Məə-Məə

mee-mee
Oxunma sayı: 882

Evlilik həm dinimiz İslam, həm də adət-ənənəmiz baxımından olduqca müqəddəs və təqdir olunan bir həyat hadisəsidir. O zaman niyə ayıb bir şeymiş kimi həyat yoldaşlarımız haqqımda danışarkən üzr istəməliyik ki? Bilmirəm, bəlkə də birilərinin “ailə” kəlməsini duyduğunda ilk ağlına gələn şey yataq otağıdır, onun üçün “bağışlayın” kəlməsini istifadə etməyi məcbur hiss edir. Amma ailə yalnızca “o” deyil. Yaşım-başım gərəyi ailə haqqında yekəbaş cümlələr qurmayacam. Sadəcə əzizlərim, atasız uşaq doğanların, qızının videoları yayılan anaların, gözümüzün içinə baxa-baxa “hörmət” istəyənlərin belə utanmadığı bir məmləkətdə yaşadığımız zaman arvadımızdan, ərimizdən, ailəmizdən, uşaqlarımızdan niyə utanaq ki? Bunu dəyişdirməliyik...

Beş-altı öncə yaranan və qışqırtıcı mövqedə olan gənclər təşkilatları nümayəndələri (Dalğa, Ol, An, və s.) siyasi tələblərlə birlikdə bir sıra adətlərə də qarşı çıxırdılar. Bir fikirləri də avtobus, metro və digər kütləvi nəqliyyat vasitələrində xanımlara yer verməyin lüzumsuzluğu idi. Gənc xanımların kifayət qədər güclü olduqlarını və bəylərlə birlikdə ayaq üstə səyahət edə biləcəkləri fikri mənim də ağlıma batmışdı. Nə yalan deyim, ilkin gənclik illərimdə mən də bir az “cayıl” idim, feminizm başıma vurmuşdu, zamanla yaşa dolduqca və ya həyat təcrübəm artdıqca var olan bir sıra yazılmamış qanunların altında həqiqətlərin yatdığını anladım. Ayaq üstə səyahət hamiləliyin ilkin-xaricdən anlaşılmayan aylarında və ya xanımların xüsusi günlərində olduqca ağır və gələcəyə yönəlik təhlükəlidir. Demək ki, halının nə olduğunu bilmədiyimiz üçün (əziz bəylər) xanımlara kütləvi nəqliyyat vasitələrində yer vermək lazımdır. Bunu dəyişdirməyək...

Hər beş ildən bir parlament seçkiləri dönəmində Milli Məclisə seçilmək istəyənlərin vədləri onun dəyərini olduğundan daha artıq göstərir. Seçicilərinə özünü vəkillikdən daha çox kanalizasiya ustalığı, elektrik, svarşik, asfalt çəkən, lift düzəldən, iş yeri açan və s. kimi tanıdanlardan 125-i parlamentə yollanır. Onlar əlbəttə ki, parlamentdə kanalizasiya ustalığı, elektrik, svarşik, asfalt çəkən, lift düzəldən, iş yeri açan və s. Kimi fəaliyyət göstərmirlər. Amma bir çoxu millətinə vəkillik də etmir. Doğrudur, MM-də həqiqətən də sözünü deyə bilən, ciddi müzakirələrə qoşulan və dartışan vəkillər də var. Mən ABŞ rəsmiləri qədər qəddar olub bir müxalifət olduğunu da demirəm. Parlamentdə o “bir”dən başqa rüşvət və korrupsiya mövzusunda ciddi tənqidlər səsləndirən Fazil Mustafa, Qüdrət Həsənquliyev, təhsil sistemində çatışmazlıqlar və paytaxt memarlığının pozulmasından narahatlığını dilə gətirən Asim Mollazadə, milli problemləri daima səsləndirən Sabir Rüstəmxanlı və digərləri seçilir. Lakin 125-lik məclis görüntüsü bu barmaqla sayıla bilənlərin səslərini batırır. Qanunların kütləvi müzakirəsiz qəbulu olduqca kütləvidir. MM abreviaturasını eM-eM şəklində deyil Məə-Məə kimi oxumaq daha münasib görünür. Bəlkə bunu dəyişdirək?