“Məmurların saunalara nəzarət etməsi ilə bağlı ad çəksinlər” - Müsahibə

memurlarin-saunalara-nezaret-etmesi-ile-bagli-ad-ceksinler-musahibe-
Oxunma sayı: 697





Azərbaycan Milli Məclisinin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın “Qafqazinfo”ya müsahibəsi

- ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatı açıqlanıb. Azərbaycan üçün bir çox sərt məqamlar var bu hesabatda. Münasibətiniz necədir?

- Əvvəllər ABŞ başqa dövlətlər haqqında hesabat hazırlayarkən özünün ideal cəmiyyət olduğunu ortaya qoyurdu. Amma bu gün özlərinin rastlaşdıqları çox ciddi məsələ ilə əlaqədar münasibətlərini açıqlayırlar. Yaxşı haldır ki, artıq özlərinin ifadə etdikləri kimi minimal standartlara tam cavab vermədiklərini deyirlər.

Azərbaycanla əlaqədar olaraq isə hər dəfə hesabatda göstərilən məsələlər haqqında dəfələrlə danışmışıq, yenə də münasibətimizi bildiririk ki, bu vəziyyətlə bağlı söylənilən fikirlər çox şübhə doğurur. Çünki, Azərbaycanda insan alverinə qarşı mübarizə 4 istiqamətdə aparılır. Bu istiqamətlər insan alveri qurbanlarının müdafiəsidir, insan alveri ilə bağlı cinayətlərin qarşısının alınmasıdır, cinayətin təşkilatçılarının təqibi və bu istiqamətdə ayrı-ayrı dövlətlərlə əməkdaşlıqların mövcud olmasıdır. Yəni, Azərbaycanda bununla əlaqədar olaraq çox ciddi işlər aparılır. Təsadüfü deyil ki, artıq uzun illərdir Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə İdarəsi də var. Azərbaycanda bununla əlaqədar Milli Fəaliyyət Planı mövcuddur. Bu bir daha onu göstərir ki, dövlətin bu sahədə çox ciddi iradəsi var. Azərbaycanın ikinci qrup ölkəyə daxil edilməsi uzun illərdir o hesabatda özünü göstərir, amma Azərbaycanda bu sahədə əldə olunmuş uğurların, hüquq mühafizə orqanlarının gördüyü işlərin əsl dəyəri verilmir. Mən təəssüf edirəm ki, belə bir hesabat hazırlayarkən Azərbaycanda görülən işlərin ən vacib cəhətləri nəzərə alınmır. Xüsusilə burada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəyi nəzər alınmır. Bir cəhəti də qeyd edim ki, səfirliklər İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə görüşlər keçirir, bu sahədə əldə olunmuş uğurlarla, görülən işlərlə bağlı məlumatlanırlar. Düşünürəm ki, ABŞ-ın Azərbaycanda olan səfirliyi və yaxud səfirliyin nümayəndəsi bütün bunları bilə-bilə niyə görə Dövlət Departamentinə məhz yanlış məlumatlar ötürür? Bir cəhəti də qeyd edim ki, ATƏT-in Bakı ofisində bununla əlaqədar dəfələrlə görüşlər, tədbirlər keçirildi. Hər dəfə də istər ATƏT-in, istər Avropa Şurasının, istərsə də beynəlxalq miqrasiya təşkilatlarının Azərbaycandakı nümayəndəlikləri Azərbaycanda görülən bu işləri çox müsbət qiymətləndiriblər. Bütün bu beynəlxalq təşkilatların rəyini nəzərə almadan, Azərbaycanda insan alverinin durumu ilə əlaqədar qeyri-obyektiv və qərəzli mövqeyin ortaya qoyulması xoşagələn hal deyil.

- Rəbiyyət xanım, orada qeyd olunur ki, bəzi polis məmurlarının nəzarətində olan saunalarda cinsi zorakılıq faktları qeydə alınır. Bu faktlar varmı? Yoxdursa, bu fikirlər haradan qaynaqlanır?

