Metyu Brayzanı “çətin sual(lar)” gözləyir

metyu-brayzani-cetin-suallar-gozleyir
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, vaxtilə ermənipərəst konqresmenlərin Metyu Brayzanın Azərbaycanda səfir təyinatını əngəllədiklərini xatırladan Elxan Şahinoğlu ABŞ prezidenti Barak Obamanın səlahiyyətindən yararlanaraq Brayzanı Bakıya göndərdiyini bildirib: “Buna rəğmən, Konqres Metyu Brayzanın təyinatını hələ təsdiq etməlidir, yəni bu mövzu yenidən ABŞ-ın qanunverici orqanına qayıtmalıdır. Erməni lobbisi və ermənipərəst konqresmenlər də həmin günü gözləmədən hərəkətə keçiblər. Bu qüvvələr zamanında Metyu Brayza ilə yanaşı Frensis Rikardonenin də Türkiyəyə səfir göndərilməsinin əleyhinə idilər. Ancaq Obama Brayza kimi Rikardoneni də təktərəfli qərarı ilə Türkiyəyə səfir göndərdi. Görünür, zaman yetişib və erməni lobbisi ilə ermənipərəst konresmenlər ilk olaraq Rikardoneyə ilişməyə başlayıblar”.

Metyu Brayza ilə Frensis Rikardonenin təyinatını zamanında Robert Menendeslə Barbara Bokser adlı iki ermənipərəst konqresmenin əngəllədiyini vurğulayan analitik birincinin ABŞ-ın Türkiyədəki səfirinə məktub göndərdiyini bildirib: “Menendes məktubda səfirdən Türkiyədə nə qədər erməni kilsəsinin fəaliyyətdə olduğunu soruşub. Səfir Rikardone də bir çox kilsənin hələ də fəaliyyət göstərdiyini deyib. Bu cavab ABŞ-dakı erməni lobbisini qane etməyib və onlar dövlət katibi Hillari Klintona şikayət məktubları göndərməyə başlayıblar. Göründüyü kimi, bu erməni lobbisi ilə ermənipərəst konqresmenlərin qurama işidir. İki məqsədləri var. Birincisi, Rikardonenin təyinatını əngəlləmək istəyirlər, ikincisi isə bu məktublarla Türkiyənin guya ermənilərin hüquqlarını pozduğunu bir daha gündəmə gətirməyə çalışırlar”.

Elxan Şahinoğlu Menendesin Metyu Brayza ilə də “hesabı” olduğunu və yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirinə də bənzər məktubların göndərilə biləcəyini söyləyib: “Növbəti hədəf Brayzadır. Məsələn ona da məktub yazıb soruşa bilərlər ki, Bakıdakı erməni kilsəsi nə vəziyyətdədir. Görünür, Brayza da bunu bildiyindən bir müddət əvvəl belə bir ifadə işlətmişdi ki, Bakıda erməni kilisəsinin fəaliyyətə başlayacağı günü səbirsizliklə gözləyir. Əslində Brayza bu sözləri deyərkən erməni kilsəsinin taleyindən çox öz karyerasını düşünüb, yəni qabaqdangəlmişlik edib, gələcəkdə Menendes kimilərə deyə bilsin ki, erməni kilsəsinin məsələsini gündəmə gətirib. Metyu Brayza məsələyə ədalətli yanaşsaydı, Ermənistan və Dağlıq Qarabağda dağıdılan məscidlərin taleyinə də toxunmalıydı. Ancaq Brayza bu sözləri o zaman işlədərdi ki, onun təyinatına ABŞ-dakı azərbaycanlı lobbisinin də təsiri olardı. Kim güclüdürsə onunla hesablaşırlar...”