Məsum qızı fahişəyə çevirən cəmiyyət

<b>Məsum qızı fahişəyə çevirən cəmiyyət </b>
Oxunma sayı: 368

Cəmiyyətdən söz açmışkən, bunu da yazmaq istədim. Eurovision yaxınlaşır, fikir vermisinizmi bilmirəm, azğın, yiyəsiz küçə köpəklərini yollardan yığışdırıblar, elə bil, heç nə olmamışdı. Eşitdiyimə görə, narkotik asılılığı olan kimsəsizləri də bəzi tibb müəssisələrində yerləşdiriblər, fahişəliklə məşğul olanlardan xəbərim yoxdur, yəqin, onlar üçün də xüsusi şərait yaradıblar ki, əcnəbilər ölkəmizə gələndə hər şeyin gözəl, abad olduğunu düşünüb, şad-xürrəm ağızdolusu danışsınlar. Bu mənə 1980-ci ildə SSRİ-nin Moskvada keçirdiyi XXII yay olimpiadasını xatırlatdı. Eynilə sovet təfəkkürü və fırt edib Sovetin burnundan düşən Azərbaycan. Bəli, mütləq hər şey son dərəcə gözəl görsənməlidir. Bir də əcnəbilər qayıdandan sonrasına baxarıq, görün hər daşın altından nə ilanlar baş qaldırıb çıxacaq.

Elnurə artıq aramızda deyil, təhlükə sovuşub

Qayıdaq əsas mövzumuza. Elnurənin cəmiyyəti, elə mənim, sizlərin yaşadığı cəmiyyət. Düşünək ki, bundan sonra nə fərqi var? Elnurə artıq aramızda deyil, təhlükə sovuşub. Xəstəliyə yoluxan yoluxub. Yaxşı, düşünək ki, 200 nə böyük rəqəmdir? Bu 200-ün arxasındakı yüzlərin taleyi necə olacaq bəs? Bu məsələnin qeyri-rəsmi tərəfini, QİÇS daşıyıcılarının özləriylə nə qədər başqa insanları və öz yaxınlarını, eləcə də, əlaqədə olduqları digər insanları bu xəstəliyə düçar etdiyini birmənalı təsəvvür etmək asan deyil.

O gün portallardan birində müzakirə mövzusu bu idi: “Bakıda daha bir fahişəxana bağlandı”. Altındakı şərhlərdə də lağa qoyub gülürlər. “Hə, rayondan gəlmələrdir də, başqa nə gözləmək olar?” Hadisələrə ancaq düzxətli traektoriya üzrə baxan – onlar üçün ən yaxşı halda bunu deyə bilərəm – bu əbləhləri qınamıram. Baxış bucağı və məntiq üst-üstə düşür. Biz Avropa ölkəsi deyilik, yəqin ki, ağlı başında olan heç bir qadın fahişə olmaq, o evlərə gələn hər cür bədniyyət, iyrənc, kifir kişilərin ovuna çevrilmək istəməzdi. Hətta buna əminəm. Fahişəliyə qəti şəkildə haqq qazandırmıram. Amma, hər halda, ölkəmizdə fahişəliyin olması heç bir fəaliyyət sahəsi kimi özbaşına deyil. Himayəçisi olmasa, bu sahə məhv olub gedərdi. Deyəcəksiniz necə? Elə bu Eurovision qabağı küçə itlərinin tez-tələsik ortadan qeyb olması kimi.

Elnurəni ittiham etmək

İndi haqqımız çatırsa, Elnurəni ittiham edək. Yüzlərlə, bəlkə də, daha çox kişini bu xəstəliyə yoluxdurmağı qarşısına məqsəd qoymuş 22 yaşlı öfkəli gənc qızı. Bir insan nə qədər həyatdan bezməlidir ki, heç düşünmədən, xəstəxanadan qaça və müalicə olunmaqdan imtina edərək kişilərə olan nifrətindən onlara bu acımasız “hədiyyə”ni bəxş etməyi özünə borc bilə. Hə, mənim, bizim, sizlərin 12-13 yaşlı qızcığazı zorlayıb, uşaq evindən fahişəliyə itələyən cəmiyyətimiz. Doğrudur, heç kim bu məsuliyyətdən boyun qaçırmamalıdır. Hansı 12 yaşlı qız öz istəyi ilə fahişə olmaq istəyər? Elnurəni uşaq evinə qədər gətirən yolun məsuliyyətini öz üzərinə kim götürəcək? Valideynlərimi? Sosial ədalətsizliyin baş götürüb getdiyi cəmiyyətmi? Hər halda, Elnurə bu ölkədə nə yeganə QİÇS xəstəliyi daşıyıcısıdır, nə də sonuncusu...

Qalanını siz düşünün.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi