Mənim evimdəki demokratiya

menim-evimdeki-demokratiya
Oxunma sayı: 691

Bundan daha qəribəsi isə humanizm, naturalizm və kommunizm kimi ideyalar bir-birlərinə daban-dabana zidd olsalar da, İslama hücum etmək məsələsi ortaya çıxınca bu insanlar bir yumruq kimi birləşməyi bacarırlar. Bu yerdə biz müsəlmanların yuxarıda adlarını çəkdiyim zümrələrdən nümunə götürməli olduğumuzu da mütləq qeyd etməliyəm. Naturalist kommunistlə birləşib İslama dil uzadarkən, biz şiə-sünni-sələfi ayrı-seçkiliyindən qurtula bilmirik. Sanki şiənin, sünnin və sələfinin kitabı, Peyğəmbəri, Rəbbi olan Allah fərqlidir. Tam əminliklə söyləyirəm, indi möhür və yaxud möhürsüz qılınan namazın müzakirəsini aparmağın vaxtı deyil.

Qarşı tərəf Demokratiya adlı maskanın altında biz müsəlmanlara ölümcül zərbə vurur. Bizim nəsli elə yıxıb sürüyürlər ki, bizdən iki nəsil sonra gələnlərin nə qalxmağa taqətləri, nə də qalxmaq anlayışı olacaq. Bu məqaləni də yazmağımın səbəbi azərbaycanlı həmvətənlilərimin Demokratiya deyərkən nəyi nəzərdə tutduqlarını aydınlaşdırmaqdır. Bu məsələ o qədər qarışıb ki, hətta niyyəti saf və səmimi olan insanların belə yanılmasına səbəb olur.

İsa Qəmbər təxminən 1 il bundan əvvəl bir müsahibəsində uşaqlarına qarşı hər zaman demokratik olduğunu söylədi. Bu günlərdə isə elə “Qafqazinfo” portalında başqa bir həmvətənim İntiqam Əliyev (çox təəssüf ki, hansı sahədə çalışdığını bilmirəm) Rafiq Tağını müdafiə edən yazısında övladının tolerantlıq, demokratiya və insan haqları içində böyüdüyünü yazdı.

Gəlin, İsa Qəmbəri və İntiqam Əliyevi bir kənara qoyub ailəmizdə uşaqlarımıza qarşı demokratik olmağın nə olduğunu təhlil edək. Bir anlıq təsəvvür edək ki, yeniyetmə çağlarında olan oğlumuzdan siqaret iyi gəlməyə başlayır. Yaxud övladımızın məhəllədə yaşayan, davranış və tərbiyəsini xoşlamadığımız bir uşaqla dostluq etdiyini görürük. Sual olunur: tolerantlıq, demokratiya və insan haqları deyib övladımızın siqaret kimi zərərli olan bir vərdişə aludə olmasını kənardan seyr edəcəyik, yoxsa onun sonuna qədər islah olmasına cəhd edib, hətta lazım olarsa dodaqlarını belə damğalamaqdan çəkinməyəcəyik? Axı, ağlı olan hər kəs bilir ki, bir dəfə dodağı damğalanmaq ömrü boyu ağciyərləri damğalı gəzməkdən daha yaxşıdır. Eyni nümunəni övladımızın həyat tərzini mənfiyə dəyişmək ehtimalı olan “dost”-u ilə əlaqələrinə də şamil etmək olar.

Qısacası, biz müsəlmanlar başqalarından fərqli olaraq uşaqlarımızı tolerantlıq, demokratiya və insan haqları içində deyil, mərhəmət, şəfqət, böyük-kiçiyə hörmət və ədalət içində böyütməliyik.

