Məni qətlə yetirmək istəyirlər…

meni-qetle-yetirmek-isteyirler
Oxunma sayı: 647

Artıq həyəcanlı idim. Ciddi qəza vəziyyəti yaradan sürücünü söyüb təhqir etdim. Ondan cavab gözləmədən maşınıma qayıdıb hər ehtimal onun avtomobilinin dövlət nömrə nişanını qeyd elədim...

Yol boyu, düz evimizə qədər bu barədə düşündüm. Tez-tez məni ötüb keçən maşınların sürücülərinə baxır, diqqətlə onların niyyətlərini öyrənmək istəyirdim. Yaşadığım evə çatanda artıq qaranlıq idi. Maşından düşməyə nəsə ürək eləmədim. Bir neçə dəqiqə bu vəziyyətdə qalandan sonra qeyri-ixtiyarı aşağı enib qapını açdım. Hiss edirdim ki, darvazadan on metr aralıda, kimsə qaranlıqda diqqətlə mənə baxır. Hətta onun barmağının tətikdə necə titrədiyini də görə bilirdim. Həyat yoldaşım qapıya çıxıb məni səslədi. Və mən ilk dəfə idi ki, arvadımı görəndə ürəklənirdim...

Evdə heç nə demədim. Ancaq fikir məni götürmüşdü. Bayaqdan çay içə-içə mətbəxin pəncərəsindən bayıra baxır, atəşin mənə hansı tərəfdən açılacağını müəyyən etmək istəyirdim. Çox ehtimal ki, divarın üstünə çıxıb düz mən oturan yeri nişan alacaqdı. Beynim sakit dayanmırdı. Atəş anına kimi hər şeyi ölçüb-biçirdim. Hətta bir iki dəfə mətbəxdə cəld hərəkətlə aşağı əyildim. Bu yolla güllədən yayınmağın mümkünlüyünü öyrənmək istəyirdim. Qatil insaf eləyib atəş açmaqda azacıq yubansa yayınmaq olardı...

Bütün gecəni qapının arxasında kiminsə dayandığı, ora-bura var gəl eləyib mənim eşiyə siqaret çəkməyə çıxmağımı gözlədiyini düşünə-düşünə yorğanın altında titrədim. Səhər beynimdə iki ümid ideyası ilə yataqdan qalxdım. Hər şeydən əvvəl ATƏT-in Bakı ofisinə getməli və həyatıma təhlükə olduğunu bildirməli idim. Bu artıq qəti qərarım idi. Onlardan ciddi bəyanat vermələrini istəyəcəkdim. İkincisi isə şəhərdəki ovçu dükanlarını axtarıb özümə “bronjilet” almalı idim. Heç olmasa bu yolla təsadüfü adamın əli ilə qətlə yetirilməkdən qurtulmaq olardı.

Səhər işə gələndə baş verənlərlə bağlı Rauf Arifoğluna, sonra da Qənimət Zahidə zəng etdim. Vəziyyəti hər iksinə danışdım. Nədənsə bu məqamda ən çox onlara bel bağlaya bilərdim. Rauf bəy inandırmağa çalışdı ki, bu tezliyə məni heç kim öldürə bilməz. O, Rafiq Tağıdan sonra ən azı altı ay sakitliyin olacağını deyirdi. Və belə yaşamağı qəbul etməyimi məsləhət görür, öz təcrübəsini bölüşürdü: “Mən artıq uzun illərdir ki, belə yaşayıram. Maşınımda yekə bir güzgü gəzdirirəm. Hər səhər işə gedəndə əvvəlcə oturacaqların altına tutub bir şey qoyulub-qoyulmadığını yoxlayıram. Sonra da maşını işə salıb bir-neçə dəqiqə gözləyirəm. Ancaq sən darıxma, əmin ol ki, siyahının başında deyilsən. Hələ sənə qədər var...”

Qənimət Zahid isə məni dinləyən kimi dərhal onunla görüşməyimi istədi. Yolumu dəyişib Qənimətin yanına getdim. Mənə xeyli lağ eləyib güldü. Hiss edirdim ki, bu yolla əslində vəziyyəti yüngülləşdirmək istəyir. Təxminən fikirləri belə oldu: “Öldürəcəklər cəhənnəmə öldürsünlər. Nədən qorxursan ki? Ancaq yadından çıxartma, sənə hələ çox var. Səndən qabaqda gör nə qədər adam var. Görürsən də biz nələr çəkirik. Əvvəllər başqa cür işləyibsən. Bizim isə günümüz belədir. Sən indi təzə doğulmuş uşaq kimisən. Ayağını düz qoy, səni bələyək...”

Hər iki baş redaktorla söhbətim məni xeyli özümə qaytardı. Ürəkləndim. Siyahı haqqında fikirləşməyə, oradakı ardıcıllığı tapmağa çalışdım. Onlardan bir neçəsini Rafiq Tağının üç mərasimində gördüm. Axşam tərəfi yasdan çıxanda bu barədə Zamin Hacıya, Ceyhun Musaoğluna, Rey Kərimoğluna danışdım. Zamin Hacı məni başa saldı ki, həmin siyahıda yerlər tez-tez dəyişə bilər: “Sən saytında Rafiq Tağının imzası ilə çap olunan yazılardan verməkdə davam eləsən asanlıqla siyahının başına keçəcəksən. Ehtiyatlı ol, bir müddət belə yazılar vermə!”

Ümumiyyətlə, dostlar mənə çox kömək oldular. Dedilər ki, Rafiq Tağı qətlə yetiriləndən sonra proseslərin içində olubsan, psixologiyanda pozğunluq olub. Həkimə müraciət elə, sakitləşdirici dərman iç, bir neçə günə keçib gedəcək, hər şeyi unudacaqsan dedilər.

Axşam evə qayıdanda darvazadan on addım kənarda həmin adamı yenə də gördüm. Dünənki yerində dayanmışdı. Ancaq nədənsə mən ondan qorxub eləmədən maşından düşdüm, hətta darvazanı da saymazyana açaraq içəri keçdim. Evə girib mətbəxdə çay süzərək düz pəncərənin qarşısında dayandım. Sonra rahat şəkildə yerimə uzandım. Adam yenə də qapının arxasındaydı. Lakin mən onu vecimə belə almırdım. Aydın şəkildə hiss edirdim ki, dostlar cəmi bircə günə məni bu ölkədə söz adamının qətlə yetirilməsində qeyri-adi heç nəyin olmadığına möhkəm inandıra biliblər. Onlar bunu o qədər sadə şəkildə eləmişdilər ki, mən qapının arxasında var-gəl eləyən barmağı tətikli adamın ayaq səslərinə qulaq asır və uğunub gedirdim...