“Mənə tempimi aşağı salmaq bir qədər çətindir” – Müsahibə

mene-tempimi-asagi-salmaq-bir-qeder-cetindir-musahibe-
Oxunma sayı: 776

Nigar Mahmudova 1981-ci il dekabrın 12-də Bakı şəhərində anadan olub. 288 saylı orta məktəbi və musiqi məktəbinin fortepiano sinfini bitirib. Daha sonra İncəsənət və Mədəniyyət Universiteti modelyer-rəssam fakültəsinin bakalavar və magistr pilləsini bitirib. Ailəlidir, övladı yoxdur.

Nigar Mahmudova ixtisasca modelyer-dizayner olsa da, özünü xəbər aparıcısı kimi ilk dəfə ANS-in efirində sınadı. Tamaşaçılar onu "Ağıl dəryası"nın ağıllı, ciddi, arada zarafatcıl və ən əsası alagözlü xanımı kimi çox sevdilər. Açığı, onu "Aysel" jurnalının oxucuları 7 il əvvəl görmüşdülər. Belə ki, o, dərgidə model kimi çəkilmişdi. O zaman Nigarın heç ağlına gəlməzdi ki, illər ötəcək və Azərbaycanın bir nömrəli qadın jurnalının üz qabığına çəkilməyə dəvət alacaq. Onun ANS-ə gəlişi də məhz bu foto sayəsində olmuşdu. Şəklini jurnalda görən efir prodüserlərindən biri onu səhər proqramına aparıcı qismində dəvət etmişdi.

Yeni mövsümdən "Xəbərçi"nin 21:00 buraxılışına çıxan gözəl aparıcı Nigar Mahmudova "Aysel"ə ilk efir həyəcanından danışıb.


-"Xəbərçi"yə gəlişiniz necə oldu?

-"Ağıl dəryası" proqramında bir il işlədim, düşündüm ki, artıq irəliləməyin vaxtıdır. Mənə rəhbərlik tərəfindən "Xəbərçi"nin aparıcısı olmaq təklifi gələndə çox sevindim, çünki bu, çoxdankı arzum idi. Düzdür, xəbər spikeri kimi təcrübəm olmasa da, ən əsası istəyin olmasıdır. Təklifdən 4 gün sonra canlı efirə çıxdım. "Xəbərçi"ni aparmaq çox məsuliyyətlidir. İlk efir günü çox həyəcanlı idim. Efirə 10 dəqiqə qalmış özümü pis hiss elədim. Amma özümü ələ alıb tamaşaçıları gülərüzlə salamlayandan sonra iş başına keçdim. Çox sevinirəm ki, insanlara lazımlı işlə məşğul oluram. Çünki bilirəm ki, axşam xəbərlərini hamı səbirsizliklə gözləyir.

- Həmkarlarınız bu sevincinizi paylaşdılarmı?

- Əvvəllər işlədiyim prodüser departamentində həmkarlarım mənə uğur arzuladılar. Xəbərlər departamentində isə üzümə bir söz deyən olmadı (gülür - red.), amma müəyyən dərəcədə qısqanclıq ola bilər. Çünki mən kənardan, yəni başqa departamentdən gəldim, dörd günün içində efirə çıxdım, bu, ola bilsin ki, qısqanclığa yol açdı.

- Televiziyada Vahid Mustafayev, Seyfulla Mustafayev, Mirşahin Ağayev, Sevinc Osmanqızı kimi peşəkar insanlar var, onlardan nə kimi bilgilər əldə etmisiniz?

- Nitq mədəniyyəti üzrə uzun müddət məşğul olduğum peşəkar olmayıb. Amma fasilələrlə bir çox tanınmış efir insanlarından dərs almışam. Xəbər mətnində hər hansı cümlədə çətinlik çəkdiyim zaman birbaşa Mir Şahin Ağayevdən kömək istəyirəm. Seyfulla müəllim mənə "Ağıl dəryası" ilə bağlı çox dəyərli tövsiyələr verirdi. Vahid müəllim xəbər spikeri olmağım üçün mənimlə şəxsən məşğul olub. Sevinc Osmanqızı isə mənə hər xəbər buraxılışından sonra öz tövsiyələrini verir.

- İlk efir günlərində nə kimi səhvləriniz olurdu, yəqin olmamış deyil?

- Mən xəbərləri çox sürətlə təqdim edirəm ki, bu vərdiş məndə "Ağıl dəryası" proqramından qalıb. Bilirsiniz ki, orada zaman çox önəmli idi. Ona görə mənə tempimi aşağı salmaq bir qədər çətindir.

-"Xəbərçi"nin efir müddəti ərzində bir neçə dəfə özünüzü təqdim edirsiniz, buna nə ehtiyac var?

- Maraqlı sualdır (gülür - red.). Bunu məndən çoxları soruşur, insanlar elə başa düşürlər ki, mən özümü ön plana çəkmək istəyirəm. Amma bu belə deyil, rəhbərliyin tələbidir.

- Canlı efirə 10-15 dəqiqə qalmış nə edirsiniz?

- Adətən efirə gedən anonsların mətnini, səsini yazdırıram. Bir fincan su götürürəm, xəbərlərə nəzər salıram, iki dəqiqə qalmış kamera qarşısına keçirəm, qrimçi saçımın son ştrixlərini düzəldir.

- Kare saç düzümü sizə çox yaraşır, aparıcı imiciniz üzərində kim işləyir?

- Saçımın sarıya boyanması göstərişini də müdiriyyət verib. Əvvəl elə düşünürdüm ki, bu rəng mənə yaraşmayacaq, amma yanılmışam. Bəzən istəyirəm efirə əlvan rəngli kostyumlar geyinim, çox təəssüf buna da icazə verilmir. Biz, spikerlər ancaq ciddi üslubda geyinməliyik.

Anspress