Yuxarıda sadaladığım zümrələrin hər an sataşmaq istədikləri İslam dini mücərrəd və utopik olan tolerantlıq məfhumunu qəti şəkildə rədd edir, əvəzində bəşəri münasibətlərdə ölçüləri açıq-aydın ortaya qoyur. Məsələn, bir valideyn övladının ibadət etməsinə 17 yaşına qədər israr edə bilər. O yaşdan sonra isə valideynin israr etmək haqqı yoxdur və övladının ibadət edib-etməməsinə görə məsuliyyət daşımır. Bu yaş həddi sadəcə ibadət üçün ölçü olaraq göstərilmir. Sosial sahələrdə də bu cür yaş hədləri vardır. Məqalədə məqsədim İslamda uşaq haqları olmadığı üçün qısaca bir neçə cümlə yazıb əsas mövzuya qayıtmaq istərdim. İslam 17 yaşda olan gəncə öz qərarlarını özü vermək səlahiyyəti verib və valideynini bu məsuliyyətdən azad edərək, həmin yaşdan sonra gəncin verdiyi qərarlardan onun özünü məsul sayır. Valideyn göstərilən yaşdan sonra övladı üçün tövsiyə və məsləhət verə bilər, lakin onu hər hansı işə məcbur edə bilməz. Zatən 17 yaşa qədər verilən tərbiyə faydasızdırsa o yaşdan sonra ediləcək məcburiyyətin də hər hansı faydası olmayacaqdır.

Yuxarıda göstərilən yaş həddindən sonra valideynini uşaqlarının əməllərinə görə məsuliyyətdən azad edən İslam, azyaşlı uşaqların oyun oynamaq kimi haqlarını ən təbii haqlar olaraq qəbul edir. Eyni zamanda, İslam dinində hər bir valideyn uşağına oynaya biləcək bir şərait hazırlamaqda mükəlləfdir. Çünki oyun uşağı həyata hazırlayan ən mühüm yollardan biridir. Oyun vasitəsi ilə uşaq insanın ən təbii ehtiyacı olan başqalarına kömək etmək və məlumat əldə etmək kimi vərdişlərə yiyələnir və gizli olan qabiliyyət və istedadı üzə çıxır. Qərbin inkişafının səbəbi də Azərbaycanda bir çoxlarının anlayışı belə olmadığı halda çığır-bağır salaraq söylədikləri tolerantlıq deyil, İslam adi altında olmasa belə, İslamın buyurduqlarına əməl etməsidir. Belə ki, Qərbdə olanlar dediklərimi təsdiqləyərlər. Orada elə ölkələr var ki, başdan-başa parklar və uşaq meydançalarıdır. Uzağa getmədən Bakıdakı parkları “uşaq inkişafı” sözləri ilə bərabər göz önündə canlandıraq…

İntiqam Əliyev də daxil olmaqla bir çoxlarının söylədikləri tolerantlıq İslam dinində səbrdir. Bu ifadəni əvvəlki yazılarımdan birində istifadə etmişəm və bir daha istifadə edirəm, İslama sataşmağı mədəniyyət sayan mədənilər tolerantlıq mövzusunda İslam dininə iki yandan dil uzadırlar. Bir yandan deyirlər müsəlman radikaldır, söz azadlığına tolerantlıq göstərmir, digər yandan isə iddia edirlər ki, müsəlman kölədir, hər şeyə səbr edir.

Həmin mədənilərin nəzərinə mütləq çatdırılmalıdır ki, İslam dini sadəcə fərdi olan məsələlərə səbr etməyi istəyir və qəti şəkildə ictimai mövzularda səbr etməyi rədd edir. Məsələn, bir şəxs başqasına borc pul verərsə və o, borc alanı razılaşdıqları vaxt tamam olduğuna baxmayaraq səbr edib sıxışdırmazsa savab qazanar. Yaxud, bir gənc özündən yuxarı vəzifədə işləyən, xarici görünüşündə də qüsuru olmayan bir qadının zina təklifinə səbr edib bu murdar işə yaxınlaşmazsa savab qazanar və s.

