Məscidlər internetdə niyə yoxdu? - Araşdırma

mescidler-internetde-niye-yoxdu-arasdirma-
Oxunma sayı: 779

Vaxtilə Yeni Günəşlidə tikilməkdə olan, inşası yarımçıq qalmış “Fatimeyi Zəhra” məscidinin də internet ünvanı (www.fatimeyi-zehra.org) olub.

Hazırda “Fatimeyi Zəhra” məscidinin internet ünvanı ümumiyyətlə fəaliyyət göstərmir, virtual məkanda bu ünvanın quruca adı var. İçərişəhər “Cümə” məscidnin saytı isə tam passivdir. 2004-cü ildə yaradıldığı göstərilən saytda sonuncu xəbər 2009-cu il noyabr ayının 3-nə aiddir.

“Əbu-Bəkr” məscidinin saytında vəziyyət bir qədər fərqlidir. Saytın 2003-cü ildən fəaliyyətdə olduğu bildirilir. Burada arabir məqalələrin, kitabların, davamlı şəkildə isə xütbələrin yükləndiyini görmək mümkündür. “Əbu Bəkr” məscidinin sosial şəbəkədə səhifəsi də var və xütbələr orada da yerləşdirilir.

Lakin məscidlərin olan-qalan internet səhifələrində kifayət qədər çatışmazlıq var. Bunlardan ən əsası məscidin saytında məscidin özü (tarixi, memarı və s.) haqqında məlumatların, məsciddən fotoşəkillərin olmaması, məscidin ünvanının göstərilməməsidir.

Dini yazarlar zamanla ayaqlaşmağa çağırır

“Yeni Müsavat” qəzetinin əməkdaşı, dini yazar Kənan Rövşənoğlu mövzu ilə əlaqədar “Media forum” saytına açıqlamasında deyib ki, məscidlərin saytı olmalıdır: “Məscid yalnız ibadət edilən bir yer deyil, həm də müsəlmanların toplanış yeri, həftədə ən azı bir dəfə (cümə günü) cəm olduğu məkandır. Dünyada məscidlər bir qayda olaraq ictimai mərkəz statusu daşıyır - burda ibadət edir, xeyriyyə aksiyaları keçirir, imkansız insanlara yardım göstərirlər. Bu mənada zamanın tələbinə uyğun olaraq başqa ölkələrdə məscidlərin internet səhifəsi yaradılır, insanlara məscidin fəaliyyətini internetdə izləməyə imkan verilir. Ancaq Azərbaycanda bu sahə inkişaf etməyib”.

“Birlik.az” saytının əməkdaşı Xəyal Həsənov da “Media forum”a açıqlamasında vurğulayıb ki, bütün iri məscidlərin saytının olması çox vacibdir: “Saytda məscid haqqında informasiya, məscidin kim, yaxud kimlər tərəfindən inşa edilməsi haqqında məlumatlar, məscidin şəkilləri, bayram günləri təşkil edilmiş tədbirlərdən videogörüntü və sairə yerləşdirilməlidir. Hələ məscidə gəlməmişdən insanda məscid haqqında təsəvvür yaranmalıdır. Bu həm də məscidlərin təbliğinə xidmət edir. Bir növ dinə dəvət kimi”.

X.Həsənovun sözlərinə görə, vaxtilə “Fatimeyi Zəhra” məscidinin saytı zəngin olub, saytda məscidin sənədləri, məscidin bünövrəsi qoyulmamışdan əvvəl ərazinin vəziyyətini, məscidin tikintisini əks etdirən görüntülər yerləşdirilib.

X.Həsənov təklif edir ki, məscidlərin saytlarının yaradılması ilə bağlı ayrı-ayrı internet səhifələrində və qəzetlərdə sorğular, məqalələr, müsahibələr təşkil olunsun: “Bu işi həyata keçirmək üçün mətbuatda addımlar atmaq lazımdır”.

Axund imkansızlıqdan gileylənir

Bakının Abdulla Şaiq küçəsində yerləşən və tarixi abidə hesab olunan “Hacı Cavad” məscidinin axundu Əhliman Rüstəmov “Media forum”a bildirib ki, indiyədək məscidin saytını yaratmağa cəhd etməyiblər: “Bu barədə heç fikirləşməmişik. Hətta fikirləşmək istəsək belə, buna maliyyəmiz də çatışmır. Məscidin elekrtik enerjisinə görə 5 min manata yaxın borcu var, onu ödəmək imkanımız yoxdur”.

Ə.Rüstəmov onu da əlavə edib ki, məscidlərin saytının olması Azərbaycanda bir ənənə halını almayıb: “Belə işlərin görülməsi üçün dindarların maarifləndirilməsinə ehtiyac var. Dini icmalara bu barədə təcrübə keçmək lazımdır. Düzdür, maarifləndirmə istiqamətində dini icmalar müqəddəs günlərdə - Ramazan, Qurban bayramlarında broşürlər dərc edir. Saytların yaradılması dini icmaların fəaliyyətinə bir az da müsbət təsir edərdi. İctimai nəzarət olduğu üçün məscidlər aktiv çalışar və müxtəlif layihələri həyata keçirməyə can atarlar”.

“Hacı Cavad” məscidi dini icmasınını indiyə qədər qeydiyyata alınmadığını deyən Ə.Rüstəmov əlavə edib ki, sonuncu qeydiyyat prosesində bir il əvvəl sənədlər hazırlanaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub: “Lakin indiyə qədər qeydiyyat məsələsindən xəbər yoxdur. Bizim məscidi 19-cu əsrdə Hacı Cavad adlı xeyriyyəçi inşa etdirib. Mən burada nəzir qutusunun qoyulmasının əleyhinə olmuşam. Çoxdan o qutunu götürtmüşəm. Eləcə də məscidin gəliri nədən ola bilər? Mərasimlərin təşkil edilməsində iştirakdan, yaxud ləvazimatların kirayəyə verilməsindən. Lakin bunların heç biri ilə biz məşğul olmuruq. O səbəbdən də maliyyə problemləri var. Həm də bura bir növ məhəllə məscididir. O qədər də çoxlu adam ibadətə gəlmir. Əgər gündə ən azı 200 nəfər bura gələrsə, hərəsi 20 qəpik verərsə, xeyli vəsait toplana bilər. Amma bura az adam gəlir, üstəlik də onlar o qədər imkanlı deyillər”.

Mütəxəssis çıxış yolu göstərir

Veb-dizayner, proqramçı Əli Abbasovun “Media forum”a bildirdiyinə görə, bir neçə il əvvəl “Fatimeyi Zəhra” məscidinin saytının yaradılması üçün ona müraciət ediblər: “Hazırda həmin sayt mövcud deyil. Çünki sayt yaradılarkən məqsəd o idi ki, sökülmə təhlükəsi altında olan tikilinin qanuni olduğu, tikintinin nə vaxtdan başlanması, layihəsi barədə ictimaiyyətə məlumat verilsin. Artıq “Fatimeyi Zəhra” məscidinin sökülməsi təhlükəsi yoxdur. Ona görə bu problemə aydınlıq gətirilməsi məqsədilə yaradılmış sayt da yoxdur, yəni o sayt öz missiyasını bitirib”.

Ə.Abbasov məscidlərin saytının olmasını vacib hesab edir: “Bu, abidənin - məscidin tarixi haqqında məlumat bazasının təkmil olmasına, dini baxımdan maarifləndirmə işlərinin inkişafına xidmət edərdi. Sayt, sözsüz ki, məsciddə fəaliyyət göstərən dini icmanın da fəaliyyətini işıqlandırmış olacaq. Bu isə həmin icmanın fəaliyyətində şəffaflığın təmin edilməsinə yardım göstərə bilər. Bundan başqa, bəzi dindarlar öz dini baxışlarına görə hansısa məcsidə getmirlər. Amma onlar üçün də maraqlıdır ki, getmədikləri məscidlərdə nə baş verir. Bu zaman sayta daxil olub fəaliyyəti izləmək kifayət edər”.

Məsələnin maliyyə tərəfinə gəlincə, Ə.Abbasov deyib ki, orta səviyyəli saytın yaradılması 400-500 manata başa gələ bilər: “Hesab eləmirəm ki, bunun üçün çoxlu pul lazımdır. Məscidlərin saytı informasiya agentliyinin, yaxud hansısa iri qurumun saytı kimi mürəkkəb olmur ki... Ora uzaqbaşı gündə bir-iki material yerləşdirilə bilər. Bunun üçün ayrıca ştat açıb işçi götürməyə də ehtiyac yoxdur. Yəqin ki, hər dini icmada internet bilgisi olan insanlar var. Veb-dizayner saytı hazırlayıb icmaya təhvil verəndən sonra onlar könüllü şəkildə saytda materialların yerləşdirilməsini yerinə yetirə bilərlər”.

Ə.Abbasov onu da qeyd edib ki, məscidlərin saytının olması hələ dünyada ənənə halını almayıb: “Əsasən tarixi abidə kimi turistlərin diqqətini cəlb edən məscidlərin saytları var”.