“Mən inqilabı və inqilabçıları qəbul etmirəm” –Müsahibə

men-inqilabi-ve-inqilabcilari-qebul-etmirem-musahibe-
Oxunma sayı: 1388

Azərbaycanın görkəmli aktyoru Fəxrəddin Manafovla müsahibə


- İradlarınızdan belə anladıq ki, sizin kimi sevilən aktyorlarlara münasibətdə mətbuatda, bir az da uzağa getsək tamaşaçıda çatışmayan nələrsə var. Bəlkə də sizləri anlaya bilmirik, ya da bizi anlada bilmirsiz. Bunlardan hansı daha doğrudu?
- Artıq 20 ilə qədərdi ki, biz özümüzük. Bizə heç kim diktə etmir. Azərbyacan xalqı özü öz senzurasıdır. Nə istəyirik, onu da deyə bilirik. Siz də nə istəyirsinizsə, onu da yazırsınız. Uzağa getməyək, Azərbaycan telekanallarına nəzər salaq. Nə qida verirsən, bununla bizim tamaşaçılar, ən başlıca isə gənclər qidalanırlar. Televiziya, jurnalistika həqiqət deməkdir. Amma oradakı həqiqət çox vaxt qurulma olur. Reytinq xətrinə 20 yaşlı gənci qəbul etdiyi qidadan zəhərləndirmək nə qədər düzdü?.. Jurnalistlərdən kənar durmağımın səbəblərindən biri bu. Bundan savayı, eyni, şablon suallar adamı bezdiri. Elə bil bu insan universiteti təzə bitirib, universitetdə isə ona ancaq bunlar öyrədilib. Əgər məndən soruşurlarsa, neçənci ildə anadan olmusan, mən ikinci dəfə başqa bir jurnalistə yalandan deyə bilmərəm ki, mən 2 avqustda yox, 14 yanvarda dünyay gəlmişəm. Sual verirlər, “necə oldu sənətə gəldiniz?” . Cavab verirəm: sağ qapıdan gəldim, gördüm sol qapı açıqdır,bax beləcə də sənətə gəldim.

- Siz necə səpkili suallar eşitmək istərdiz?
- İstərdim ki, daha çox mənim haqqımda, peşəm haqqında, dünyada olan bu günkü proseslər və mənim onlara münasibətim və.s haqqında soruşsunlar. Tək müsahib cavablarında yox, jurnalist də suallarında düşünməlidir.

- Azərbaycanda qəbul etdiyiniz televiziya kanalı var?
- Nə yaxşı ki, nəhayət Mədəniyyət kanalı açıldı.

- Amma tamaşaçı çoxluğu Mədəniyyət kanalının verilişlərindən narazılıq edirlər...
- Mən o telekanalın vəziyyəti barədə danışmadım, Yaranmasının çox yaxşı olduğunu dedim. Moskva da birdən birə qurulmayıb, elə Bakımız da. İdman kanalı açılan dövrdə dünya olimpiya oyunları artıq bitmişdi, buna baxmayaraq, hər dəfə o kanalı açanda olimpiya oyunlarının təkraraları gedirdi. Bu da aydındı, çünki idman kanalının bazası kasad idi. Bu o demək deyil ki, idman kanalının açılması lazım deyil. Lazımdı və inkişaf da gedir. Təbii ki, Mədəniyyət kanalında da inkişaf olacaq.

- Şəxsən Siz Mədəniyyət telekanalının efirində kimləri görmək istərdiz?
- Çox təəssüflər olsun ki, böyük insan Vaqif İbrahimoğlu dünyasını dəyişdi. Bu insan Mədəniyyət kanalının ən istəkli qonaqlarından biri olmalı idi. Çünki bizə çox şeylər deyə bilərdi.

- Amma haqqında danışdığımız telekanal, o cümlədən başqa televiziyalar Vaqif İbrahimoğlunu son mənzilə yola salanda daha çox göstərdilər...
- Neynək... Mən yenə də iki əlimi göyə qaldırıb, deyirəm ki, nə yaxşı bu kanal açıldı. Zaman keçdikcə hər şey öz yerini tutacaq. Mədəniyyət kanalında maairifçimiz, yazıçı Anar çox gözəl veriliş aparır. Mən o verilişə hər dəfə məmnuniyyətlə baxıram. Köhnə Azərbaycan filmlərini də göstərirlər. “Siz hazır deyilsiniz” deməklə onların qol- qanadını qırmaq düzgün deyil.