Tolerantlığın mücərrəd olduğu başqa bir misala baxaq. Hamımız insanıq və həyatda hər cür şəraitlə üzləşə bilərik. Tutaq ki, müxtəlif səbəblərdən ailə başçısı olan kişi öz həyat yoldaşına lazım olan diqqəti göstərə bilmir. Bunun nəticəsi olaraq qadın da bu diqqəti kənarda axtarır. Sual verirəm: bu işdən şübhələnən kişi tolerantlıq göstərib hər kəs azaddır deyərək bu iyrənc hadisəyə seyrçi qalmalıdır, yoxsa məsələni araşdırıb günahkarları cəzalandırmalıdır?

Yaxud bunun əksi olan başqa bir nümunəyə baxaq. Fərz edək ki, yetim və kimsəsiz bir qız varlı-hallı gənc bir oğlan ilə ailə həyatı qurur. Bir müddətdən sonra bu varlı ər gününü başqa yerlərdə gün edir və ailəsinə lazım olan diqqəti ayırmır. Zavallı qızın ərinin valideynlərinə və qohumlarına etdiyi şikayətlərdən də bir şey hasil olmur. Demokratiyada hər iki halda həm aldadılan ər, həm də kimsəsiz qızcığazın da edə biləcəyi sadəcə boşanmaqdır. İslamda da boşanmaq vardır və halaldır, lakin Allahu-Təalanın xoşlamadığı yeganə halaldır. Həmçinin, müsəlmanları evlənməyə təşviq edən İslam, boşanmağı cıxış yolu kimi göstərmir, onu ən sona saxlayır.

Qayıdaq indi İsa Qəmbərin və İntiqam Əliyevin söylədiyi demokratiya, tolerantlıq və insan haqlarına. Elə ilk baxışdan görəcəyik ki, demokratiya, tolerantlıq və insan haqları bu iki ailənin xoşbəxtliyinə mane olur. Çünki diqqəti başqa yerdə axtaran qadın bilsə ki, “diqqət axtarma” sadəcə boşanmaqla bitməyəcək, bu murdar fikirdən əl çəkəcək. Yox, əgər, həqiqətən də ərinə dözə bilmirsə, dinimizdə olan çox sadə üsulla boşansın və 4 ay 10 gündən sonra ədəb-ərkanla yeni ailə həyatı qursun. Hətta istərsə 5 uşağı belə olsa, onları ər evində qoysun. Tolerantlıqdan fərqli olaraq İslam dinidə ər və arvad boşandıqda uşaqların bütün məsuliyyəti atanın üzərindədir və bəşəriyyətdə ilk dəfə olaraq “aliment” fikrini qanun halında icra edən İslam dinidir.

Hamı kimi ailə qurub isti ocaq sahibi olmaq istəyən zavallı qızcığazın da vəziyyəti eynidir. Əgər onun varlı-hallı əri bilsə ki, bu çirkin işinə tolerantlıq göstərilməyəcək və “gününü gün etmək” sadəcə boşanmaqla da başa gəlməyəcək, bu çirkin işə əl atmazdı. O, ən azı “insan haqları həyasızlıq etmək haqları demək deyildir” düşüncəsi ilə hakimin verəcəyi qərardan çəkinərdi. İsa bəyin təbirincə desək, demokratiyada çarə çoxdur. Lakin gördüyünüz kimi çox olsa da, sadəcə ədalətli deyildir. Həyat yoldaşı aldatdığı üçün boşanan kişi cəmiyyət içinə necə çıxacaq? Təbii ki, mən 15-20 il bundan əvvəlki cəmiyyəti nəzərdə tuturam. Axı, bizdə tolerantlıq o səviyyədə deyil…

Cəmiyyətimizdə az-çox tolerant varsa, o da elə biz müsəlmanlarıq. İslama dil uzadanlar “tolerantlıq, tolerantlıq” deyib bizim hicab geyinməyimizə qarşı çıxırlarsa, biz onların həyat yoldaşlarının, bacılarının, analarının və qızlarının dizdən yuxarı geyindiyi paltarlara səbrlə yanaşırıq. Bizlər həmçinin onların toylarda nə öz həyat yoldaşlarını onlarla kişinin gözü qarşısında qucaqlayıb lirik mahnı oynadıqlarına baxır, nə də həyat yoldaşlarının “Avropa Şurası”-nın təşkil etdiyi tədbirlərdə xaricilərlə qədəh toqquşdurduqlarına əhəmiyyət veririk.

