Mənə “nişşastniy çelovek” yox, bədbəxt adam deyin

mene-nissastniy-celovek-yox-bedbext-adam-deyin
Oxunma sayı: 667

Ona görə də, qərara gəldim ki, həmin söhbəti olduğu kimi sizlərə çatdırım. Beləliklə, avtobus növbəti dayanacağa yaxınlaşanda cavan bir qız sürücüyə yaxınlaşaraq bunları dedi:

- Şofer, zəhmət olmasa qabaqdakı astanovkada saxlayın!
- Şofer yox, sürücü! Astanovka yox, dayanacaq.
- Aaa, nə dəxli var ey? Sizə deyirəm saxlayın, saxlayın də!
- Dəxlisi odur ki, mənim ruslardan zəhləm gedir!
- Ruslar da elə Sizdən ötrü ölürdü, nişşastniy çelovek (Gözün süzdürür).
- Bədbəxt adam desən dilin qopar?
- Aaa, probleminiz nədir sizin?

- Problemim budur ki, öz dilində danış! Rus gəlib sənin dilində danışır? Bir nəfər rus göstər mənə ki, astanovkaya - dayanacaq, sfetafora - işıqfor, koziola - keçi, asiola - eşşək deyir. 60 ilin Bakı rusu belə, öz dilini unutmur. Balam, sən sovet höküməti də görməmisən deyəm ki, bu, hökümətdən qalma dil yarasıdı. Eyib deyil ey dil bilmək. Bir çox dilləri öyrən, ancaq gündəlik öz dilivi işlət də.

- Üfff, bəsdirin Siz Allah!
- Nə yaxşı demədin xvatit?!
- Dayanacağı keçdik (Gülümsəyir)!
- İznayu (Gülümsəyir)!

Və qız düşəndə gedişhaqqını ödəmək üçün sürücüyə 10 manat uzatdı. Sürücü pulun qalığını qaytaranda, - “Ay gözəl bala, öz dilində danış, öz dilin bütün dillərdən gözəldi. Ruslaşmağı dayandırın ki, bir az da özümüzə qayıdaq, azərbaycanlaşaq! Qız sürücünün bu rəftarına sadəcə gülümsəməklə cavab verdi və avtobusdan düşərək yoluna davam etdi.

Mən isə sürücülərə dırnaqarası baxan insanlar haqqında düşündüm. Bəlkə də qızından da yaşca kiçik olan bu ədabaz xanımın söylədiyi nə “bədbəxt insan” sözü, nə də kinayə ilə süzdürdüyü göz qaşı incitmirdi sürücünü. Hirslənmirdi də qızcığazın bu sözünə və hərəkətlərinə. Onu incidən dilimizin rusun ingilisin dili altında əzilməsi idi.

Qız avtobusdan düşüb gedəndən sonra sürücünün söhbətindən anladım ki, o, əsgərliyini Stalinqradda çəkib. Hətta 10 il Moskvada yaşayıb. Sürücü 16 yaşlı qızının 1990-cı ildə “20 Yanvar” hadisəsini törədən “Qızıl Ordu”nun gülləsinə tuş gələrək, ömürlük yerimə qabiliyyətindən məhrum olmasını taleyin deyil, rusun ayağına yazdı. O, “Bizi yıxmağa dilimizdən başladılar”, - dedi. Məncə, haqsız da deyildi.

Bəlkə də o qız daha indən sonra heç bir sürücüyə “şofer”, dayanacağa “astanovka” deməyəcək. Çünki, sürücünün olduqca nurlu siması, təsiredici nitqi var idi. Buna görə də olsun ki, həmin qız nə vaxtsa dilinin ucuna yenə o sözləri gətirəndə gözünün qarşısına bu nurlu sima canlanacaq. Və bu an o, dərhal öz doğma dilimizdə deyəcəkdi, - “Sürücü, zəhmət olmasa qarşıdakı dayancaqda saxlayın” .

Dedim axı bəlkə...