“Mədəniyyət və Turizm Nazirliyində rus dili hakim dildir” - Müsahibə

medeniyyet-ve-turizm-nazirliyinde-rus-dili-hakim-dildir-musahibe
Oxunma sayı: 794

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun “Qafqazinfo”ya müsahibəsi:

- Türkiyədəki parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

- Türkiyədə keçirilən seçkilər təbii ki, türk xalqının seçimidir və biz buna hörmətlə yanaşmalıyıq. Könül istərdi ki, daha fərqli bir baxış olsun, amma yürüdülən siyasət və aparılan işlər bu günkü nəticəni ortaya qoydu. Mən ona görə də hesab edirəm bu seçkilər həm də Azərbaycan üçün nümunədir. Ona görə də bu seçkinin nəticələri Türkiyə seçicisinin haqqıdır, onun arzuladığı və reallaşdırdığıdır. Ona da biz hörmətlə yanaşmalıyıq. Orada millət, demokratiya mövqeyində olan hər kəsin fəaliyyətini alqışlayırıq, onlara uğurlar arzulayırıq. Azərbaycanın da bundan böyük nümunə götürməsini istəyirik. Millətçi, hərəkatçı insanlarımızı, seçilənləri də təbrik edirik. Daha böyük gözləntilərimiz vardı, amma bu gözləntilər təəssüflər olsun ki, alınmadı.

- Siz seçkilərdən hansı nəticəni gözləyirdiniz?

- Bir az bundan fərqli gözləyirdim, amma o qədər də böyük fərqlə yox.

- Hansı partiyanın qalib olmağını istəyirdiniz?

- Qalib bu gün ortadadır, amma bizim istək arzumuzdan asılı deyil. Onların yürütdüyü siyasətin nəticəsidir və hesab edirəm i, nə olacaqsa anadoluluların özlərinin dediyi kimi millət üçün, dövlət üçün xeyirli uğurlu olsun.

- KXCP-nin qurultayı ilə bağlı vəziyyət nə yerdədir?

- Bilirsiniz ki, biz qurultayın yeri və günü ilə bağlı bir aydan çoxdur Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. BŞİH də mövcud qanunlar çərçivəsində bizə cavab verib. Az qala bir aydır ki, o cavab var. Bizi get-gələ salmaq üçün müraciəti Mədəniyyət və Turizm Nazirliyinə ünvanlayıb. Təəssüflər olsun ki, Mədəniyyət və Turizm Nazirliyi daha çox turizmlə məşğuldur və bir az da protokolları bilmirlər. Mədəniyyət və Turizm Nazirliyi ilə bizim dostlarımız gündəlik təmasdadırlar. Əlaqə yaradırlar, zəngləşirlər, görüşürlər hətta bu gün bir neçə dəfə zəng olub, iki dəfə də görüşə gediblər. Amma rəsmi cavab ala bilmirik, məktubla ötür-ötür oynayırlar. Bütün bunları nəzərə alaraq da biz bir neçə gün bundan qabaq qurultayımıza yer verilmədiyinə görə BŞİH-ə təkrar müraciət etdik ki, Mədəniyyət və Turizm Nazirliyi bütövlükdə Azərbaycanda bir qaydanı bilmədiyinə görə, həm də bu qaydaları onlara öyrətmək borcumuzdur deyə, biz piket keçirmək qərarına gəlmişdik. Həmin piketin keçirilməsi ilə bağlı da BŞİH-ə müraciət etmişdik. Piketin iki ünvanda keçirilməsi nəzərdə tutulurdu və bu gün də o qüvvədədir. Bu gün BŞİH qarşısında piket olmalıdır, onlara xəbərdarlıq etmişik, onlardan da xəbərdarlıq məktubu almışıq. Biz israrlıyıq ki, qurultayımızı keçirək və belə görünür ki, qurultayımızın keçirilməsinə süni əngəllər törədərək, mane olmaq istəyirlər. Yer məsələsini problemə çeviriblər və yerlə də bağlı ola bilsin ki, dəyişiklik gözlənilsin. İyunun 24-də qurultayın keçirilməsinə yer verilməsə, vaxt çox dardı və bu razılıq əldə edilmədiyinə görə, biz dəvətnamələrimizi və mandatlarımızı nəşr edə bilmirik.

- Deyirsiniz ki, süni əngəl törədilir. Sizcə bu nə ilə bağlıdır?

- Bilmirəm. Başa düşdüyüm qədərilə BŞİH qurultayın keçirilməsinə etiraz etmir. Amma həm də dolayısıyla etiraz edir. Etiraz etmir, amma deyir ki, dediyimiz ünvanlara cavabdeh, onların icarə səlahiyyəti nazirlikdədir. Nazirlik də susur, adi qaydalara riayət etmir. Bir həftə müddətində cavab olmalı idi, bu cavabı verə bilmirlər, amma şifahi şəkildə telefonla danışanda bizim dostlarımıza xeyli “maraqlı” məsələlər danışa bilirlər. Amma, bu məsələləri isə yaza bilmirlər. Bu da o deməkdir ki, bu struktur yerli dibli işləmir, işləmək nə olduğunu bilmir. Burada daha çox rusdilli insanlar bizimkilərlə danışıblar, orada deyəsən rus dili hakim dildir, mədəniyyətin yəqin göstəricisi bundan ibarətdir. Ortaya rəsmi sənəd qoya bilmirlər. Hətta, bizim qənaətimiz budur ki, sənədi, rəsmi məktubumuzu itirməyə çalışacaqlar.

- Bununla bağlı prezidentə müraciətiniz gözlənilir?

- Mənə elə gəlir ki, bütün bu strukturlar hamısı dövlət başçısına məruzə etməlidir, borcludurlar. Ən azından məlumatlandırmalıdırlar. Ona görə ki, bizim qurultayımızdır, bu məsələlərdə də siyasi qərarlar olur. Əgər etmirlərsə, deməli öz işlərini gözəl bilməlidirlər, bu məsələni həll etməlidirlər. Etmirlərsə doğur deyil, edirlərsə də niyə razılıq yoxdur? Çox müəmmalıdır. Biz yəqin ki, son nəticəni, nəyin bahasına olursa olsun Mədəniyyət və Turizm Nazirliyindən mütləq rəsmi cavab alacayıq. Bunlar bizə şifahi cavablarda deyirlər ki, göstərdiyiniz ünvanlarda, yəni teatrlarda, gərək siz 3 ay əvvəl bizə müraciət edəsiniz, biz onların repertuarı ilə tanış olaq, bəlkə tədbirlər var. Amma biz dəqiq bilirik ki, adını çəkdiyimiz yerlərlə danışıq aparmışıq, məlumatlanmaq üçün həmin günə tədbir yoxdur.

Fatimə Kərimli