“Mən sizin haqqınızda ciddi tədbir görəcəm”

men-sizin-haqqinizda-ciddi-tedbir-gorecem
Oxunma sayı: 668

Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının binasında şəhər İcra Hakimiyyətinin toplantısı keçirilib. “Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və şəhər ictimaiyyətinin qatıldığı tədbirdə bu günədək görülən işlər və qarşıda duran bir çox məsələlər haqqında müzakirələr aparılıb.
Toplantı iştirakçılarına öncə bir müddətdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə yeni təyin olunan İlham Əliyev təqdim olunub. Daha sonra şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rafiq Şəfiyev dövlət qulluğunda fərqləndiyinə görə, ordenlə təltif olunub. İclasın gedişatında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə aparılan əsaslı yenidənqurma işlərindən danışıb. Bildirib ki, şəhərin kommunikasiya infrastrukturunun yenilənməsi üçün yüksək gərginlikli elektrik, telefon, eləcə də qaz xətlərinin yer altına salınması və Gəncəyə yeni layihə əsasında su xətlərinin çəkilməsi yaxın zamanlarda təmin olunacaq. Bundan başqa, Elmar Vəliyev şəhərdə aparılan söküntü və yenidənqurma işləri barəsində də toplantı iştirakçılarına məlumat verib. Qeyd olunub ki, hazırda Gəncə ərazisində mövcud olan yaşayış massivləri ilə yanaşı, 2200-dən artıq iaşə obyektində əsaslı təmir aparılır.

İcra başçısı tədbirdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün onlara lazımı şəraitin yaradıldığından da söz açıb və deyib ki, sahibkarlar üçün yeni layihələrin həyata keçirilməsi və aşağı faizli kreditlərin təşkili istiqamətində lazımı addımlar atılacaq.

Tədbirin gedişatında Elmar Vəliyev Gəncə şəhərindən Milli Məclisə deputat seçilənlərdən də gileylənib. Belə ki, icra başçı onları bu şəhərdən millət vəkili seçilmələrinə baxmayaraq Gəncənin problemləri ilə maraqlanmamaqda qınayıb.

İcra başçısı işdə ciddi nöqsanlara yol verən rəhbər şəxslər barəsində də tədbirlərin görüləcəyini bildirib. E. Vəliyev buna misal olaraq ad da çəkib.
“Çox təəssüf olsun ki, mədəniyyət sahəmiz “yaxşı” gündədir. Mina xanım sağ olsun qələmi götürüb kimə gəldi ərazilərini özəlləşdirib, pay verib. Əyləşin, mən sizi haqqınızda ciddi tədbir görəcəm” - deyə Elmar Vəliyev Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovaya ciddi iradını bildirib.
Gəncənin şəhər daxili yol infrastrukturundan da danışan icra başçısı mərkəzi küçə və prospektlərdə tıxacın qarşısını almaq üçün bundan sonra yolun sol hissəsində avtomobillərin saxlanılmaması barəsində şəhər Polis İdarəsinə tapşırıq verib.

Qeyd edək ki, yığıncaqda Gəncənin idarə və müəssisə rəhbərlərinin hesabatları dinlənilib.