- Son vaxtlar mətbuatda səhhətinizdə problem olması barədə məlumatlar tez-tez yayılır. Səhhətiniz necədi?
- Bu, ilk növbədə mənim problemimdi. Başa düşürəm, üzdə olan insan barədə onun özündən asılı olmayaraq, həmişə maraqlanırlar, yazırlar. Səhhətimdə hansısa problemin olması xəbəri məndən çıxmadı. Akademik Milli Dram Teatrın rəhbəri İsrafil İsrafilov müsahibəsində jurnalistin “Fəxrəddin Manafovu Dram Teatrın səhnəsində nə vaxt görəcəyik” sulaına cavabında deyib ki, təəssüf, Fəxrəddinin səhhətində problemlər var və sağalandan sonra tamaşa olacaq. Vəssalam, mətbuat da Fəxrəddin Manafovun səhhətindəki bu problemi işıqlandırdı. Düzdü, onurğamda ağrılar var, o da hərəkət edəndə maneə yaradır. Allahın və həkimlərin köməyi ilə ümid edirəm ki, yaxşı olar.

- Heç düşünmüsüzmü niyə tamaşaçıları riqqətə gətirən kişi obrazları yaratmağı yaxşı bacarırsız?
- Aktyorluğum barəsində tamaşaçıların danışması daha obyektiv olar. Sadəcə, mənim bir konsepsiyam var. Yəqin onu qabarıq göstərə bildiyim üçün rollarımda seçilirəm. Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir.

- Təkliyə meyl eqoistliyə yol açır. Razısız?
- Eqoizm mənim təkliyimin qarşısında sadəcə düşünülmüş bir sözdü. Necə yəni eqoizm? İnsan nə üçün yaşayır? Siz bura məndən müsahibə almağa gəlmisiniz elə deyilmi?

- Bəli.
- Deməli, məhz mənə görə gəlməmisiz də, özünüzə görə gəlmisiz ki, müsahibə alasız və imzanızın maraqlı müsahibə almağa layiq olduğunu göstərəsiz və təbii ki, yaxşı qonarar alasız.

- Halaldı, Siz əsl peşəkar jurnalist kimi rəy verdiz?
- Yox da, düz demirəm?

- Düz deyirsiz.
- Onda ən böyük eqoistlər sizsiniz. Maaş alacaqsınız, jurnalınız, saytınız işləyəcək...

- Sizi sevənlər də fikirlərinizi oxuyacaq, bir daha şəninizə xoş sözlər deyəcəklər. Bəs bu tərəfini niyə nəzərə almırsız?
- Xeyr, nəzərə alıram.

- Deyəsən suallarımız ürəyinizcə deyil?
- Niyə belə qərar verirsiz? Bəlkə suallarınızı əvvəldən hazırlayanda elə düşünmüsüz ki, məni qıcıqlandıra biləcəksiz, indi də bunun alınmadığını görüb, birtərəfli qərar çıxarırsız.

- Siz inanmasaz da biz bura bir sual belə hazırlamadan gəlmişik.
- Çox gözəl. Elə ona görə də söhbət alınır.

- Bəlkə mənim yaşım azdı təkliyi fərqli anlamda başa düşürəm. Bəlkə də mənim anlamımda təklik, sevdiyindən, doğmalarından uzaq düşməkdir. Sizin təkliyiniz necədi?
- Bu sual sizin yaşınızdan xəbər verir. Təklik o demək deyil ki, mən eksklüzivəm. Təklik daha dərin bir fəlsəfədir. Əgər bu gün mən sizinlə oturub söhbət edirəmsə, suallara cavab verirəmsə, bunlar şərtilik xatirinədir.

- Suallarımıza cavab verməli olduğunuz üçün verirsiniz?
- Bəlkə də...

- Deyirlər ki, Fəxrəddin Manafov özündən razı insandı?
- Sizə bir hadisə danışım: Tədris tetarı dağıldıqdan sonra Vaqif İbrahimoğlu Musiqili Dram Teatrına baş rejissor təyin olundu. Biz, dörd-beş idik, “Azərbaycanfilm” kinostudiyasına göndərdilər. Orada Rasim Balayevi görəndə heyrətə gəldim. Gözümün qabağından “Nəsimi”, “Babək”, obrazları keçdi. Bir gün dəhlizdə Rasim Balayevlə onunla rastlaşdıq və bir-birimizin yanından keçdik, Rasim mənə ehtiyatla salam verdi. Sonralar çox düşündüm ki, o mənimlə niyə belə ehtiyatla salamlaşdı. Üstündən illər keçdi, bir filmə çəkiləsi olduq. Bir gün çəkilişlərin fasiləsində məclis qurmuşduq. O zaman Rasim Balayev mənim haaqımda “tost” demək istədiyini bildirdi. Şaşırdım ki, bu boyda sənətkar barəmdə “tost” deyəcək. Rasim Balayev dedi ki, ilk dəfə Fəxrəddini dəhlizdə görəndə, ona tərəddüdlə salam verdim, qarşımdan özündən razı bir insan keçirdi. Fəxrddinlə tanış olduqdan sonra gördüm ki, bu sadəcə quru təəssüratdı. Sonralar, özüm də çox düşündüm ki, qəribədir, niyə insanlarda bu təəssüratı yaradıram? Bu, məndən asılı deyil, inanın mənə. Bilmirəm, bəlkə də bu genetikadan gəlir.

