“Mən yaşlıyam”

men-yasliyam
Oxunma sayı: 655

“Azərbaycanda siyasi islahatlar olmalıdır. Demokratik seçkilər olmalı, dövlətin üç müstəqil qolu yaranmalıdır. Özü də bu, mütləq yerinə yetirilməlidir. Yarımçıq yox. Ümumiyyətlə yarımçıq demokratiya heç bir işə yaran şey deyil”. “Qafqazinfo” xəbər verir ki, bunu Azadlıq Radiosuna müsahibəsində hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev deyib. O bildirib ki, ölkədə sözün əsl mənasında demokratiya yaranmalıdır: “Bu, ilk növbədə siyasi islahatlardır. İqtisadi islahatlar barədə danışmaq uzun çəkər. Qısaca onu deyə bilərəm ki, bu iqtisadi islahatlar ölkədə olan korrupsiya və rüşvətə son qoymalıdır. Əks halda artıq Quba hadisələri ilə hökumətin köməksizliyindən əmələ gələcək xaosa start verilib”.

R. Quliyev deyib ki, bu siyasi və iqtisadi islahatları Azərbaycanda hamıdan yaxşı o həyata keçirə bilərəm. Ona görə də prezident seçkilərində namizəd olacağını bildirib: “Daha doğrusu buna əminəm. Tutaq ki, hökumətin buna şübhəsi var. Demək istəyir ki, sözdür də danışıram. Mən razıyam. Prezidentləri iyirmi nəfər - kimi istəyir, başbilənlərini yığsın, başda özü olmaqla, mən də tək, debata çıxaq. Onlar desinlər Azərbaycanın gələcəyini necə görürlər, nə edəcəklər, mən də deyim. Əgər onlar debatı qazansalar, mən namizədliyimi vermərəm.

Əlbəttə mən namizədliyimi verməyə cəhd edəcəyəm. Çünki, düşünürəm ki, ömrümün artıq qüruba gedən bu çağında mən hələ Azərbaycan xalqı qarşısında öz borcumu verib qurtarmamışam”.

“Amma səsiniz heç də qüruba gedən ömürdən gələn səsə oxşamır” sualına eks-spiker belə cavab verib: “Yox, bilirsiniz, mən yaşlı olmağına yaşlıyam. Amma fikirlərim qocalmayıb”.