“Məktəblər şadlıq evinə çevrilib” – Millət vəkili

mektebler-sadliq-evine-cevrilib-millet-vekili
Oxunma sayı: 662




“İndiyə qədər Azərbaycanın dövlət büdcəsi investisiya yönümlü büdcə olub. Sevindirici haldır ki, gələn il üçün nəzərdə tutulan büdcə investisiya yönümlü deyil, sosial xarakter daşıyır. Artıq vətəndaşlarımızın təhsil, səhiyyə kimi sahələrdə bu investisiyaların bəhrəsini görməsinin vaxtı çatıb”.Bu fikri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin altı komitəsinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. “Biz dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlərin artımını gözləyirdik. Amma təəssüf ki, Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsində ağırlıq yenə də Dövlət Neft Fondunun vəsaitlərinin üzərinə düşür” –deyən millət vəkili islahatların aparılması vacib olan sahələrə toxunub. Qeyd edib ki, yeni xəstəxanaların tikilməsi, müasir tələblərə cavab verən diaqnostik mərkəzlərin açılması müsbət haldır. Amma səhiyyə sahəsinin inkişafı, əhalinin pulsuz tibbi yardımdan faydalanması üçün məcburi tibbi sığorta sisteminin tətbiqi zəruridir.

“Ayda 80 manat maaş alan həkimlərin əməkhaqqını 10-20 manat artırmaqla onların problemini həll etmək olmaz. Məcburi sığortanın tətbiq olunması isə, həm həkimlərin əməkhaqqı problemini həll edəcək, həm də ölkə səhiyyəsinin səviyyəsini yüksəldəcək” –deyən millət vəkili təhsil sahəsinin problemlərinə də toxunub. O qeyd edib ki, müasir tipli təhsil komplekslərinin inşa olunmasına, məktəblərin yenilənməsinə adekvat olaraq təhsilin səviyyəsini də yüksəltmək zəruridir. A.Mollazadənin fikrincə, məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili və ali təhsillə bağlı müvafiq qanunvericilik bazası yaradılmalı, təhsilin bu sahələrində ciddi islahatlar aparılmalıdır. «Büdcədən təhsilə ayrılan pullar birbaşa ailələrə istiqamətləndirilməlidir ki, valideynlər uşaqlara bilik vermək məqsədilə əlavə vəsaitlər sərf eləməyə məcbur olmasınlar»- deyən A.Mollazadə hesab edir ki, orta məktəbi bitirib ali təhsil almaq imkanı olmayan gənclərin texniki təmayüllü təhsilə yönəldilməsi vacibdir: “Texniki təmayüllü məktəblərin 600-dən çoxunun binası özəlləşdirilib və şadlıq evlərinə çevrilib, nəticədə gənclik texniki təmayüllü təhsildən məhrum olub”.

Millət vəkili prezidentin Boloniya sisteminə keçidlə və xaricdə təhsillə bağlı sərəncamlarının yerinə yetirilməsinin ləngidiyi deyib. O, dünyadakı 5 min universitet arasında Bakı Dövlət Universitetinin 621-ci yerdə olmasını Boloniya sisteminə inteqrasiyadakı çatışmazlıqlarla izah edib. A.Mollazadə çıxışında universitetlərin yataqxana probleminə də toxunub: «Dünyanın bütün nüfuzlu universitetlərinin yataqxanaları var. Bizdə isə, rayonlardan ali təhsil almağa gələn gənclər kifayət qədər bahalı şəhər olan Bakıda kirayədə qalmağa məcbur olurlar. Tələbələrin rahatlığını təmin etmək məqsədilə universitetlər üçün yeni yataqxanalar tikilməli və ya köhnə binalar təmir edilməlidir».

Millət vəkili dünyadakı iqtisadi böhran və inflyasiyanın Azərbaycanın xaricdəki diplomatik korpusunda işləyən diplomatların maddi durumuna mənfi təsirindən də danışıb. O qeyd edib ki, diplomatların əmək haqları onların işlədikləri ölkələrdəki inflyasiya ilə indeksləşdirilməlidir.