Mayın 28-nə yaxın düşdü bu olay...

mayin-28-ne-yaxin-dusdu-bu-olay
Oxunma sayı: 674

Adam istəyir məmləkətdə yeri göyü lərzəyə gətirən bu təntənə heç bitməsin. Avropa ardı-arası kəsilmədən axın eləsin, polis bu sayaq qorusun qaydanı, maşın beləcə yox olsun kandardan. Olanda olur...

Baxma, yol-yasağın belə yaxşı şəklə düşməsi adamların üzünə-gözünə də bir rahatlıq gətirib. O nə gərgin sürücülər idi,- küçələrdə, o nə gərgin piyadalar idi, - keçidlərdə... Dənizin içinə yol açdığımız gündən çiynimizdəki ağırlıq azalıb sanki. Demə yollardakı gərginlik şəhər əhlini nə qədər əsəbləşdirirmiş. 5-10 dəqiqəlik boş vaxtını bir-birinə siqnal verməklə keçirirdi xalq. İndi yolüstü bir kafeyə uğrayan var, ayaqsütü dostuna baş çəkən var, naharda evinə dəyib qayıdan var, tini burulub, keçmişkən dayısı, əmisigilə girən var. Necə böyük səadəti nə qədər xırda qayda-qanunlarla yoluna qoymaq mümkünmüş...

Bir xanım əfəndi dünən yarışmanın açılışında olub. Deyir: “Nə rahatdı, bir anın içində başqa ölkəyə düşdük elə bil. Nə gözəl təşkil olunub, necə səviyyəli hazırlıq sərgilənir”. Olanda olur...

İzlədik yarışmanı, zövq aldıq, qürur duyduq. Böyük iş, böyük zəhmət...
Dünyanın 45 ölkəsi - düşmənli-dostlu dönüb bizim Bakıya baxdı...
Bizə bax aa, hardaaan hara...

28 may bayramı da yaxınlaşır bu ara. Yaxşı zamana təsadüf elədi. Təsadüfmü gerçəkdən? Kişilər vardı bir zamanlar. Azərbaycanın bu gününü görmək amalı, arzusuyla yaşayan, bir bayrağı uğuruna, adının önündəki bir “müstəqil” sözünə canlarını verən, necə, neçə kişilər vardı... Çarın dövründə Dumaya bir azərbaycanlı qlasnının seçilməsi üçün gecə-gündüz yollar arayan, azərbaycanlının seçmək, seçilmək hüququ üçün hər şeyindən keçən kişilərin ruhu şad olsun deyə, mayın 28 nə yaxın düşdü bu olay.

May ayı sevimli olacaq bu ölkə üçün həmişə... Düşərli olacaq. Bir gün Qarabağın azadlığını da may ayında keçirmək ümidi var.

100 yaşım olar, ömrümdə birinci dəfəydi 28 may küçəsindən belə ləzzət ala-ala keçirdim...