Mətbuat Şurasına alternativ?

metbuat-surasina-alternativ
Oxunma sayı: 675

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Media forum” saytına bildirib ki, iclas bu gün qeyd olunan Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününə həsr olunub.

Toplantıda “Turan” agentliyinin, “Azadlıq”, “Yeni Müsavat”, “Xural”, “Gündəm-Xəbər”, “Femida”, “Müxalifət”, “Təzadlar” qəzetlərinin və “Qafqazinfo.az” saytının, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun təmsilçiləri iştirak ediblər. İclasdan əvvəl iştirakçılar mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun məzarlarını ziyarət ediblər.

Redaktorlar Birliyi Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı bəyanat qəbul edib. Mehman Əliyev “Azadlıq” və “Gündəm-Xəbər” qəzetlərinin Redaktorlar Birliyinə müraciət etdiyini də söyləyib: “Mətbuat Şurasının şikayəti və tələbi əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Gündəm-Xəbər” haqda təhqiqata başlayıb, Vergilər Nazirliyi isə cinayət işi açıb. “Azadlıq” qəzetinə gəlincə, Mətbuat Şurası Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədovun şikayəti əsasında bu qəzet haqda qərar çıxarıb, qəzetə və köşə yazarı Anar Niftəliyevə xəbərdarlıq edib. Bu məsələləri də müzakirə etdik. Hər iki qəzetin müdafiə olunmasına qərar verildi. Biz Mətbuat Şurasının xəbərdarlığını ekspertizadan keçirəcəyik. Çünki Mətbuat Şurası icra orqanı deyil, o, xəbərdarlıq edə bilməz, tövsiyə verə bilər”.

Redaktorlar Birliyinin iclasında birlik üzvlərinin sentyabrın 12-də Naxçıvana getməsi barədə qərar qəbul edilib. Mehman Əliyevin sözlərinə görə, redaktorlar Naxçıvana hüquq müdafiəçiləri ilə birlikdə gedəcəklər: “Səfərdə məqsəd Naxçıvandakı real vəziyyətlə tanış olmaqdır. Biz bunu etməliydik. Çünki orada ağır vəziyyət və narahatlıq var, ora getmək mənəvi borcumuzdur. Ora 20 nəfərlik heyətlə gedəcəyik. Sentyabrın 13-də səfərin yekunları haqda mətbuat konfransı keçirəcəyik”.

Sonda Mehman Əliyev qeyd edib ki, Redaktorlar Birliyinin qapıları açıqdır və təşkilata yeni KİV-lərin qoşulmasını gözləyirlər. Redaktorlar ən azı ayda iki dəfə toplaşmağı nəzərdə tuturlar: “Mətbuatın maddi vəziyyətinin yaxşılaşdırılması, informasiya əldə edilməsi, peşəkarlıq problemlərinin həlli üçün bir sıra addımlar atmağı planlaşdırırıq”.