Məhəmməd İmanlının evindən külli miqdarda pul çıxdı

mehemmed-imanlinin-evinden-kulli-miqdarda-pul-cixdi
Oxunma sayı: 881

İdarədən verilən məlumata görə, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

M.İmanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 (qırx min) manat pulu təqdim etmiş, həmçinin yaşadığı evdən müxtəlif əskinaslarla ümumilikdə 79.300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61.260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

Həmin fakta görə Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. M.İmanlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əgər ittiham təsdiqlənərsə, Məhəmməd İmanlını səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Hələlik Məhmməd İmanlının vəkili, ya da yaxınlarının bu ittihamlarla bağlı hər hansı münasibəti bəlli deyil.

Məhəmməd İmanlı hüquq sahəsinə aid kitablardan və elmi monoqrafiyalardan başqa, Heydər Əliuyev, İlham Əliyev, Arif Paşayev, Ramiz Mehdiyev və Heydər Əliyev Fondu ilə bağlı nəşrlərin müəllifidir.