Adətən məqalələrimin sonunda üzümü müsəlmanlara tuturam. Bu dəfə isə sözüm demokratiyanı, tolerantlığı və söz azadlığını sadəcə kitablardan oxuyan həmvətənlərimədir. Biz müsəlmanları sizlər bir şeyə səbr edərsək kölə, təhqir və həqarətlərinizə əhəmiyyət verərik isə radikal adlandırısınız. Bizlər sizdən fərqli olaraq onların, yüzlərin və minlərin köləsi deyilik, sadəcə bir olan Allahın quluyuq. Sizin azadlığınız nəfsani hisslərinizdir, bizim azadlığımız əxlaqımızdır. Sizin məqsədiniz demokratiyadır, bizim məqsədimiz ədalətdir. Sizin qurmaq istədiyiniz cəmiyyətdə insan cismanidir və ruhu olmaz, bizim cəmiyyətdə isə insan ruhanidir. Sizin cəmiyyətdə (Qərb ölkələrini nəzərdə tuturam) ədalət sadəcə insanın cismi üzərindədirsə, bizim cəmiyyətdə isə ədalət insanın ruhu üzərində qərar tapar.


Biz müsəlmanlar istehsal etdiyimiz silahlari satmaq üçün xristian və digər dinlərdən olan iki ölkə arasına münaqişə salıb onlara silah satmırıq. Biz müsəlmanlar, həmçinin bir millətin təbii sərvətlərini sömürmək üçün həmin millətin başına diktatorlar keçirmirik. Bunlardan əlavə biz müsəlmanlar demokratiya maskası geyinib təbii sərvətləri zəngin olan millətlərin başına keçirdiyimiz diktatorların xalqdan oğurladığı pulları banklarımızda da saxlamırıq. Çünki biz müsəlmanıq. Çünki Allah-Təala bizə Nisa surəsinin 135 ayəsində: "Ey iman edənlər! Adələtli davranın (onu uca tutun)..." əmrini buyurub.


Heç kim unutmasın ki, Allahu-Təala Qurani-Kərim Ali-İmran surəsi 179-cu ayəsində buyurur: “Allah möminləri bu vəziyyətdə buraxacaq deyildir. Sonda murdari təmizdən ayıracaqdır…” Eyni zamanda Allah Tövbə surəsi 32 ayədə də buyurur: "Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki kafirlər xoşlanmasalar belə, Allah nurunu tamamlamaqdan əsla vaz keçməz". Biz, müsəlman olaraq yuxarıda yazdığım bu iki ayəyə inanırıq.Və Allah-Təalanın Hac surəsi 47-ci ayəsində buyurduğu kimi “…Allah vədindən əsla dönməz…” söylədiyinə də inanırıq.


Sonda sizin əgər tolerantlığınız Axundov, Nərimanov və 1920-ci ilin aprel ayının 26-da Yalamada XI bolşevik ordusunun hərbi qatarını partlatmaq üçün körpüyə qoyulan partlayıcını satqınlıq edib partlatmamaq əmri verən generladırsa (onun heç adını belə yazmaq istəmirəm), bizim səbrimiz isə son 150 ildə Şeyx Şamil, Ömər Muxtar, Said Nursi, Seyyid Kutub və Alica Ali İzetbekoviçdir (Allah hamısına qəni-qəni rəhmət etsin!). Bu 5 insanın mübarizə və həbsdə olduğu müddət, sizin ağız dolusu danışdığınız tolerantlıq anlayışı tarixinin 5 misli qədərdir. İstəyirsiniz, özünüz hesablayın!


Məqalədəki fikirlər müəllifin şəxsi fikirləridir.