“Mən dövlət məmuruyam” – Müsahibə

men-dovlet-memuruyam-musahibe
Oxunma sayı: 699

Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbənin müdiri Əli Həsənovla budəfəki söhbətdə Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğanın Azərbaycan səfəri, iki qardaş dövlət arasında münasibətlər, iqtidar-müxalifət münasibətləri və digər aktual mövzulardan danışdıq.

- Əli müəllim, Türkiyə baş nazirinin Azərbaycana səfərini necə dəyərləndirirsiniz? Bu səfər keçənlərdə müşahidə olunan soyuq münasibətlərin birdəfəlik aradan qaldırılmasına səbəb ola biləcəkmi?
- Səfəri çox müsbət dəyərləndirirəm. Bu səfər ilk növbədə onu göstərdi ki, Azərbaycanla Türkiyə arasına girmək istəyənlər, bu iki analoqu olmayan, dost, müttəfiq, qardaş dövləti bir-birinə salışdırmaq istəyənlər var. Bunların hamısının indiyəqədərki cəhdləri əbəs imiş və hər iki dövlətin rəhbəri bunu öz çıxışlarında da, görüşlərində də qeyd etdilər ki, Türkiyə ilə Azərbaycanın arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir, davam edir. Hər iki ölkə bir-birinin iqtisadi, siyasi, sosial, beynəlxalq, xarici və daxili siyasət maraqlarını mütəmadi olaraq nəzərə alır, bunun üzərində də öz qardaşlıq, dostluq münasibətlərini qururlar. Sözün həqiqi mənasında bütün sahələrdə, demək olar ki, regional, beynəlxalq münasibətlərdə, terrorizmə qarşı mübarizə məsələlərində, iqtisadi, siyasi əlaqələrdə, enerji sahəsində əməkdaşlıq sahəsində hər iki dövlət başçısı iki ölkə arasındakı münasibətləri analoqu olmayan, strateji müttəfiqliyə əsaslanan və sürətlə inkişaf edən əlaqələr kimi xarakterizə etdilər.

- Türkiyənin baş nazirinin səfəri Sərkisyanın sərsəm bəyanatından sonraya təsadüf etdi və Bakıda bu bəyanata adekvat cavablar verildi. Ancaq Rusiyaya güvənən Ermənistan rəhbərliyinin mövqeyi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsi zərurətini bir daha ortaya çıxartdı. Bu sahədə perspektiv üçün gözləntilər nədir?

- Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı iki dövlətin birgə təhlükəsizlik maraqları üzərində qurulub və lazımi səviyyədə də inkişaf edir. Hansısa bir dövlətin, yaxud prezidentin sərsəm çıxışlarının bu münasibətlərə, əlbəttə, çox əsaslı, ciddi təsiri olmur. Sərkisyanın açıqlaması isə bilavasitə beynəlxalq ictimaiyyətə də göstərdi ki, bu dövlət irticaçı, işğalçı dövlət olaraq qalır. Özü də bunun işğalçılığını heç bir pərdə ilə gizlətmək mümkün deyil və açıq şəkildə qonşu dövlətlərə - həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiasındadır. Zaman-zaman Gürcüstanla bağlı da belə açıqlamalar olur. Ona görə də bu dövlətin mahiyyətini, Cənubi Qafqazda yürütdüyü siyasəti, qonşularla münasibətlərini də heç bir riyakar açıqlama ilə pərdələmək mümkün deyil.

- Ermənistan prezidentinin mövqeyi bir daha onu sübut etdi ki, danışıqların sonsuzluğadək davamı da nəticəni dəyişməyəcək. Belə olan halda son vaxtlar Qarabağ məsələsi ilə bağlı Xalq Qurultayının keçirilməsi, vahid mövqeyin qəbul olunması, həmçinin danışıqlara son verib torpaqların azadlığı üçün əməliyyatlara qərar verilməsi barədə təşəbbüslərə hakimiyyətin münasibəti necədir?

- Bu dəqiqə Xalq Qurultayı keçirməyin, yaxud bunu geniş müzakirəyə çıxarmağın heç bir anlamı yoxdur. Cənab prezident Azərbaycan xalqının istəyinə müvafiq şəkildə Dağlıq Qarabağ uğrunda dövlətin mübarizəsini davam etdirir. Diplomatik mübarizəsini davam etdirir, bu mübarizə danışıqlar yolu ilə gedir. Lazım olacaqsa, digər vasitələrə də əl atmaq haqqında cənab prezident dəfələrlə bəyanat verib. Dünənki (srağagünki-E.P.) çıxışında da prezident qeyd etdi ki, Sərkisyan çox səhv düşünür ki, Dağlıq Qarabağı artıq əldə ediblər və bundan sonrakı milli vəzifələri sırasına Ağrı dağ, onun ətrafındakı Anadolu, Türkiyə torpaqlarını əldə etmək daxildir. Bu, qətiyyən belə deyil. Dağlıq Qarabağ müvəqqəti olaraq Azərbaycanın suveren idarəçiliyindən çıxarılıb və hansı yolla olursa-olsun - istər diplomatik, istərsə də hərb yolu ilə - Dağlıq Qarabağ Azərbaycanın suveren idarəçiliyinə qaytarılacaq və Azərbaycan heç zaman bu torpaqların itirilməsi ilə barışmayacaq, razılaşmayacaq. Ona görə də bu mövqe faktiki olaraq bütün Azərbaycan xalqının, o cümlədən ictimai-siyasi qüvvələrin, ziyalıların, Azərbaycan cəmiyyətinin mövqeyidir. Bundan fərqli mövqe nümayiş olunanda, əlbəttə, o zaman xalqın rəyi soruşulacaq və başqa addımlar atılacaq, onunla bağlı da müvafiq iş aparılacaq. Ona görə də hazırkı mövqeni hansısa qurultaya çıxartmaq, bunun müzakirə dairəsini genişləndirmək, sadəcə, imitasiyadan başqa bir şey olmayacaq. Bunu ermənilər edir, bu, sözün həqiqi mənasında imitasiyadan başqa bir şey deyil.

- Düşmən ölkədə prezident və müxalifət arasında Dağlıq Qarabağ məsələsini də əhatə edən danışıqlar başlayıb. Müsavat başqanı İsa Qəmbər Rusiya radiosuna müsahibəsində Qarabağ məsələsində mövqeyinin ölkə başçısının mövqeyi ilə üst-üstə düşdüyünü deyib. AXCP sədri Əli Kərimli isə Qarabağ məsələsində müxalifətin hakimiyyətə dəstək verməyə hazır olduğunu bildirib. Belə olan təqdirdə Azərbaycanda iqtidar-müxalifət dialoqunun başlanması üçün real zəmin yarandığı barədə fikirlərlə razılaşırsınızmı?

- Bilirsiniz, Qarabağ məsələsində onlar iqtidara dəstək verməyə məcburdurlar. Çünki əks təqdirdə olub-qalan simalarını da itirərlər və xalqın içərisinə çıxmağa üzləri qalmaz. Qoy onlar tək Dağlıq Qarabağ məsələsində iqtidarın yürütdüyü mövqeyi dəstəkləməsin. Azərbaycan xalqının maraqları üzərində qurulmuş digər məsələləri də dəstəkləsin. Məlumdur ki, Qarabağ məsələsində iqtidarın yürütdüyü siyasət onsuz da opponentə ehtiyac olmayan siyasətdir. Belə siyasətdə iqtidarı dəstəkləməyə nə var ki. Digər, məsələn, sosial məsələlərdə, Azərbaycanın maraqları beynəlxalq aləmdə pozulanda, o cümlədən böyük dövlətlər, ABŞ-ın, Qərbin aparıcı təşkilatları təhlükəsizlik maraqlarımızı tapdayanda, buna qarşı ictimai müqavimət lazım olanda qoy onlar dəstək versinlər. Ona görə də prinsipcə müxalifətin iqtidarı bu və ya digər məsələdə dəstəkləmək, yaxud ona opponentlik etmək siyasətini normal qiymətləndiririk. Cəmiyyətdə nə qədər təşkilat, insan varsa, bir o qədər də fikir ola bilər. Bu, plüralizmin göstəricisidir və biz ona normal yanaşırıq. Amma şəxsən mən siyasi partiyaların bu məsələdə və bu məsələ ətrafında siyasət qurmasını, sadəcə olaraq, anlamıram. Dağlıq Qarabağ məsələsi üzərində siyasət qurmaq olmaz. İqtidarlı-müxalifətli, vətəndaş cəmiyyətli, mətbuatlı, jurnalistli, hamı Dağlıq Qarabağda bir nöqtəyə döyməlidir, o yerdə ki, Azərbaycan xalqının maraqları təmsil olunur.

- Amma davamlı olaraq belə fikirlər səslənir ki, ölkədəki bir sıra problemlərin aradan qaldırılması həm də Azərbaycanın imici baxımından faydalıdır. Elə dünən deputat Fazil Mustafa da deyib ki, Arif Hacılı və 2 aprel məhbusu olan digər insanları həbsdə saxlamağa ehtiyac yoxdur. Necə bilirsiniz, heç olmasa müstəqilliyimizin 20-ci ildönümündə amnistiya, yaxud əfv yolu ilə məhbusları azad edib iqtidar-müxalifət münasibətlərində yeni mərhələyə adlamaq olmazmı?

- Bu məsələdə mənim fikrim heç bir mahiyyət kəsb etmir. Mən bir dövlət məmuruyam və məmur olaraq da dövlətin qaydalarını, normalarını reallaşdırmağa borcluyam. Amnistiya ola bilər, olmaya bilər, bu təşəbbüs kim tərəfindən irəli sürülə bilər, bunlar da fərqli yozumlardır. Amma söhbət ondan gedir ki, müxalifət, eyni zamanda bu gün ayrı-ayrı günahlarına görə həbsə alınmış insanlar da anlamalıdırlar ki, dövlətə, onun qanunlarına, qanun keşikçilərinə hörmətlə, sayğı ilə yanaşmaq lazımdır. Qanun pis ola bilər, amma bu, heç kimə əsas vermir ki, o qanunu pozsun. Kiminsə hüquq mühafizəçisindən xoşu gəlməyə bilər. Amma hüquq mühafizəçisi öz vəzifə səlahiyyətini icra edirsə, deməli, ona tabeçilik nümayiş etdirmək lazımdır. Amma digər məsələlərə gəldikdə... Əlbəttə, biz də çox arzulayırıq ki, Azərbaycan cəmiyyətində qarşıdurma olmasın, hamı oxşar düşünsün, milli maraqlarda vahid mövqe nümayiş etdirək. Lakin bu gün bu, mümkün deyilsə, bizim inkişafımıza da mane olmur. Zaman-zaman buna da nail olunacaq.

- Amma müxalifət təmsilçiləri daim bəyan edirlər ki, biz istənilən zaman hakimiyyətlə təmasa, müzakirələrə hazırıq. Bəlkə bu açıqlamalar bir test olaraq sınaqdan keçirilsin.

- Düşünürük ki, onların bu deyimləri ictimaiyyətə hesablanmış piar kampaniyasıdır, səmimi deyillər.

- Şəxsən siz müxalifətlə danışıqlara hazırsınızmı? Deyək ki, müxalifət düşərgəsindən hansısa tədbirə dəvət alsanız, gedərsinizmi?

- Bilirsinizmi, bizim borcumuzdur ki, cəmiyyətdəki müxtəlif fikirlər arasında Azərbaycan üçün ən optimal, ən əhəmiyyətli olanını seçək, həyata keçirək. Həyata keçirə bilmədiyimizi də etiraf edək. Biz dövlət olaraq xalq qarşında etimadı bunun vasitəsilə qazanırıq. Xalq bizə ona görə etimad göstərir ki, cəmiyyətdə dövlətimizə, millətimizə əhəmiyyətli olan bütün fikirlərə, proqramlara, ideyalara, təkliflərə qulaq asaq və onların içərisində ən əhəmiyyətlilərini seçək. Amma baxın, indiyə qədər biz müxalifətdən hansı bir səmərəli təklif almışıq ki, bu təklifin ətrafında oturaq, müzakirə edək, həyata keçirək. Bunlarda təkliflər daha çox ona yönəlib ki, biz niyə hakimiyyətə gələ bilmədik, parlamentdə niyə uduzduq. Müxalifət öz problemlərini, fəaliyyətini, siyasətini müzakirə etmək əvəzinə, hər şeyi iqtidarın ünvanına yazır və onun siyasətini qaralama xətti yürüdür. Belə müxalifətlə əməkdaşlıq, dialoq çətindir. Əlbəttə, Azərbaycanda dialoq var, mövcuddur. Bu gün konstruktiv müxalifətlə, cəmiyyətin sosial kəsimi ilə, ictimai təşkilatlarla, mətbuat orqanları ilə hakimiyyətin kifayət qədər yaxşı əlaqələri var. Bir-iki partiya özünü bu prosesdən kənarda qoyubsa, burda da günahkar biz deyilik, onların özləridir.

- Belə olan yerdə ortaya sual çıxır ki, qeyri-konstruktivlik nümayiş etdirən düşmən Ermənistanın rəhbərliyi ilə illərdir danışıqlar aparan hakimiyyət necə olur ki, öz vətəndaşı ilə təmaslardan yayınır?

- Vətəndaşlarla danışıqlar aparmaqda heç bir problem yoxdur. Biz vətəndaşlarımızla da, onların yaratdığı təşkilatlarla da, onları təmsil edən ictimai-siyasi institutlarla da mütəmadi olaraq belə görüşlər keçiririk və buna həmişə hazırıq. Şəxsən mən istənilən müxalifət partiyasının rəhbərini, funksionerini dinləməyə, onlarla görüşməyə, söhbət etməyə, bu və ya digər məsələləri müzakirə etməyə hazıram və heç vaxt da biz bundan çəkinməmişik.

- ABŞ Konqresində Azərbaycan hakimiyyətinin növbəti dəfə tənqid olunmasına münasibətiniz necədir? Məlumata görə, hakimiyyətin ABŞ-dakı lobbi fəaliyyəti zəiflədiyi üçün Vaşinqtonun təzyiqləri artıb...

- Azərbaycan heç vaxt ABŞ-da ermənilərdən fərqli olaraq, heç bir pullu lobbi fəaliyyəti reallaşdırmır, bununla bağlı yazılanlar hamısı yalandır. Amma Azərbaycan ABŞ-da müəyyən qruplarla işləyir, ölkəmizin dostlarının sayını artırmaq istiqamətində fəaliyyət göstərir, o insanları Azərbaycana dəvət edir, ölkənin real vəziyyətini göstərir. O cümlədən Azərbaycandan ABŞ-a gedən insanlar ordakı Azərbaycanın dostları üçün lazımi məlumatlar aparıb çatdırır. Bu, bütün dünyada qəbul olunmuş sivil lobbi fəaliyyətidir. Amma ermənilər kimi ayrı-ayrı konqresmenləri pulla almaq, onların kampaniyasını maliyyələşdirmək, bundan sonra onların qarşısında öhdəlik qoymaq, bu, sözün həqiqi mənasında nə Azərbaycan tərəfindən həyata keçirilən bir işdir, nə də ki, Amerikanın və Azərbaycanın birgə maraqlarına cavab verir. Bu yolla qurulan lobbiçilik fəaliyyəti günün birində də iflasa uğrayacaq. Konkret halda Tomas Melianın və Devid Kramerin açıqlamalarına gəldikdə, mən bildirməliyəm ki, hər iki açıqlamanın dalında subyektiv mülahizə və subyektiv maraqlar görünür. Hələ onu demək istəmirəm ki, bunların əsaslandığı metodologiya Azərbaycanın əsaslandığı metodologiyadan tam fərqlidir. Bunların dəyərləndirmə meyarı Qərb ABŞ, onların maraqları, Qərbə çağırışlardırsa, bizim qiymət meyarımız Azərbaycan xalqı, dövləti, dövlətçilik və onun maraqları, Azərbaycan xalqının istəyi və bunun üzərində qurulan siyasətdir. Ona görə də belə mülahizələr yalnız Azərbaycan dövləti ilə ABŞ arasında sağlam münasibətlərə xələl gətirir. “Freedom House” təşkilatı neçə illərdir ki, öz subyektiv mülahizələrini beynəlxalq ictimai rəyə sırıyır, Cənubi Qafqazın reallıqlarını təhrif edərək dünyada anti-Azərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır. Söz yox, Azərbaycana gəlib-görənlər, Azərbaycanla tanış olanlar bilavasitə şahid olurlar ki, bu mülahizələrin çoxu subyektivdir. Bu gün Ermənistanı Azərbaycandan az qala demokratik dövlət kimi dəyərləndirmək nə dərəcədə reallığa cavab verir? Ermənistanda 3-5 ildən bir ana müxalifəti parlamentə doldurub güllələyirlər, etiraz mitinqlərində onları güllələyirlər, bunların hamısının şahidi olmuşuq. Biz orda hakimiyyəti zəbt edən qüvvələrin hakimiyyəti saxlamaq metodunu da, ordakı rejimin mahiyyətini də bilirik. Bunların qarşısında bu cür açıqlamalar vermək yalnız o təşkilatların nüfuzuna xələl gətirir və onları bir az da Azərbaycan ictimaiyyətinin gözündən salır.

“Yeni Müsavat”