Məleykə Abbaszadə özəl ali məktəbləri hədəfə götürdü

meleyke-abbaszade-ozel-ali-mektebleri-hedefe-goturdu
Oxunma sayı: 657

“Azərbaycandakı özəl universitetlər tələbələrin sayını güdür. Onlar aşağı bal toplamış abituriyentləri universitetlərinə qəbul etməkdə maraqlıdırlar”. “Qafqazinfo”nun məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, TQDK keçid balını aşağı endirsə də, bu balla ancaq özəl universitetlərə qəbul həyata keçirilir. Aşağı bal toplayan abituriyenti yalnız özəl universitetlər qəbul edirlər.

Bu gün həmçinin Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. Saat 11.00-da başlayan imtahan 3 saat davam edəcək. M. Abbaszadə bildirib ki, imtahan respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada keçirilir: “Orta ümumtəhsil müəssisələrindən 1970 nəzarətçi müəllimin iştirak etdiyi imtahana 193 imtahan rəhbəri cəlb olunub. Bu il II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 23 524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri rus bölməsinin məzunudur.

Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini qızlar təşkil edir”.

TQDK sədrinin sözlərinə görə, 16 651 nəfər orta ümumtəhsil məktəblərinin builki, 8882 nəfər əvvəlki illərin, 766 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır, 98 abituriyent ali təhsilli və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1958-ci il, ən gənci isə 1996-cı il təvəllüdlüdür. Bakı şəhərində 20 138, Naxçıvan 1062, Gəncədə 3464, Şəkidə isə 1728 abituriyent imtahan verir.

Nigar Məmmədli