Məhəmməd Peyğəmbərin şəxsi əşyaları Qafqazda

mehemmed-peygemberin-sexsi-esyalari-qafqazda
Oxunma sayı: 985

İslamın yaradıcısı Məhəmməd (s.ə.s) Peyğəmbərə aid əşyaların Çeçenistanın paytaxtına gətirilməsi böyük izdihamla müşaiyət olunub. Qroznıda müqəddəs əşların nümayişində iştirak edən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə onların Azərbaycana gətirilməsini də istisna etməyib.

Göyərtəsində Məhəmməd (s.ə.s) Peyğəmbər və onun ailə üzvlərinə aid müqəddəs əşyalar olan təyyarəni qarşılamaq üçün bütün Çeçenistan ərazisindən müsəlmanlar axışmışdı. Məhəmməd (s.ə.s) Peyğəmbərə aid müqəddəs əşyaları qarşılamaq üçün Çeçenistan rəhbərliyi, deputatları və bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də gəlmişdi. Havanın yağışlı olmasına və təyyarənin nəzərdə tutulan vaxtdan gec gəlməsinə baxmayaraq, demək olar ki, hər dəqiqə insanların sayı artırdı.

Nəhayət, gözlənilən an çatdı. Hər bir müsəlman üçün əziz və müqəddəs olan əşyaları gətirən təyyarə yerə endi. Əşyaları Birləşmiş Ərəb Əmirliyinin şeyxi Əhməd Bin Mühəmməd Əl-Həzrətinin başçılığı altında 45 nəfərdən ibarət nümayəndə heyəti gətirdi. Məhz bu şəxsin ulu babaları Məhəmməd (s.ə.s) Peyğəmbərin şəxsi əşyalarını saxlamaq şərəfinə nail olub. Hava limanında toplaşmış insanlar təyyarədən çıxarılan hər bir əşyanı Allahu Əkbər kəlməsi ilə müşaiyət edirdilər.

Hava limanından müqəddəs əşyaları aparan kortej Əhməd Kadırov adına mərkəzi məscidə yollandı. Hava limanından məscidə doğru gedən yolun hər iki tərəfi insanlarla dolu idi. Məsciddə isə izdiham müqəddəs əşyaları gözləyirdi.

Qeyd edək ki, 16 əşyanın arasında Məhəmməd (s.ə.s) Peyğəmbərin saçı və saqqalından olan tüklər, həmçinin ayaq izi və əbası da var.

Bundan başqa Həzrəti Əli, Xəlifələr Ömər, Osman, Əbu Bəkr, eləcə də İmam Hüseyn və Həsənin saçları və saqqalların tükləri nümayişə çıxarıldı. Peyğəmbərin qızı Həzrəti Fatimənin sürmə üçün qabı da nümayiş etidirilən əşyalar arasında idi. Bütün əşyalar şüşə qablarda xüsusi qarışıqda saxlanılır.

Bütün Qafqazın şeyxi Haci Allahşükür Paşazadə bu müqəddəs əşyaların Çeçenistana gətirilməsinin İslam dininə olan rəğbəti artıracağını bildirir. Bütün Qafqazın şeyxi bu müqəddəs əşyaların Azərbaycana gətirilməsini də istisna etmir.

Qeyd edək ki, müqəddəs əşyalar Çeçenistana ikinci dəfədir gətirilir. Bu ilin yanvarında Türkiyədən Peyğəmbərin bir neçə saçı və badəsi də gətirilib.