdi?

Birinci ona görə ki, bir il öncə İlham Mirzəyev “Etiraf” proqramında dünyada yalnız ekstrasens “fəlsəfə professoruna” (?!) məxsus olan şit bir ədayla Manafa eyni sualı vermiş və adresatdan bütün tamaşaçıları, milli mentaliteti, əxlaqı, müqəddəs ailə qanunlarını təhqir edən yekəbaş bir cavab almışdı: “Niyə xəyanət eləməmişəm, bəyəm kişi döyülük?!” Bəs onda SMS hesabına toylar kralı adı alan Manaf indi nə üzlə çıldırır? Axı bu sualın ikinci dəfə özünə ünvanlanmasında birinci günahkar elə evitikilmişin özüdür! Və kim nəyə layiqdirsə, onu da eşidir!

İkincisi məsələnin daha ciddi – fəlsəfi yönüdür. Hə, hə, fəlsəfi və hətta metafizik. Siz Allah gülməyin, bəyəm bilmirsiniz ki, bu dünyada ən ciddi mətləblər ən axmaq formalarda təzahür edir. Onda day dünya yalan dünya olmazdı ki!

Yadınızdadırmı, dünyanın ən böyük yalanı – SSRİ yıxılandan bəri Mişa Qorbaçov tərəfindən aşkarlıq, demokratiya oyunu başladı. Sonra Nostradamusun qadağan olunmuş kitabı üzə çıxdı və məlum oldu ki, iki min il çəkən Balıq erası başa çatır və iki min il çəkəcək yeni astroloji era – Dolça başlayır. Balıq bürcündən olan Qorbaçovun gedişi və onu Dolça bürcündən olan Yeltsinin əvəzləməsi bu astroloji proqnozlara ciddi siyasi məna, qlobal miqyas verdi. Yazıçılar SSRİ-nin KQB arxivlərində tozlanan gizli həqiqətlərindən yazmağa başladılar. Məsələn, milli nəsrimizdə Elçinin “Ölüm hökmü” romanı, Ç.Abdullayevin qara qutuları açan detektiv əsərləri bu dalğada meydana çıxdı. Çünki Dolça bürcünün əsas devizi belədir: “Bütün gizlinlər aşkar olacaq!”. Əsas məsələ də elə bundadır. Zamanın bütün gizlinləri aşkar edən mentallığında. Qandınmı, a Manaf! Bu, 2003-cü ildən başlayan və iki min il çəkəcək yeni Eranın əsas xüsusiyyətidir. Day bundan sonra çaşıb Vüqarı duelə çağırmayasan ha! Nəbadə!

Bir dön böyür-başına bax da, ay evi tikilmiş! Cib telefonları vasitəsilə ən ağır cinayətlər açılır. Televizor dünyanın ən ucqar nöqtələrindəki ən xırda məsələlərdən bizi evimizin içindəcə hali edir. İctimai əhəmiyyətli yerlərdə tualetlərə belə gizli kameralar qoyulub. Hələ bir küçələrdə yarımçılpaq gəzən qadınlara bax! Qadın min beş yüz ildən bəri çadra altında gizlətdiyi məhrəm yerlərini belə naməhrəmlərə göstərməkdən çəkinmir. Bəs bunlar sənə bir şey demir? Demir ki, daha çılpaqlaşma erası gəlib. Daha heç kim heç kimdən heç nəyi gizləyə bilmir.

İnsan ağlının məhsulu olan hər şey insan üzərində hakimə, onun nəzarətçisinə, hakimi-mütləqə, hər şeyi görən gizli kameraya - Allaha çevrilir. Axirət dünyaya transform olunur. Yalan dünya həqiqiləşir. Buna ilhamlar, zemalar, zaurlar neyləsin, a Manaf?! Onlar olmasın, sən ol, məgər belə eləməzdin?! Onlar zamanın bu yeni mentallığını öz bayağı idrakları səviyyəsində əks etdirir, azarbaycansayağı bir “səmimiyyət” oyunu oynayırlar. Ona görə, sənin iki yolun var: qardaş, ya gərək açıla biləcək gizli işlər görməyəsən, ya da gərək vüqarların qabaqğında çıldırmayasan! Bildin, ya yox?!

Elə bayaqdan ondan-bundan danışıram, özümü yaddan çıxarmışam. İndicə mənə əyan oldu ki, sən demə sözümün əvvəlində Nostrdamusun adını çəkməkdə çaşıb eləməmişəm. Allah sənə, rəhmət eləsin, a uzun kepkalı kişi, sən nə uzun görürsənmiş!