MHP YAP-a sərt cavab verdi

<b>MHP YAP-a sərt cavab verdi</b>
Oxunma sayı: 120

YAP-ın Türkiyədə keçiriləcək parlament seçkilərində hakim partiya AKP-yə dəstək verdiyi açıqlaması qardaş ölkənin siyasi səhnəsində birmənalı qarşılanmayıb. Xüsusilə, Türkiyənin iri müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Şenol Bal “Bizim Yol” qəzetinə müsahibəsində YAP-ın mövqeyi ilə bağlı bildirib ki, Türkiyədə seçkilərin nəticələrini xalq həll edir. Azərbaycanın hakim partiyasından belə bir açıqlamanın verilməsinə isə ciddi yanaşmaq lazım deyil.

Şenol Bal daha sonra deyib: “Görünür, Yeni Azərbaycan Partiyasının hökuməti Ermənistanla imzalanan protokollardan nəticə çıxarmayıb. Mən çox təəssüf edirəm ki, belə bir açıqlama veriblər. Gəlib Türkiyədə AKP-nin kampaniyalarına dəstək vermək isə bizim iç məsələmizə qarışmaq kimi dəyərləndirilməlidir. Bu məntiqlə MHP Azərbaycandakı seçkilərdə müxalifətə dəstək verməlidir. Amma biz indiyədək buna qarışmamışıq. Türkiyədə seçkilərin taleyini xalq həll edir. Bir də düşünmürəm ki, Yeni Azərbaycan Partiyası türk xalqının mövqeyinə təsir etmək gücündədir. Yeni Azərbaycan Partiyasının Türkiyə siyasətinə təsiri sıfırdır. Onların buna gücü yetməz. Ancaq bu addımları biz də təəssüf doğurur. Bir vaxtlar AKP sərhədləri açmaq istəyərkən dəstəyi MHP-dən aldılar. Biz bu dəstəyi Azərbaycan xalqına vermişik. Bu gün də Azərbaycan xalqının yanındayıq. AKP-dən fərqli olaraq, biz Azərbaycanı Qarabağsız təsəvvür etmirik. Mən çox istərdim ki, Yeni Azərbaycan Partiyası son olaylardan dərs götürsün”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi