“Məhəmməd peyğəmbərin təcrübəsindən çıxış etmək lazımdır”

mehemmed-peygemberin-tecrubesinden-cixis-etmek-lazimdir
Oxunma sayı: 654

“Cəmiyyətdə dinə qarşı təxribatlar hər zaman olub. Bunların hamısı xurafat, cəhalətlə əlaqəlidir”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iyulun 17-də Qafqaz Müsəlmanları İdarəsində keçirilən mətbuat konfransında deyib. Ramazan ayının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Elşad İskəndərov bildirib ki, xurafatdan, cəhalətdən çıxış yolu maarifləndirmə işləri aparmaqdadır: “Maarifləndimə işinin əsas istiqamətlərindən biri Azərbaycanın tarixi ənənələrinə uyğun dini təbliğat aparılmasıdır. Bu təbliğatı isə mütləq Qafqaz Müsəlmanları İdarəsi ilə birgə reallaşdırmalıyıq”.
Gənc nəslin dini biliklərinin səviyyəsindən söz açarkən Elşad İskəndərov təəssüflə vurğulayıb ki, bəzi gənclərdə iki-üç il namaz qılandan sonra radikal fikirlər formalaşır: “Belə gənclər özlərini daha çox haqlı sayır, qarşısındakını mühakimə etməkdən çəkinmir. Amma yaddan çıxarmaq olmaz ki, hətta kimisə mühakimə edəndə də Məhəmməd peyğəmbərin təcrübəsindən çıxış etmək lazımdır. Onun həyat təcrübəsi göstərir ki, hətta ədalətsiz şəxslərlə də necə mehriban davranılıb, onlara necə həlim yanaşılıb. Bu gün mühakimə etməkdən daha çox nəzakətli və əxlaqlı yanaşma hissi aşılanmalıdır. Azərbaycanda islamın, dindarın əsas xüsusiyyəti bu olmalıdır. Tolerantlıq, dözümlülük bunlardan qaynaqlanır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəli şəkildə fəaliyyət qurulmasının vacibliyini önə çəkib: “Din və dövlət xalqa, millətə layiqli vətəndaşlar yetişdirməlidir. Bunun üçün hər iki qurum arasında əlaqələndimə olmalıdır. Bəzən bizim quruma siqnallar daxil olur ki, dini icma nümayəndələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerlərdəki əməkdaşları ilə əlaqə saxlamaq istəmirlər. Amma yaddan çıxarmaq olmaz ki, yalnız birgə işin sayəsində dini radikalizm, xurafat, dini savadsızlıq aradan götürüləcək”.
Elşad İskəndərov Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı xütbə və moizələr planını müsbət qiymətləndirib: “Bu planda mövzular müəyyənləşdirilir. Onun böyük əhəmiyyət daşıdığına əminik. Dini təhsilə gəlincə, bununla bağlı gözləmələrimiz çoxdur. Yetər ki, bu istiqamətdə bütün imkanlardan istifadə olunsun”. /Media forum/