“Mədəniyyət insanları yaxşı anlamaq üçün ən gözəl vasitədir” - Birinci xanım

medeniyyet-insanlari-yaxsi-anlamaq-ucun-en-gozel-vasitedir-birinci-xanim
Oxunma sayı: 682

"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bu gün Roma şəhərindəki məşhur "Villa Borghese" parkında abidəsinin açılışı olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə AzərTAc dövlət agentliyi xəbər yayıb.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. .

Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri Serena Forni tədbirdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu mərasimdə iştirakına görə minnətdarlığını bildirərək, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını ölkələrimiz arasında dostluğun rəmzi kimi qiymətləndirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Abidənin ucaldılmasında əməyi olan insanlara minnətdarlığını bildirən Mehriban xanım Əliyeva bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırlatmış və qeyd edib ki, dahi şairimizə möhtəşəm abidənin açılması bu hadisənin kulminasiya nöqtəsidir.

"Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir", - deyən Mehriban xanım Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyindən danışmış, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin "Nizami Gəncəvi ili" elan edildiyini diqqətə çatdırıb. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır.

Mehriban xanım Əliyeva Nizami yaradıcılığının yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçildiyini vurğulayıb, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləyib.

Dahi Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib:
- Mən əminəm ki, belə möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da onun yaradıcılığına, poeziyasına diqqət və marağı artıracaqdır. Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcəkdir.

İtaliya ilə Azərbaycan bu gün demək olar ki, bütün sahələrdə tərəfdaşdır və bizim mədəniyyət sahəsində görüşlərimiz artıq ənənəvi xarakter daşıyır.

“Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir”, - deyən Mehriban xanım Əliyeva əminliklə bildirib ki, gələcəkdə ölkələrimiz arasında daha çox görüşlər, birgə maraqlı layihələr olacaq və əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Dahi şairin Romadakı abidəsinin müəllifləri Xalq Rəssamı Salxab Məmmədov və Əməkdar Rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən də təsdiqlənib.

İtaliyanın paytaxtında dahi şairin abidəsinin ucaldılması bir daha təsdiqləmişdir ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti yüksəkliklərə qaldırmışdır. Qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Odur ki, Romada açılmış abidə Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik ədəbiyyatımızın dünya miqyasında təbliği istiqamətində atılan mühüm addımdır.