Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısında çıxış edib

mehriban-eliyeva-yunesko-nun-xosmeramli-sefirlerinin-11-ci-illik-toplantisinda-cixis-edib
Oxunma sayı: 720

Ölkəmiz həmin illər ərzində bir çox problem və çətinliklərlə üzləşdi, lakin biz həmin gərgin şəraitdən layiqincə çıxdıq və öz dövlətçiliyimizi qurduq. Bu gün Azərbaycan həyatın bütün sahələrində, o cümlədən mədəniyyət, elm və təhsildə dinamik inkişaf edən müasir ölkədir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı yüksək templə inkişaf edir və ölkəmiz regionun şəksiz iqtisadi lideridir”. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısındakı çıxışında deyib.

Azərbaycanın birinci xanımı bildirib ki, YUNESKO ilə Azərbaycan arasında güclü və dəstəkləyici tərəfdaşlıq təşəkkül tapıb. Onun sözlərinə görə, YUNESKO həm Azərbaycan hökuməti, həm ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığını inkişaf etdirir. Mehriban Əliyev qeyd edib ki, YUNESKO və Heydər Əliyev Fondunun dəstəyi ilə biz yeni muzey və mədəniyyət mərkəzləri tikir, Azərbaycanda yüksək səviyyəli musiqi festivalları təşkil edir və beynəlxalq konfranslar keçirilir.

“Biz təhsilin inkişaf etdirilməsi, bəşəri mədəni irsin qorunması və təhsilə daha geniş çıxışın təmin edilməsi, ən vacibi isə, yoxsul ölkələrdə və ehtiyac duyan ailələrdə uşaqlara təhsilin verilməsi kimi bir çox vəzifələri öz qarşımızda qoymuşuq. Çətinliklər məngənəsində olan insanlara yardım göstərən ilk təşkilatlardan biri də hər zaman məhz YUNESKO olur”, - YUNESKO-nun xoşməramlı səfiri deyib.

Mehriban Əliyeva Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bildirib ki, münaqişə hələ də həll olunmayıb: “Ölkə torpaqlarının böyük bir hissəsi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarına qayıtmaqdan məhrumdur. Qaçqın və məcburi köçkün düşərgələrində anadan olmuş və böyümüş uşaqlardan ibarət yeni nəsil öz yurd-yuvaları barədə məlumatı yalnız ata və babalarından öyrənir. Böyüklərlə yanaşı, bu uşaqların da təhsil və tibbi yardım almaq, inkişaf etmək və parlaq gələcəyə malik olmaq hüququ var. Buna görə də biz hərbi münaqişələr və təbii fəlakətləri yaşamış bütün ölkə və xalqların ağrılarını anlayırıq və bölüşürük. Həmin insanlar nəinki qidaya, çadırlara və tibbi ləvazimata ehtiyac duyurlar. Təsirə məruz qalmış yerlərin sakinlərinin normal həyatı bərpa olunmalıdır. Dünyadakı bütün uşaqlar kimi, müharibə və təbii fəlakətlərin acılarını yaşamış gənclərin də xoşbəxt gələcəyə haqqı var”.

Azərbaycanın birinci xanımının sözlərinə görə, qarşıda duran mühüm və ağır vəzifə hərbi əməliyyatlar və münaqişələr zonalarında tarixi abidələrin qorunmasından ibarətdir. O bildirib ki, bu abidələr qorunmur və bir çox hallarda məhvə məruz qalır: “Belə cinayətlər bəşəriyyətin irsinə qarşı yönəlir. Bu irsin qorunması və mühafizəsi təşkilatımızın əsas prioritetlərindəndir”.