“Mən öz dövlətimdə ədalət istəyirəm”- Məktub

men-oz-dovletimde-edalet-isteyirem-mektub
Oxunma sayı: 676


Əvvəli burada

Bir az da səhhətim barədə. Mən 2009-cu ildə Mərkəzi Klinik Xəstəxanada ürəyimdən əməliyyat olunmuşam. Xəstəliyim ürəkdaxili damarlarla bağlıdır. Mövcud qaydalara görə bu xəstəlikdən əziyyət çəkən insanlar hətta cinayətkardırlarsa belə, onlar cəza çəkməkdən azad edilirlər. Mənə münasibətdə qanunların bu hissəsi işləmir. Nə isə. Mən bu günə qədər də tez-tez baş verən ağırlaşmaları nəzərə alıb, xəstəliyimi, heç olmasa, ev dustaqlığına çıxıb Mərkəzi Klinik Xəstəxanada müayinə etdirmək və ciddi ehtiyac duyduğum növbəti əməliyyatı həyata keçirmək istədim. Məlum olduğu kimi, xəstəliyimlə bağlı xüsusi avadanlıqlar və ixtisaslaşmış tibbi personal ölkəmizdə cəmi 1-2 klinikada var və təbii ki, Penitensiar xidmətdə bu imkanlar yoxdur.


Sanki qatı terrorçunu saxlayırlar


Nəhayət, sentyabr ayında məhkəmə-tibbi ekspertizası təyin edildi. Ancaq bu ekspertizaya vaxtilə məni əməliyyat etmiş Mərkəzi Klinikanın kardioloq-cərrahı və yaxud başqa bir uyğun mütəxəssis yaxın buraxılmadı. Və Respublika Məhkəmə Tibbi Ekspertiza Birliyində müayinə ekspertiza edildim.
Bu zaman vizual təhlildən başqa, ürəyə aid yalnız elektrokardioqramma müayinəsi aparıldı. Halbuki mənim xəstəliyimin müayinəsi üçün bütün dünyada, eləcə də Azərbaycanda yalnız angiodiaqnostikadan istifadə olunur. Ortaya maraqlı sual çıxır. Əgər Ekspertiza Birliyinin həkimləri angiodiaqnostika olmadan ürəkdaxili damarların daralması səviyyəsini sadəcə vizual baxışla müəyyənləşdirə bilirlərsə, onda dövlətimiz nədən böyük xərclər çəkib xaricdən çox bahalı tibbi avadanlıqlar alır, bölgələrdə müasir diaqnostika mərkəzləri açır? Elə bu “super” mütəxəssisləri yollasınlar bölgələrə, vətəndaşlarımız da şəfa tapsın. Nə isə. Düz 3 ay(?!) Ekspertiza Birliyi və Prokurorluq fikirləşdilər ki, ürəyində əməliyyat olunmuş və növbəti əməliyyata ehtiyacı olan insana necə rəy versinlər ki, o, ev dustaqlığına çıxıb müalicə oluna bilməsin!
Sanki hansısa bir qatı terrorçunu bərk-bərk tutub buraxmaq istəmirdilər. Nəhayət, 3 ay sonra “kompromis” variant tapıldı və həqiqətən də absurd, gülməli bir rəy verdilər- “zərurət yaranarsa, stasionar və ya ambulator müalicə ala bilər. Amma mütləq türmədə saxlanılmalıdır”.


“Heç olmasa, Hippokratdan utansınlar”


Başa düşmək çətin deyil ki, hətta ən sağlam adama da “zərurət yaranarsa, müalicə oluna bilər” rəyini vermək olar. Amma bizim ekspertlər bu “rəyi” ürəyində əməliyyat olunmuş bir şəxsə verirlər. Nə deyəsən? Heç olmasa, Hippokratdan utansınlar. Nəticədə faktiki mən 7 aydır ki, ixtisaslaşmış tibbi yardım ala bilmirəm. Hüquqi dildə belə münasibətin yalnız bir adı var - işgəncə. Beynəlxalq konvensiyalara görə hətta hərbi əsirlərin tibbi yardım almaq hüququ var.
Ancaq faktiki hazırda mənim belə bir hüququm yoxdur!
Qısaca bildirim ki, mənim həbsim, ümumiyyətlə çoxsaylı və kobud qanun pozuntuları ilə xarakterik olub.
Məsələn, mən öz iş otağımda saat 9.30-da onlarla nazirlik əməkdaşının gözü qarşısında həbs edilmişəm, saat 11.00-dan başlayaraq xəbər buraxılışlarında(ANS TV və s.) bu barədə məlumatlar yayılıb, amma mənim həbsim barədə tutulma protokolu saat 19.00-da(?!) tərtib edilib sənədləşdirilib, 48 saatlıq norma düz 10 saata qədər vaxt ərzində pozulub və s..
Bunlar məhkəmədə açıqlayacağım arqumentlərin yanında çox kiçik və xırda nüanslardır.


“Mən öz dövlətimdə ədalət istəyirəm”

Mən optimist adamam və ədalətin çətin də olsa, öz yerini hökmən tutacağına inanıram.
Hamımıza məlumdur ki, korrupsiya ilə mübarizə dövlətin ən yüksək qatından gələn xoş məramdır və bütövlükdə cəmiyyətdə zəruri sağlamlaşma tədbiri kimi qəbul edilən bir müsbət fəaliyyətdir. Ancaq təəssüf ki, bəzi icraçılar bu xoş məramı da absurd “teatra” çevirirlər, qaş düzəldən yerdə göz çıxardırlar. Belə getsə, tezliklə Korrupsiya ilə Mübarizə Qurbanlarının Ictimai Birliyini yaratmağa ehtiyac yaranacaq.
Mənə bəzən Avropa Məhkəməsinə müraciət etməyi tövsiyə edirlər. Mən qətiyyən bunu istəmirəm. Mən öz dövlətimdə ədalət istəyirəm. Mən istəmirəm ki, ədalət avropalı hakimlərin imzasıyla mənim ölkəmə gəlsin. Sağlıq olsun. Qarşıda hələ çox maraqlı məhkəmə prosesi var. “Absurd tamaşanın” məcburi baş qəhrəmanlarından biri kimi maraqlananları “premyeraya” dəvət edirəm.