Məni bıçaqlayan “möminin” fotorobotu

meni-bicaqlayan-mominin-fotorobotu
Oxunma sayı: 653

Məni bıçaqlayan “möminin” fotorobotu


Azərbaycan ədəbiyyatını bıçaqladılar! Bütün kriminal mülahizələrimi kənara qoyub özüm üçün mənə əl qaldıran bu əlibıçaqlı “əməli-saleh” adamın fotorobotunu beynimdə yaratmağa çalışdım. Sözsüz ki, bu adam şiə təriqətinin törəməsidir. Acından qarını kürəyinə yapışmış ortaboylu, arıq, ömrü boyu alayarımçıq oxuduğu Qurandan başqa bir kitab üzü açmayan, sözünü “bissmillah”la başlayıb “inşallah”la qurtaran, özünə oxşamayan bütün bəşər övladına nifrət edən, heç yerdə işləməyən, fitrə zəkatla dolanan, guya, Tanrı yanında savab qazanmaqdan ötrü, nəinki bir yazıçını, hətta hamilə qadını belə bətnindəki uşaqla birlikdə doğrayıb öldürməyə hazır olan gədənin biridir. Bütün günü marixuana – el dilində desək, nəşə - çəkdiyi üçün gözləri süzüldüyündən, ala-bula eynək taxan, dişləri seyrəlmiş bu adamın ənənəvi bığı olur. Belə bığ yalnız Azərbaycanda mövcuddur. Demək, əvvəlcə üst dodağın üstündə tükdən ibarət namnazık bir xətt qoyursan, sonra burun pərlərinin qovuşduğu yerdən, həmin tük xətdə yuxarıdan aşağa namnazik perpendikulyar endirirsən, yəni təxminən, latın əlifbasının “E” hərfini rəndələyib tərsinə ağzına yapışdırırsan, üstəgəl, meyxanadan başqa bütün incəsənət nümunələrinə nifrət edirsən və başlayırsan hamıya ağıl öyrətməyə. Aha! Oldun cənnətlik.

Bu adam namazqılandır, sözsüz. Ancaq adi namazqılan deyil, bundakı fitridir. Yəni adi namazqılanlar gündə beş dəfə qabağa əyilməklə cənnət qazanmaq istəyirlərsə, bu cənnətə master kimi getmək istəyir, yəni rus demiş, arxaya əyilib “most” duraraq da namaz qıla bilir. Yüz faiz on-on beş yaşında həccə gedib, cibində həmişə təsbeh və bıçaq gəzdirir.

Təsbehi Allahdan qorxduğu üçün gəzdirir, bıçağı insandan qorxduğu üçün.
Rəng seçimində qara rəngə üstünlük verir, onun düşüncəsinə görə dünya qaradır, günəş adlı şey yoxdu. Bütün ömrünü sadiq olduğu, tapındığı peyğəmbərin və dinin adına batırmaqla məşğuldu. Allah bu adam üçün çayxana mövzusudur, kainatın yaradıcısı deyil. Onun “Allah” deyib inandığı şey özü kimi gerizəkalıdır. Onun “Allahı”da bütün günü marixuana çəkir, təsbeh oynadır, kitab oxumur, öz eqosunu bütün bəşər mədəniyyətindən üstün tutur, meyxanaya qulaq asır, dinim Allah amanatı, hətta bəlkə də, rus demiş, “muzkantdı”, ya da taksi sürücüsü, amma mütləq “07” sürür və s.
Rüsvayçılıqdı bu!

Əlbəttə, məni, yaxud hansısa fikir adamını öldürməyi, islam heç kimə qadağan etməyib. təqribən, ayə belədir: “sənə qarşı vuruşanlara qarşı sən də vuruş”. İslama qarşı tarix boyunca heç kim vuruşmayıb; insanlar öz azadlıqları üçün vuruşublar. İslam qan tökməklə din olub, yəni islam din olub qan tökməyib, qan töküb din olub.
Qələmin qarşısına bıçaqla çıxmaq və savab qazanmaq – tüpürüm belə savaba. 60 yaşlı yazıçını bıçaqlayacağam və savab qazanacağam – tüpürüm belə savabı mənə yazan göylər səltənətinə.

Bıçaq gücünə savab qazanmaq, qılınc gücünə peyğəmbər olmaq kimi bir şeydir.
Oxucularımız məni, adətən, Apokalipsislə hədələyirlər ki, o dünyada belə yazılar yazdığınıza görə sizi qır qazanında qaynadacaqlar, özləri isə adam öldürürlər; Ömər Xəyyam demiş, “biz şərab içirik, sən insan qanı, insaf et, hansımız daha qəddarıq”.
Babəki şaqqaladınız, Nəsimini soydunuz, Seiyid Əzimi tapdaladınız – nə oldu?
Bu bıçaq Azərbaycan ədəbiyyatının gözünün odunu almaq üçün kullanılıbsa, nə yazıq! Ədəbiyyat elə bir əjdahadır ki, bir başını kəssən, yerindən üçü çıxacaq, ey əliqəməli “mömin”.