Məni utandıran qadın

meni-utandiran-qadin
Oxunma sayı: 669

Kaş ki, “Azadlıq” qəzetində çalışan həmkarım Natiq Güləhmədoğlu tanımadığımız bu adamlara Azərbaycandan olduğumuzu söyləməyəydi...

Kaş ki, restoranın yekəpər sahibi onu zorla bizim yanımıza gətirməyəydi...

...Ətraf aləmə olan sonsuz marağım dünən məni acı gerçəkliklə üz-üzə qoydu. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İzmirə gəldiyim ötən üç gündə ilk dəfə məyus oldum. Hələ də o görüşün təsiri altındayam. Türkiyənin ən gözəl şəhəri olan qədim İzmir mənim yaddaşımda daha şox həmin qadının qəmli gözləri ilə qalacaq...

Dəniz kənarında yerləşdiyi üçün İzmir restoranlarının menyüsündə əsas yeri balıq yeməkləri tutur. Restoran sahibləri müştərilərin diqqətini cəlb etmək üçün dənizdən yenicə çıxarılmış balıqları nümayiş etdirməyə xüsisi həvəs göstərirlər. Şüşə qapısı olan iri soyuducuda saxlanılan balıqlara yaxından tamaşa etmək üçün dünən bahalı bir restoranın qarşısında dayandım. Arxamca gələn adamın jurnalist həmkarım Natiq Güləhmədoğlu olduğunu ayaq səslərindən tanıdım. Görünür, Azərbaycan dilində danışmağımız ətrafdakıların diqqətini cəlb etdiyi üçün bir anın içində başımızın üstünü kəsdirdilər. Özünü restoranın sahibi kimi təqdim üdın adam haralı olduğumuzu soruşanda, Natiq Azərbaycandan gəldiyimizi dedi.

Qarşımızda dayanan bu yekəpər kişinin sifətindəki dəyişiklik nəzərimdən yayınmadı. O, ətrafa göz gəzdirib, beş addım kənarda balıq təmizləyən oğlanı yanımıza çağırdı. Əlindəki balığı masanın üzərinə qoymağı belə unudan bu cavan oğlan bizə çatıb, keçmişdə şahların hüzurunda boynunu bükən suçlu adamlar kimi başını aşağı saldı. Restoranın sahibi ondan həyat yoldaşının haralı olduğunu soruşanda, ürkək səslə cavab verdi: “Azəridir”.

Bu, onun söhbət əsnasında dediyi yeganə söz oldu. Biz təxminən yarım saat söhbət etsək də, o, ağzını açıb bircə kəlmə də danışmadı...

...Yekəpər sahibkar Elnarə adlı qadını bir neçə dəfə səsləsə də, mətbəxdə suyun şırıltısı kəsilmədi. Axırda kişi özü məcbur olub, onun arxasınca getdi. Cəmi iki dəqiqə sonra o, düz qaməti olan gözəl bir qadını çəkə-çəkə bizim yanımıza gətirdi.

Yuduğu qabların yağı əllərinə yapışdığı üçün Elnarə bizi başı ilə salamladı. Natiq ondan Azərbaycanın hansı rayonundan olduğunu soruşdu. İlk dəfə başını qaldırıb, bizim üzümüzə baxdı: “Qubalıyam”.

Mən, onun İzmirə necə gəldiyilə maraqlandım. Dedi ki, yaşamaq üçün Azərbaycanı tərk etməkdən başqa yolu qalmamışdı. Səbəbini isə belə izah etdi: “Atam-anam dünyasını dəyişəndən sonra heç kim mənə həyan olmadı. Bəzən yeməyə quru çörək də tapmırdım”.

Biz bir qədər Azərbaycandakı vəziyyətdən danışdıq. Axırda söhbət bir neçə ay əvvəl baş vermiş Quba hadisələrinin üstünə gəldi. Bu vaxt onun çöhrəsinə qəribə kədər çökdü. Titrək səslə dedi: “Həmin vaxt çox qorxmuşdum. Heç olmasa, indi sakitlikdirmi?”

Mən onun qəlbinin böyüklüyünə heyran qaldım. Vaxtilə bir tikə çörəyə möhtac olsa da, yenə doğma rayonunun qeydinə qalırdı...

Danışmağa sözümüz çox idi. Amma yekəpər sahibkarın yoğun səsi söhbətə nöqtə qoydu: “Bəsdir! Get qabları yu!”

Demək istədiyi sonuncu söz onun boğazında düyünlənib qaldı. Elə mənim də... Əgər mın Elnarəni bir də görsəm, ona cəmi iki kəlmə deyəcəyəm:

- Bağışla, bacım! Vətəndə sənə həyan ola bilmədiyimiz üçün bizi bağışla!

P.S. Elnarə ilə nə vaxtsa qarşılaşsam, yəqin ki, ona heç nə deməyəcəyəm. Mən, utandığımdan bir də həmin qadının üzünə baxa bilmərəm...