Meymunu yada salmaq

meymunu-yada-salmaq-
Oxunma sayı: 4453

Ağzıma bir tikə çörək alandan sonra, uşağın dərslərini soruşdum. Sonra başladıq meymun haqqından atalar sözü fikirləşməyə. İnsafən qızım dedi ki, bayaqdan o fikirləşib. Cəmi 2 atalar sözü tapıb: “Su meymunun boğazına çıxanda, balasını ayağının altına qoyar” . Bir də “Meymun baxar güzgüyə, adını qoyar özgəyə” .

Birinci cümlənin bizim ataların dediyinə o qədər əmin olmasam da, düşündüm ki, bunu bizim atalar, oğullar, qızlar bildiyindən, qəbul etmək olar. Amma ikincini dəftərə yazmağa qoymadım. Dedim ki, bu atalar sözü deyil. Yəni, bizim atalar o qədər yüngül, düşük olmayıb axı, belə söz desinlər. Uşağa izah elədim ki bu elə onun yaşıdı uşaqların bir-biriynən sözləşəndə işlətdikləri ifadədir. Bir saat baş sındırandan sonra, ağlıma heç nə gəlmədiyini görüb, oturdum kompüterin qarşısında. İKT-nin inkişaf dərəcəsindən yararlanaraq, dünyanın ən bərkgedən axtarış sisteminə öz dilimizdə «meymun» sözünü yazıb, bütün sistemi ələk-vələk elədim. Amma çifayda. Bizim bildiyimiz iki deyimdən başqa, yeni bir atalar sözü tapmadım. Elə anlaşılmasın ki mən ruscada meymuna «obezyana» deyildiyi, ingiliscədə «monkey» adlandırıldığını bilməyəcək qədər savadsızam. Haşa. Sadəcə, söhbət bizim atalarımızın sözündən getdiyi üçün, axtarışı öz dilimizdə apardım.

Saat 22.00-ı göstərir… Kompüter ümidlərimizi doğrultmadı, biz hələ ailəlikcə meymun haqqında atalar sözü düşünməkdəyik. Birdən qızım dedi ki, ay ana, gəl babamnan soruşaq, o qocadı, bəlkə bilər. Ev telefonunu götürüb az qala 500 km uzaqda yaşayan nənə-babaya zəng vururuq. Məsələni nənəyə izah edib, kömək istəyirik. Elə telefon trubkasını yerə qoymadan, saatın əqrəblərinin gecəyə şütüdüyü bir vaxtda ümidim gələn, narahat edə biləcəyim kim varsa, hamıya zəng edirəm. Siyahı uzundu: anam, xalam, bibim, üç rəfiqəm. Müraciət dəyişməyib: «meymun haqqında atalar sözü bilirsinizmi?». Aradan 15-20 dəqiqə keçəndən sonra ev telefonuna, mobil nömrəmə zənglər gəlir. Hamı elə bil bir-birinin ağzına tüpürüb: «Su meymunun boğazına çıxanda, balasını ayağının altına qoyar», «Meymun baxar güzgüyə, adını qoyar özgəyə».
İlahi!!! Yox! Başqasını deyin, onları biz də bilirik. Telefon danışıqlarımdan məsələnin nə yerdə olduğunu anlayan məsuliyyətli qızımın gözləri dolur. Dizimin üstündə oturdub, izah eləməyə çalışıram:

- Ağıllım, gözəlim, bax heç kimi qınama. Axı meymun bizim milli heyvan deyil. Heç bizim meşələrdə meymun olduğun eşitmisən? Bizim ölkədə meymun bir zooparkda var, bir də bəlkə tək-tük imkanlı adamların evlərində olar. Onlar da uşaqlarının xatirinə saxlayırlar. Darvin adında bir alim var. O deyib ki, insan meymundan əmələ gəlib. O vaxt biz rusiyanın əsarətində olanda beynimizə yeritmişdilər ki, guya biz meymundan əmələ gəlmişik. Amma ittifaq dağılandan sonra bildik ki, bizi aldadıblar. Biz meymundan- zadan əmələ gəlməməişik. Tanrının yaratdığı bəndələrik, müsəlmanıq. Ona görə də meymun haqqında atalar sözümüz yoxdu. Axı atalarımız, babalarımız meymunu harda görüb? Meymun afrikalıların milli heyvanıdır.

Qızımı birtəhər sakitləşdirib yatağına uzatsam da, o gecə özüm yata bilmədim. Ha fikrimi yönəltsəm də, meymunu yadımdan çıxara bilmədim. Elə bir-iki satlıq yuxuda da özümü Afrika meşələrində meymunların əhatəsində gördüm. Səhər də gələn zənglərin hamısından məlum oldu ki, meymun onların da yuxusuna qonaq olub.

Müəllimin tapşırığını yerinə yetirmədiyinə görə, məktəbə gözüyaşlı gedən qızımı qapıdan ötürəndə qayıtdı ki, ana, müəllim deyirdi, gələn dəfə kərtənkələ ilə bağlı atalar sözü tapşıracam. Yox, bu daha ağ oldu! Qızımın dərslərinin bitməsinə qədər birtəhər dözüb, müəllimə evə çatmamış əl telefonunu yığdım. Yarı zarafat, yarı ciddi meymunun ötən gecə nəslimizin başına açdığı oyunu ona danışdım. Gülüb dedi ki, vallah, bizlik deyil. Kirrikulum təhsil sistemi belə tələb eləyir. Bilmirəm bu zəngimə görə idi, ya yox, müəllimə uşağa kərtənkələylə bağlı atalar sözü yazmağı tapşırmadı. Amma mən arxayın düşməmişəm. İşdə vaxtım olan kimi Afrika, Asiya, Avstraliya, lap buzlu Qrenlandiyada yaşayan heyvanlarla bağlı atalar sözü axtarıram. Axı, bir aydan sonra məktəblər açılır. Kim təminat verir ki, dərslər başlayanda müəlliməsi qızıma koala, yexidna, zürafə, laska haqqında atalar sözü tapmağı tapşırmayacaq.

P.S. bu yaxınlarda əmək məzuniyyətimi ölkənin qərb rayonlarından birinin kəndində keçirdim. Danışırdılar ki, bu kənddə Vahid adından baməzə bir kişi yaşayırmış. Yaşayırmış ona görə deyirəm ki, artıq Vahid kişi illərdi rəhmətə gedib. Bir gün bostanda işləyəndə kürəkəni Vahid kişiyə əkinlə bağlı məsləhət verir. Vahid kişi gözünə döndüyüm də qayıdır ki, «Sən indi 40 ilin eşşəyinə dəyirmanın yolunumu öyrədəssən». Elə bunu eşidəndə meymun məsələsi yadıma düşdü. Öz-özümə dedim ki, müəllim eşşəklə bağlı atalar sözü yazmağı tapşırsayıdı, nə rahat olardı. Azı 10 atalar söz yazmaq olardı. Axı, uzunqulaq bizim milli heyvandı. Noolar e, beynəlxalq aləmə beynəlxalq təhsillə inteqrasiya edirik, kirrikuluma milli heyvanlarımızla bağlı tapşırıqlar salmaq olmazmı görən? Nə uşaq əziyyət çəkər, nə də gecə vaxtı qohumları narahat eləmərik.