- Məsələ burasındadır ki, hüquq mühafizə orqanlarının ünvanına belə bir əsaslandırılmamış fikrin deyilməsi çox qərəzli mövqedəndir. Azərbaycanda hüquq mühafizə orqanlarının bu sahədəki fəaliyyəti qəbul edilmiş milli fəaliyyət planı ilə tənzimlənir. Yəni, Azərbaycan 2009-2013-cü il üçün qəbul etdiyi planın gerçəkləşməsi Azərbaycanda insan alveri qurbanlarının azalmasına, Azərbaycanın tranzit ölkədən təyinat ölkəyə keçilməsi sahəsində çox ciddi işlər aparılıb. Bilirsiniz ki, üç qrup ölkə var, mənbə ölkə, tranzit ölkə və təyinat ölkə. Bu işləri kim aparıb? Bu işləri hüquq mühafizə orqanları aparıb də. Əgər hüquq mühafizə orqanları bu qədər ciddi işlər görməsəydi, məgər Azərbaycanda bu sahədə uğurlar olardımı? Əvvəla dünyada insan alverinin aradan qaldırılması bir ölkənin deyil, bir qrup ölkələrin birgə əməkdaşlığının nəticəsi olmalıdır. Azərbaycan tranzit ölkə ola bilər, bəli bu var. Çünki, Azərbaycandan gəlib keçən vətəndaşın bir ölkədən digər ölkəyə hansı məramla keçdiyini dəqiq müəyyən etmək çox çətindir. Bunu müəyyən etmək mümkün deyil. Bu gün Azərbaycana çoxlu sayda miqrantlar gəlir, yaxud da buradan keçib başqa ölkələrə gedir. Hər bir miqrantı, hər bir insanı, insan alverinin qurbanı kimi müəyyən etmək çox çətindir.

- Belə çıxır ki, Azərbaycanın insan alveri ilə bağlı tranzit ölkə olmağı normaldır?

- Burada insan haqları məsələsi var. Əgər bir insan bir ölkədən digər ölkəyə keçirsə, Azərbaycan da burada tranzit ölkə rolunu oynayırsa, biz onu necə dəqiq müəyyən edə bilərik ki, bu şəxs insan alverinin qurbanıdır, yaxud deyil? Əgər bu bir qrup şəkildə, yaxud həmin dövlət tərəfindən, mənbə ölkə tərəfindən məlumat ötürülürsə ki, belə bir proses var, onda biz onu müəyyən edə bilərik. Başqa cür bunu müəyyən etmək çox çətindir. Hansısa bir ölkənin vətəndaşını saxlayıb, onun insan alverinin qurbanı olduğunu iddia etsək, bəlkə də bu həmin insanın hüquqlarının pozulması demək olar. Həmin cinayətin ortaya çıxarılması üçün bu ölkələr arasında ciddi əməkdaşlığın olması lazımdır. Digər tərəfdən ABŞ-ın öz hesabatından çıxış edərək belə deyək. Amerika təyinat ölkədir və oraya gələn miqrantlar böyük ölkələrdən keçərək gəlib ora çıxıblar. O zaman ABŞ-da bu prosesi əvvəldən sonadək izləmək imkanı varmı? İnsan alveri qurbanlarını, miqrantları qəbul edən dövlət burada hansı məsuliyyəti daşıyır?

İnsan alverinə qarşı mübarizə bizim üçün prioritet sahədir. Təsadüfi deyil ki, biz Palerma Konvensiyasının müddəalarını rəhbər tuturuq, bununla əlaqədar milli qanunvericiliyimizdə çox ciddi sənədlər qəbul etmişik, bunun üçün çox ciddi hüquqi bazamız var, güclü siyasi iradə var. Azərbaycanda siyasi vəziyyətin olduqca dəhşətli olmasını iddia etmək və Azərbaycanı bu cür qiymətləndirmək... Azərbaycanda insan alverinə qarşı mübarizənin minimal standartlara cavab verməməsinin qiymətləndirilməsi qətiyyən haqlı mövqe deyil. Azərbaycan dövləti öz üzərinə düşən bütün problemlərin həll olunması üçün çox ciddi iradə nümayiş etdirir. Təsadüfi deyil ki, bu sahədə mövcud olan bütün beynəlxalq konvensiyalara qoşulur, bununla əlaqədar beynəlxalq əməkdaşlığı gerçəkləşdirir və hər hansı bir fakt baş verərkən o faktın aradan qaldırılması üçün bütün işləri görür.

- Hesabatda bir cümlə də var ki, Azərbaycan məmurlarının adlarının hallandığı cinsi istismarla bağlı ittihamlar araşdırılmır...

- Əsas məsələ ondadır ki, bütün bu deyilən ifadələr, yəni polislər, polis məmurlarının hansısa bir saunaya nəzarət etməsi kimi fikirlər tamamilə əsassız iddialardır. Əgər belə faktlar varsa, biz bu faktların heç olmasa birinin həmin hesabatda olmasını istəyərdik.

- Yəni, ad çəksinlər...

- Ad çəksinlər. Məmur haqqında əsassız fikirlərin irəli sürülməsi həmin məmurun hüquqlarının pozulması deməkdir. Ümumiləşdirilmiş və əsassız bir fikrin ortaya qoyulması əlbəttə ki, Dövlət Departamentinə yaraşan hal deyil. Çox istərdik ki, bu 177 dövlət haqqında hesabat hazırlayarkən həmin dövlətlərdə olan durumu çox diqqətlə izləsinlər və miqrasiya ilə insan alverinin qurbanı məsələsini bir-birinə qarışdırmasınlar.

- Bu hesabatı oxuyanda adamın tükləri biz-biz olur...

- Yox, heç bir təəccüblü vəziyyət yoxdur. Azərbaycana qarşı həmişə qeyri-obyektiv hesabatlar hazırlayıblar. Heç uzağa getməyək, yadınıza gəlirmi Azərbaycan gənclərinin narkoman olduğunu yazan hesabatlar var idi? Azərbaycan kişilərinin alçaldıcı qul əməyinin daşıyıcısı olduğunu, yaxud Azərbaycan qadınlarının hamısının insan alverinin qurbanı olduğunu yazan hesabatlar var idi?

- Niyə ABŞ Dövlət Departamentinin hesabatlarında Azərbaycan həmişə aşağılanır? Bir dəfə də olsun adımız yaxşılığa çəkilmir...

- Mən bir cəhəti demək istərdim. Bu gün Azərbaycanla əlaqədar olaraq onların mövqeyinin qərəzli olduğu birmənalıdır. Necə olur ki, Avropanın ayrı-ayrı dövlətlərində bu məsələ, yəni insan alveri ilə əlaqədar olaraq həyəcan təbili çalır? Məsələn, Palerma Konvensiyasının 10 illiyi ilə əlaqədar böyük bir tədbir keçirilirdi və orada Avropanın mərkəzində olan dövlətlərdəki durumun acınacaqlı olduğu açıq etiraf edildi. Ancaq onlar haqqında bu hesabatlarda çox yumşaldıcı münasibət bəslənilir. ABŞ-ın özündə Meksikadan, Latın Amerikası ölkələrindən, Venesueladan gələn minlərlə, milyonlarla insan alveri qurbanları var. ABŞ-da bu gün də qul əməyinin olduğunu etiraf edirlər. Xüsusilə ən çox insan alveri qurbanı afrikalılar, meksikalılar və qvatemelalılardır. Bunu da Dövlət Departamentinin insan alveri şöbəsinin rəis özü etiraf edir. Dövlət Departamentinin hesabatını çox diqqətlə oxusan ayrı-ayrı ölkələrə münasibət burada çox açıq görünür.

- Yəni, yaxşı münasibət.

- Xeyr, qərəzli münasibət, elə yaxşı münasibət də. Onlar özlərinin xarici siyasətlərində hansı dövlətə necə münasibət bəsləyirlərsə, necə mesajlar verirlərsə, hesabatı da o cür hazırlayırlar. Bu bir mənalıdır. Bu yalnız və yalnız siyasi təzyiq məqamından başqa bir şey deyil. ABŞ böyük dövlətdir, dünyanı idarə etmək iddiasında olan dövlətdir, öz mədəniyyətini, öz düşüncəsini bütün insanlara qəbul etdirmək istəyində olan dövlətdir. Ancaq hadisələrə obyektiv qiymət vermək iqtidarında olan dövlət deyil.

- Axı biz hər zaman deyirik ki, ABŞ-Azərbaycan münasibətləri yüksək olub?

- Azərbaycanın seçdiyi yol, demokratiya yolu kiminsə istəyindən asılı deyil. Biz özümüz yol seçmişik və bu cəmiyyətin də demokratik prinsipləri rəhbər tutaraq inkişaf etməyini özümüzə əsas götürmüşük. Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının qorunmasını prioritet hesab edərək inkişaf edirik. Ayrı-ayrı dövlətlərin bizə münasibətində qeyri-obyektivlik var, xüsusilə ABŞ-ın münasibətində. Ancaq bu o demək deyil ki, biz onların bu cür fikirləri ilə ya yolumuzdan çəkiləcəyik, ya da siyasətimizdə müəyyən dəyişiklik edəcəyik. Yox, bu belə deyil. Bizə demokratiya dərsini vermək vaxtı çoxdan keçib. ABŞ da anlamalıdır ki, dünyanın nizamlanmasında hər bir dövlətin öz yeri, öz rolu var. Belə hesabatlarla həmin dövləti, yaxud dövlətlər qrupunu nüfuzdan salmaq iqtidarında deyil. Bu başqasını aşağılamaq, kiçiltməklə özünü təsdiq hissidir. Ancaq bunlar artıq XX əsrdə qalmış bir istəkdir. ABŞ-da baş verən prosesləri də biz çox gözəl görürük. ABŞ-ın dünyada apardığı siyasət və bu siyasət nəticəsində baş verən hadisələr də bizə məlumdur. Bu gün milyonlarla insanın miqrant halına düşməsi hansı siyasətin nəticəsidir?

- Söhbət Şərqdən gedir?..

- Bəli, necə olur ki, milyonlarla mülki insanların ölümü ilə nəticələnən hərbi müdaxilə, başqa dövlətlərin daxili işinə qarışmasının nəticəsidir ki, bu gün Avropa miqrantlar prosesi ilə, insan alveri prosesi ilə rastlaşır. Dünyada baş verən bu hadisələrin kökündə nə durur? ABŞ-ın hərbi yollarla özünütəsdiq istəyi...

- Bu iddialardan belə çıxır ki, Amerika irəliyə getməyib, əksinə geridə qalıb.

- Bu gün ABŞ anlamalıdır ki, apardığı siyasət, yəni təsir-əks təsirə bərabərdir. Bu gün hansısa bir ölkənin, hansısa bir super dövlətin bu formada özünü təsdiqi artıq gecikmiş prosesdir. Bu cür hesabatlarla, Azərbaycan dövləti haqqında belə bir rəy yaratmaqla mənə elə gəlir ki, birgə yaşayış prinsipini bərqərar etmək olmaz. Bu, dövlətlərarası etimadın azalmasına səbəb olan bir məqamdır.

- Son olaraq soruşum ki, siz bu hesabata hər hansı bir etiraz düşünürsüz?

- Əlbəttə düşünürəm. Yaxın vaxtlarda biz bununla əlaqədar olaraq öz rəyimizi, öz fikrimizi səfirliyə çatdıracağıq...