MDHP sədri, millət vəkili “Sayokan”çıları qəbul edib

mdhp-sedri-millet-vekili-sayokancilari-qebul-edib-
Oxunma sayı: 635

Açılış edən MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli partiyanın həyata keçirdiyi işlər haqqında idmançılara məlumat verib. O bildirib ki, MDHP sədri Fərəc Quliyev yalnız ölkənin qanunverici orqanında (Milli Məclis) deyil, həm də ölkəmizin beynəlxalq aləmdə (Avronest Parlament Assambleyası) təmsilçisidir. Partiyanın bütün sahələr, həmçinin idman üzrə fəaliyyətlərinin olduğunu diqqətə çatdıran Seymur Həsənli Türk Birliyinə gedən yolun ayrı-ayrı türk dövlətlərinin bütün sahələr üzrə əməkdaşlığından, birgə fəaliyyətindən keçdiyini diqqətə çatdırıb.

Çıxış edən MDHP sədri, millət vəkili Fərəc Quliyev “Sayokan”çıları salamlayaraq idmançılarla ünsiyyətdə olmağın əhəmiyyətindən bəhs edib. O bildirib ki, müharibə şəraitində yaşayan ölkədə gənclərimizin fiziki inkişafı və onların psixoloji hazırlığı əsas şərtdir. “Mən özüm də vaxtilə idmanla məşğul olaraq respublika birinciliyinə qədər yüksəlmişəm. Hazırda bir sıra idman federasiyalarının fəxri prezidentiyəm. Bütün bunlara baxmayaraq, düşünürəm ki, hər millətdə olduğu kimi, biz də türk milləti olaraq öz idmanımızı yaşatmaq və inkişaf etdirməliyik.”

Sonra “Sayokan” döyüş mərkəzinin prezidenti Vasif Namazov çıxış edərək, mərkəzin qazanmış olduğu uğurlar və regional şöbələri haqqında məlumat verib. “Sayokan”ın digər idman növlərindən bir sıra fərqlərinin olduğundan bəhs edən mərkəz rəhbəri, qarşılaşdıqları problemlər, hələ də “federasiya” formasında qeydiyyata alınmamaları barədə Fərəc Quliyevə geniş məruzə edib. “Yad millətin idman növləri qeydiyyata alınır, amma öz millətimizə məxsus Sayokan (SAvaşçının YOlu və KANı) hələ də federasiya olaraq qeydiyyata alınmayıb.”

Fərəc Quliyev mövcud problemlər üzrə qeydlər apararaq, idmançılara əlindən gələn bütün dəstəyi göstərəcəyini və keçiriləcək yarışlarında iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə MDHP sədrinin ideoloji və siyasi məsələlər üzrə müavini Tahir Seyidov, Güney Azərbaycan departamentinin sədri Əlirza Amanbəyli, Gənclər Təşkilatının üzvləri, “Sayokan”ın Türkiyə nümayəndələri də iştirak edib.