- Bu yaxınlarda Rüstəm İbrahimbəyov Azərbaycan prezidentinə açıq məktub ünvanlayıb. Niyə tez- tez Rüstəm İbrahimbəyov etirazı gündəmə gəlir?Fəxrədiin Manafov etirazını görməmişik, amma bizim söhbətin bütövlükdə fonunu etiraz təşkil edir. Niyə Vaqif İbrahimoğlu həmişə fərqlilik uğrunda çarpışırdı. Başqalarına oxşayaraq rahat yaşamaq mümkün deyilmi?
- Bunu Rüstəm İbrahimbəyovdan soruşun. Rüstəm İbrahimbəyov bu ölkənin sayla seçiləsi insanlarından biridir. Mədəniyyətimizə xidmət göstərən insanlardandı. İnsan real hayatda yaşayır və elə bir ana gəlib çıxır ki, o zaman hansısa bir həqiqət açılır. Vaqif İbrahimoğlu da xəstələndi demək istəmirəm, belə deyim də o, gəldi reallığın hansısa mərhələsinə çıxdı. Son altı ayda böyük əzablar çəkdi, alınmadı, reallıq dedi budu. Ölümünə üç-dörd gün qalmış zəng eləyib tələbələrini çağırır. Bunu iki gənc tələbəsindən eşitmişəm. Onlar danışır ki, Vaqif müəllim deyirmiş, bir bağ götürəcəyik, hamımız ora yığılacağıq, işləyəcəyik... Bu sözləri deyib, özündən gedirmiş. O, elə bir həqiqətlə üzləşdi ki, gəlib çıxdı ömrü aparanın yanına...Bax həmin anda Vaqif İbrahimoğlu tetrdan danışmadı, demədi ki, hanı Fəxrəddin, Mehriban Zəki, Bəxtiyar Xanızadə, Pünhan? Hamımız onun tələbəsiyik. Adımızı çəkmədi... Bunun anlamı nə idi? Bunun adı azadlıq deyilmi? Vaqif İbrahimoğlu həqiqətinə qovuşdu. Təkliyinə, özünə. Reallığın öz diktəsi var, insan fəlsəfəsinin öz diqtəsi.

- Akademik Milli Dram teatrına təyin olunan yeni direktorun apardığı islahatlar bəzi sənət adamlarının ürəyincə olmadı. Regissor Bəhram Osmanov, ssenarist Əli Əmirli və daha tanınmış bir neçə şəxs İsrafil İsrafilovun mövqeyindən narazılıq edir...
- Bilirsiz nə var, bu barədə İsrafil müəllim, bizim nazir, məmurlar danışmalıdır. Mənə gəlincə, düşünürəm teatrda islahat getməlidir. Söhbət kimin istedadlı, kimin istedadsız olmasından getmir. O tetrda quruluş verilən tamaşaların dövrü artıq bitib, elə formalı tamaşalar tamaşaçı diqqətini cəlb edə bilmir. Bü gün dünya teatrlarında ciddi yeniliklər həyata keçirilir, təəssüf bizimkilər xəbərsizdi. “İsrafil müəllim düz eləmir” demək səhv yanaşmadı. Bu insan teatrı, teatr tarixini çox gözəl bilir. Bu adamın istəyi odur ki, teatr inkişaf etsin. Başqa yerlərdən aktyor, rejissor çağırır ki, teatra yeni fikir, yeni nəfəs gəlsin. İslahatlara qarşı sənətkarların çıxması məndə təəccüb və təəssüf hissi doğurur. Əksinə olmalıdı: sənət adamları, peşəsini sevənlər islahatlara dəstək verməlidi. İslahat sözünün kökündə təmizlik, yenilik, inkişaf durur. Yəni onlar inkişaf istəmir?..

- Dram Teatrın rəhbəri Finlandiyadan rejjisor dəvət edib, o da azərbaycanlıdır. İslahat budur, yeni tamaşa da azərbaycanlı təfəkkürü ilə hazırlanacaq?
- Yanaşmanızı qəbul etmirəm. O, rejissor olduqca peşəkardı, xalq yazıçısı Elçinin “Cəhənnəmin kirayənişiinləri”pyesini rus dram teatrında səhnələşdirib. İbrusda da bir tamaşa hazırlayıb, yüksək qarşılanıb. Niyə teatra xaricdən sənətkarlar dəvət edilməsin? Niyə buna mane olurlar? Buna səbəb nədir?

- Bəlkə ona görə ki, Finladiyadan gələn rejissor onların bazarına girir. Belədə Bəhram Osmanov niyə mane olmasın ki?..
- Bunu siz deyirsiz. Ad çəkməyə ehtiyac yoxdur.

- Olduqca sadə məntiqdi: Finlandiyadan rejissor gəlməsə, Bəhram Osmanov tamaşalara özü quruluş verər və qonorarını da alar...
- Mənsə bir qədər fərqli yanaşıram, nə ilişmisiniz bir tək Bəhram Osmanova? Fəxrəddin Manafovu filmlərə çəkilmək üçün tez-tez Moskvaya dəvət edirlər. Ssenarini verirlər və deyirlər, 15 dəqiqə vaxtın var. Bu vaxt ərzində həm mətni öyrənməlisən, həm məkanı qurmalısan, serialdı, vaxt yoxdu, 15 dəqiqədən sonra “mator” deyiləcək. Əgər ora çağırılıramsa, deməli, onlara lazımam. Niyə oradakı Sergey, Valeri demir ki, niyə mən yox, Fəxrəddin? Çünki anlayırlar, rejissorun istəyinə Fəxrəddin Manafov çox uyğun gəlir.

- Azərbaycanın qapısından bir şüar asmaq lazımdı: Kim lazım deyilsə, getsin!
- Biz teatrdan danışırıq, islahatların mahiyyəti də elə bundadır.

- Sizi öz peşənizdə inqilabçı adlandırmaq olar?
- Mən inqilabı və inqilabçıları qəbul etmirəm. Mədəniyyəti, iqtisadiyyatı, mənəviyyatı, hər şeyi dağıdırlar, yerinə heç nə gətirmirlər. Ortada böyük bir uçurum yaradırlar. Balaca-balaca uşaqlar çıxırlar küçələrə və “go vay” qışqırırlar. Daha anlamırlar ki, bu sözü onlara dedizdirirlər, onlar kimlərinsə əlində alətdi. Gərək insan heç vaxt özünün alətə çevrilməsinə imkan verməsin.

- Tamaşaçıların adından deyirik: nə yaxşı ki, Azərbaycan kinosunda Fəxrəddin Manafov var.
- Başqa sualınız yoxdu?

- Çox təvəzökarsız. Niyə sizə ünvanlanan haqlı tərifləri qəbul etmirsiz?
- İnsana tərif deyəndə səmimiyyət yoxa çıxır. Mənim gördüyüm iş, mənim sevdiyim işdir. Bu, mənim borcumdur, əgər yaxşı səviyyədə iş görürəmsə, peşəkarlığımı, əksi isə qeyri-peşəkarlığımı göstərir. Bəlkə də tərif yaxşıdır, amma bu, məni ovqatdan çıxarır. İnkar etməyəcəm, elə vaxt olub, küçədə gedəndə kimsə yaxınlaşıb, deyib ki, icazə verin əlinizi sıxım. Sadəcə oynadığım rollara görə, təşəkkürünü bildirib. Mən də diqqətinə görə minnətdarlıq etmişəm. Məncə belə münasibət çox yaxşıdı.

- Fəxrəddin Manafovla dostluq etmək asandı ya çətin?
- Öncə mənə deyin, dostluq hansı prisnsiplərə cavab verməlidir?

- Sadəcə səmimiyyət və dürüst olmaq kifayətdi.
- Azər adlı bir dostum var, mən onu çox istəyirəm. Bizim sənətdən çox uzaq bir insandı. O, bir dəfə fransızların dost haqqında bir kəlamını işlətdi, mənim çox xoşuma gəldi. Fransızlar deyir, dost o kəsdir ki, uzun illər sonra gələ bilər və bu illər ərzində necə yaşadığını soruşmaz. Bax, mənimçün də dost həmin şəxsdir.

- Sizi nə bezdirə bilər?
- Belə bir ingilis deyimi var ki, əgər mən sizinlə nəsə etmişəmsə, bu o demək deyil ki, biz tanışıq. Hədd var, hüdud var, məsafə var. Onların hamısına bir yerdə daxili mədəniyyət deyilir. Həddi aşanda bezə bilərəm. Bir də, təkrar suallardan bezirəm.

- Yəqin ki, biz Sizi bezdirmədik?
- Hələki yox. Məmnuniyyətlə sizə qulaq asıram.

- Bəs sizinlə şəkil çəkdirmək olar?
- Hər şey olar, məni döyə də bilərsiz.

- Hə, onda daha bəsdi, deyəsən qarşımızdakı həddi görməyin vaxtı çatdı.
- Siz bilirsiz. Müsahibə almaq istəyinə düşən onu harada istəsə saxlaya bilər.

Aynurə Həsənova, simsar.az