“Mənə sənin kimi soydaş lazım deyil”

mene-senin-kimi-soydas-lazim-deyil
Oxunma sayı: 720

Oqtay bəy! Əslində mən sənin bu yazına cavab vermək istəmirdim, amma oxucular üçün bir neçə məsələyə toxunmaq istəyirəm. “Sən” deyə yazmağımın səbəbi odur ki, sən mənə “siz” deyə xitab edərkən mənə iftira və ittihamlar vurmuşdun. Bu yazında da yalanlar və iftiralar yazdığına görə elə yenə “sən” xitab edəcəyəm. Mən özümdən yaşlı insanlara hörmət edənəm, amma mənə və millətimə iftira vuranlara yox.

Yalnız Ramazanda deyil, yalan danışmaq iftira vurmaq heç zaman olmaz. Sən mənim yazımı yenə mükəmməl oxuya bilməyibsən. Mühüm məsələlərə də cavab verməyibsən. Əlbəttə mənim cavabsız qoyduğum sözlərimi sənin cavabının olmaması və mənim sənədli yazmağımla əlaqələndirirəm. Mən dediyim ağ qatığa sən necə diyə bilərsən ki, qaradır?

Mən özüm fikirləşir, özüm də yazıram, sən günaha düşmə, kimsəyə yazdırmıram. Görünür mənim faktiki yazım səni çox narahat edib ki, cəfəngiyat yazmağa məcbur olubsan. Mən sənin kimi rusca düşünüb azərbaycanca yazmıram, elə cılxa Ərdəbil dilində yazıram. Sən heç yazmadın ki, niyə Azərbaycan dilinin əski əlifbasını bilmirsən. Yaşının çoxluğuna rəğmən niyə bu əlifbanı bacarmırsan. Bacarsaydın İranda yazılan Azərbaycan dilli yazıları oxuya biləsən.

Mən İrandayam Tehranda yazıb Bakıya göndərirəm. Sən necə ziyalısan ki, internet alimini unudubsan? Elə bilirsən ki, Azərbaycan saytlarında məqalə yazmağın üçün Azərbaycanda olmaq gərəkdir!?

Sənin özün haqqında verdiyin məlumat göstərir ki, Azərbaycan xalqına heç nə etməyibsən. Bundan sonra da bu düşüncələrinlə bir iş görə bilməyəcəksən. Sabir Rüstəmxanlının da vəkili olmağın sənə bir xeyri olmayacaq. Necə olur Sabir bəy çox əhəmiyyətsiz və kiçik səviyyəli məsələləri özü cavablandırır, amma bu qədər əhəmiyyətli məsələni cavablandırmaq üçün sən ortaya atılırsan?

Sən yazmadın Qarabağın və işğal olunmuş ərazilərin azad olunması uğrunda nə edibsən və edə bilərsən? Sən fizikaşünassan axı, bu məsələnin həlli istiqamətində bir formula təqdim et. İran azərbaycanlıları ancaq 25 milyon olarlar. Sən israr etmə ki, İranı məndən çox tanıyırsan. İran ölkəsi haqqında tarixi faktlara susdun... Sən şəxsi maraqlara görə onun bunun sözünü danışma, faktlara əsaslan. Qiyamət gününə də bir şey saxla.

Sənə 3 təklif vermişdim heç reaksiya göstərməyibsən? İranda Azərbaycan dilində çıxan kitablara bir sərgi təşkil etməli idin nə oldu? Tarixi məsələlər haqqında bir konfrans keçirməli, Azərbaycan dilinin daha çox təbliği üçün çalışmağa başlamalı idin nə yerdə qaldı? Axı bilirsən Azərbaycan dilimizin 45%-i ərəb ,fars kəlmələri ilə bürünüb, 5%-i də ingilis və rus kəlmələri ilə. Sənin fizik olan ixtisasında ingilis və rus kəlmələrinin faizi daha çoxdur. Ümid edirəm bunları bilirsən. Ömrünün qalan hissəsini belə mənəvi işlərlə məşğul olsan məncə daha yaxşı olar.

Sən ki Amerikanı, Avropanı sevirsən bəs nədən İran azərbaycanlılarının sayı haqda Amerikanın verdiyi statistika səni narahat edir? Nə mənim, nə də amerikalıların sözünü qəbul edirsən, bəs nə etməliyik? Elə çığır-bağırla sənin sözünü qəbul etməliyikmi?

Mən heç istəmirəm sən mənə səfir deyə xitab edəsən. Heç mənə sənin kimi soydaş da lazım deyil. Sən və sənin kimilər nə zaman 20% torpaqlarınızı erməni işğalçılarının əlindən alsanız bəlkə səninlə o zaman allah qismət etsə oturub söhbət edə bilərəm. Nə zaman 1 milyon qaçqın və məcburi köçkün öz ata-ana yurdlarına qayıtsalar səninlə danışa bilərəm. Əlbəttə sən göstərə bilərsən ki, bu istiqamətdə nə edibsən. Yoxsa heç səninlə bir kəlimə də danışmaq istəmərəm.

Mən özüm də yazmışdım ki, mənim XİN və Bakıda çalışdığım zaman İran dövlətinin humanitar işlərinin həyata keçirilməsində rolum var idi. Eyni zamanda bir sıra işlər mənim yazdığım təhlillər və verdiyim təkliflər əsasında həyata keçirilirdi. Sənin ixtisasın da, təcrübən də diplomatik işlərlə bağlı olmayıb bu məsələləri təbii ki, yaxşı bilə bilməzsən.

Məndə bilirəm ki, keçmiş prezidentləri, nazirləri, səfirləri və bunlara bənzər adamları elə keçmiş ünvanları ilə səsləyirlər. Əvvəla mənə maraqlı deyil, çünki insan olmağı bütün vəzifələrdən üstün bilirəm. İkinci tərəfdən əgər onları keçmiş vəzifələri ilə adlandırırlarsa tərbiyəsizliklə yox, ədəblə səsləyirlər. Sən keçmiş və sonrakı cavablarını oxusan görərsən ki, tərbiyəsizliyi sən edibsən məndə sənə cavab yazmışam. Tərbiyəsizlik də etməmişəm sadəcə yazmışam ki, güzgüdə özünü görüb nələrsə yazıbsan. İkinci yazında da yenə sayıqlayıbsan. O yazdıqlarının hamısını özünə qaytarıram.

Sən özünü ortaya atma əgər hansısa İranın dövlət təşkilatlarının Bakıdakı nümayəndələrindən Azərbaycan əleyhinə bir iş ediblərsə, əvvəla mən də bu işi pisləyirəm, ikincisi sən yox Azərbaycan dövləti İran dövlətinə müraciət edib sənədlə, sübutla öz etirazını bildirməlidir.

Allah səni və sənin kimiləri düz yola yönləndirsin!