“Məqsəd Vətənin təhlükəsizliyini qorumaqdır”

meqsed-vetenin-tehlukesizliyini-qorumaqdir
Oxunma sayı: 1528

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər həyəti, veteranlar və məzunların valideynləri iştirak ediblər. Əvvəlcə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, dövlət sərhəd xidmətinin rəisi general-leytenant Elçin Quliyev, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev, akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və digər rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin xatirəsi ehtiramla anılıb.

General-leytenant Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası fakültələrinin buraxılışı münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib.

E. Mahmudov bildirib ki, təcrübəli müəllimlərdən aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri məzunların vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacaq. Fəaliyyət göstərdiyi müddət ərzində, xüsusən son dövrlər Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının ulu öndərin peşəkarlıq və vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, nazirliyin müxtəlif struktur bölmələrində və Azərbaycanın dövlət sərhədlərində hərbi xidmətə başlayacaq gənc zabitlər üçün buraxılış günü xüsusilə unudulmazdır. Gənc zabitlər Heydər Əliyevin adını daşıyan təhsil ocağını bitirməkdən qürur duymalıdırlar. Eldar Mahmudov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində qazandıqları nəzəri və praktiki biliklərin hər iki dövlət qurumunun gənc zabitləri üçün gələcək fəaliyyətdə yaxşı təməl olacağını diqqətə çatdıraraq bildirib: “Məqsəd birdir - Vətənin təhlükəsizliyini qorumaq, müstəqilliyi və dövlətçiliyi möhkəmlətmək. Sərhədlərin, təhlükəsizliyin qorunmasına, ümumən milli maraqların etibarlı təminatına xidmət edəcək zabitlər bilməlidirlər ki, əzm, qətiyyət, fədakarlıq, vəzifə borcuna məsuliyyətlə yanaşma və peşəkarlıq olmadan bu mümkün deyil. Akademiya gənc zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli bir vəzifənin öhdəsindən layiqincə gəlir, təlim-tədrisin, xidmət və istirahət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Maddi-texniki bazanın ardıcıl gücləndirilməsi, digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlanmasına, yeni nəslin əsl vətəndaş kimi yetişməsinə xidmət edir. Bu işdə dövlət başçısının bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının ən yüksək dünya standartlarına cavab verdiyini qeyd etməsi əsl stimul olub. İşimizə verilən bu yüksək qiymət bizi daha da məsul edir”.

Akademiyada gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini qeyd edən nazir E. Mahmudov, bunun uğurlu fəaliyyətin başlıca amili olduğunu bildirib. Nazir deyib ki, vətənpərvərlik amilinə ciddi diqqət yetirməkdə əsas məqsəd, ilk növbədə Ermənistanın işğal etdiyi ərazilərimizin azad olunmasıdır. Ərazi bütövlüyümüzün təmin olunması üçün bütün imkanların tam səfərbər edilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev tərəfindən bütün dövlət orqanlarının qarşısına qoyulmuş bir nömrəli vəzifədir. Məlumdur ki, bu sahədə də sərhəd və təhlükəsizlik orqanlarının bütün potensialı səfərbər olunub.

Onun sözlərinə görə, bu işlərdə gənclərin üzərinə böyük vəzifələr və məsuliyyət düşür. Azərbaycan gəncliyi daim dövlətin qayğısını hiss edir, qayğıya cavab isə Vətənə və dövlətə sədaqətdir: “Ulu Öndər gənclərin hərtərəfli inkişafını ölkənin tərəqqisinin başlıca mənbəyi hesab edirdi. Bu siyasətin yeni tələblərə uyğun davam etdirilməsi mühüm uğurlara şərait yaradır. Gənclərin ölkə həyatının bütün istiqamətlərində öz layiqli yerlərini tutmaları üçün iyulun 7-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır. Dövlət başçısının belə münasibəti gənclərlə əlaqədar siyasətin ardıcıl aparılmasının göstəricisidir”.

Nazir Eldar Mahmudov bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar prezidentin imzaladığı sərəncam Azərbaycanın bütün dövlət orqanlarının qarşısında mühüm vəzifələr qoyur: “Akademiyanın builki buraxılışı da belə bir əlamətdar dövrə təsadüf edir. Biz 20 illik yubileyi bütün sahələrdə uğurları daim artırmaqla, ölkədə başlanmış yeni inkişaf mərhələsinə hər gün töhfə verməklə qarşılamalıyıq. Həm də Ulu Öndərin “müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” – devizinə qüsursuz əməl etməliyik. Müstəqilliyimizi ardıcıl qorumalı və möhkəmləndirməliyik. Ümumən, ölkəmizdə hərbi, sosial-iqtisadi və ictimai-siyasi həyatın hər bir sahəsində aparılan islahatlar Azərbaycanı möhkəmləndirir, dövlətimizə böyük nüfuz qazandırır. Dinamik inkişaf edən Azərbaycan bölgənin lideridir. İqtisadi artım sürətinə görə ölkəmiz son illər dünya miqyasında ön sırada gedir. Bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə bizi ölkənin təhlükəsizliyinə daha etibarlı təminat yaratmağa çağırır. Eyni zamanda, təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, bilik səviyyəsi, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur. Son illər Milli Təhlükəsizlik Nazirliyində bütün istiqamətlər üzrə əməliyyat-xidməti fəaliyyət uğurla həyata keçirilir. Lakin, ölkənin sürətli tərəqqisinə xidmət edən bu nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmır, əksinə, səylərimizi ardıcıl surətdə yüksəltməyə çalışırıq”.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov ali baş komandan İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. .

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə də çıxış edib.

Nərgiz Ehlamqızı