“Məmən güldən nəzikdir...” – Sarı Aşıq

memen-gulden-nezikdir-sari-asiq
Oxunma sayı: 1336


“Qafqazinfo” Sarı Aşığın şeirlərinin, bayatılarının, qıfılbəndlərinin və Aşıqla bağlı rəvayətlərin toplandığı kitabdan bəzi bayatıları oxuculara təqdim edir.


Mən Aşıq, gül məkanda,
Gül bitmiş gülməkanda.
Səni gördüm, mən güldüm,
Mən handa, gülmək handa?

Mən Aşıq, qəlbi nara,
Ay doğar qəlbi nara,
Dil ilən dost olanın,
İş ilən qəlbin ara.

Mən Aşıq, bir canana,
Bircə gül, bircə nana,
Hər canana can vermə,
Versən ver bir canana.

Mən Aşıq, bax səmaya,
Nər kükrər baxsa maya.
Zərrəcə üzün görsəm,
Namərdəm baxsam Aya.

Mən Aşıq, oda para,
Ay doğru o da para,
Varmı bir odu sönmüş,
Canımdan od apara.

Mən Aşığam, Xalxala,
Ağ buxaqda xal-xala.
Can verib dost qazandım,
Qoyarammı xalx ala?!

Mən Aşığam, yaz bağda,
Al qələmi yaz bağda.
Yara mehman olaydım,
Qış otaqda, yaz bağda.

Aşıq deyər, yar qana,
Saldı məni yar qana.
Laçın qovmuş sonayam,
Sığınmışam yarğana.

Ha saysana, saysana,
Ömür yetdi saysana
Əcəli gözlər Aşıq,
Ha saysana-saysana.

Mən Aşıq, bu dar gündə,
Qəm məni budar gündə.
Könül istər yarımı,
Gələydi bu dar gündə.

Mən Aşıq, çimən yerdə,
Su durar çimən yerdə.
Yara qurban olaydım,
Soyunub çimən yerdə.

Mən Aşıq, əsirgəmə,
Səməndin əsir gəmə.
Qapına qəmə gəldim,
Sailəm, əsirgəmə.

Aşıq, hər ayə səndə,
Zülfün hər ay əsəndə.
Sən müshəf camallısan,
Vardır hər ayə səndə.

Aşıq, dərdə zalımı,
Düşsün dərdə zalımı.
Səndən dərman gəlməsə,
Məndən dərd azalımı?!

Mən Aşıq, üz qanadı,
Tərlanın öz qanadı.
Meh əsdi, zülf dağıldı,
Tel dəydi, üz qanadı.

Aşığı el saxladı,
Sazını tel saxladı.
Gördü Yaxşı camalın,
Qanlılar əl saxladı.

Qarşıda oba hanı,
El hanı, oba hanı?
Yara can qıydı Aşıq,
Kim qıyar o bahanı?!

Aşıq Qaramannıdı,
Xalın qara mannıdı,
Yaxşının tənəsindən,
Dağda qar amannıdı.

Aşığam, aya qalı,
Gün yeri Aya qalı.
Dostun nöqsan işindən,
Düşmənlər ayaq alı.

Aşığam, gül məməni,
Şeh düşmüş gül məməni.
Məmən güldən nəzikdir,
İncidər gül məməni.

Aşıq bilirəm məni,
Oxur, bilir əmməni.
Əzzəl, axir aynıtmaz
Bu dərd – bilirəm məni.

Mən Aşıq ögülənəm,
Şeh salmış o gülə nəm.
Quran gətir əl basım,
Səninlə o gülənəm.

Aşığam, nə sin deyim,
Nə “əlif”, nə “sin” deyim.
Qomalamış dərd məni,
Halımın nəsin deyim.

Aşığam oyanıncan,
Mən yanım, o yanıncan.
Kəsim yastığın dibin,
Yalvarım oyanıncan.

Mən Aşıq, bu dağ ilən,
Gül sındı budağ ilən.
Sənə yaxşı deməzlər,
Mən ölsəm bu dağ ilən.

Aşığam belə bağlar,
Kəmərin belə bağlar,
Üzmədim gül qönçəsin,
Qurusun belə bağlar.

Mən Aşığam dəryalar,
Keçdik, gəldik dəryalar.
Bəxtəvər zülfün ucu,
Ağ buxaqdan dər yalar.

Mən Aşığam, yay bağlar,
Nar giləsin yay bağlar.
Qaşın-gözün təhrində,
Usta gəlib yay bağlar.

Mən Aşıq, qəməridir,
Camalın qəməridir.
Atı məhmiz öldürər,
İgidi qəm əridir.

Mən Aşıq, o da yanmış,
Od düşmüş oda yanmış.
Əlim dost ətəyindən,
Üzdü bir oda yanmış.