“Məmmədyarovun danışması üçün daha nə baş verməlidir?” - Açıqlama

memmedyarovun-danismasi-ucun-daha-ne-bas-vermelidir-aciqlama
Oxunma sayı: 634

Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov deyib. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması məsələsində Bakının qeyri-müəyyən mövqe tutduğunu bildirən R. Hüseynov hesab edir ki, bu baxımdan, Fransa ilə münasibətlərə və siyasi-iqtisadi əlaqələrə yenidən baxılması zərurəti ən ciddi şəkildə ortaya çıxıb: “Təbii ki, bu çərçivədə diqqəti daha çox cəlb edən məsələ ermənipərəst mövqeyini gizlətməyən Fransanın bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrliyində qalıb-qalmaması ilə bağlıdır. Azərbaycan cəmiyyəti məlum səbəblərə görə, Fransanın Qarabağ münaqişəsinin nizamlanmasında obyektiv vasitəçilik edəcəyinə heç vaxt inanmayıb. O səbəbdən də təəccüblü deyil ki, bu gün Azərbaycanın bəzi rəsmi şəxsləri, siyasi liderləri, nüfuzlu ictimai xadimləri və mediası Fransanın təcili surətdə Minsk Qrupuna həmsədərlikdən kənarlaşdırılmasının vacibliyini bəyan ediblər. Bu məsələdə yetərincə qətiyyətli mövqe nümayiş etdirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da son çıxışlarında Fransanın vasitəçilik statusundan məhrum edilməsi tələbini davamlı olaraq səsləndirir.

Amma çox anlaşılmaz bir haldır ki, Azərbaycan hakimiyyəti, xüsusilə də Xarici İşlər Nazirliyi ölkə və onun ərazi bütövlüyünün bərpası üçün mütləq əhəmiyyətə malik bu məsələyə konkret münasibət bildirmir. Görünən budur ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsində obyektivliyini tam itirmiş Fransanın bu statusdan məhrum edilməsi zərurəti sanki Azərbaycanın yox, tək Türkiyənin məsələsidir. Başa düşmək olmur, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov niyə bu məsələyə konkret münasibət bildirmir? Elmar Məmmədyarovun heç olmasa, indi danışması üçün daha nə baş verməlidir? Ona görə də, Vətəndaş və İnkişaf Partiyası olaraq biz, bütövlükdə Azərbaycan cəmiyyəti Fransanın vasitəçiliyindən imtina məsələsi ilə əlaqədar rəsmi Bakıdan təcili surətdə qəti mövqe ifadə olunmasını gözləyirik”.