Mehriban Əliyevaya Türk dünyasının nüfuzlu ödülü verildi

mehriban-eliyevaya-turk-dunyasinin-nufuzlu-odulu-verildi
Oxunma sayı: 682

O, türk dünyasının böyük gücə sahib olduğundan onun qarşısında hər zaman təhlükə olduğunu deyib. Akenginin sözlərinə görə, türk dünyası şovinizmə deyil, millət dəyərlərinə sahib çıxır. Azərbaycanın türk dünyasında müstəsna rolu olduğunu söyləyən başqan qeyd edib ki, “Eurovision-2011” müsabiqəsində Azərbaycanın birinciliyi bütün türk dünyasının birinciliyidir: “Türk dünyası üçrəngli bayraq altında azərbaycanlıdır, ay ulduzlu bayraq altında türkdür, Qazaxıstan bayrağı altında qazaxdır”.

Akengin bildirib ki, Qəzza islam dünyasının qanayan yarası olduğu kimi Qarabağ da islam dünyasının qanayan yarasıdır. Onun sözlərinə görə, Qəzza kimi Qarabağ münaqişəsi də həmişə gündəmdə olmalıdır. Akengin daha sonra mükkafata layiq görülən müxtəlif ölkələrdən olan qaliblərin adlarını elan edib. Azərbaycandan bu mükafata Yunesko və İseskonun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva layiq görülüb. Əliyevanın mükafatı ona təqdim olunmaq üçün Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıça verilib. Akengin qeyd edib ki, Mehriban Əliyevaya bu mükafata Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərlə yanaşı, həm də Dağlıq Qarabağ qaçqınlarına göstərdiyi qayğısına görə layiq görülüb. Almaniyadan araşdırmaçı yazıçı Yücel Feyzioğlu, Qazaxıstandan türkoloq Dosay Kencetay, Şimali Kipr Türk Cümhuriyyətindən araşdırmaçı Mustafa Gökçeoğlu, Macarıstandan türkoloq Edit Tasnadı, Türkiyədən türk dil qurumunun başqanı Şükrü Haluk Akalın, Türkiyə memarlar mühəndislər birliyinin başqanı İlyas Dəmirçi, araşdırmaçı yazıçı Əli İhsan Kolcu və Çingiz Alyılmaz, redaktor Hasan Bölük də mükafata layiq görülüb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç isə iki ölkə arasında əsgəri ittifaq deyil, qardaşlıq olduğunu söyləyib: “Azərbaycan bizim vətənimizdir. Türksava dedim ki, yavru vətəndən sonra öz vətənimizdə, Azərbaycanda da bu mərasimi keçirək. Türkiyə sərhədlərini niyə bağladı? Bu birlik, bərabərlik mesajı idi. Azərbaycan torpaqları geri qayıtmayana qədər sərhədlər açılmayacaq. ABŞ Türkiyəyə basqı etməkdənsə, suçluya etsin”.

Səfir Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qalibiyyətinə də münasibət bildirib. Kılıç Eldarla Nigarın türk bayraqları ilə səhnəyə çıxmasının qürurverici hiss olduğunu söyləyib. O, gələn il bu mükafatın Eldarla Nigara verilməsini arzu etdiyini deyib.

Nərgiz Ehlamqızı