Millət vəkili islamafobiyadan danışdı

millet-vekili-islamafobiyadan-danisdi
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Qənirə Paşayeva Almaniyanın Köln şəhərində keçirilən Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak edib. Minlərlə insanın iştirak etdiyi qurultayın açılış mərasimində Avropada yaşayan türklərin ən böyük təşkilatlarından biri olan Avropa Türk-İslam Birliyini 20-ci ildönümü münasibəti ilə təbrik edən millət vəkili geniş çıxışında xüsusilə Ermənistanın 20 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla 20 faiz ərazilərini işğal etməsi, işğal etdiyi bölgələrdə törətdiyi vandalizm aktları barədə məlumatlar verib.

Miillət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımları vurğulayaraq bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq.

Bu məsələdə xarici ölkələrdə, xüsusilə Avropa yaşayan insanlarımızın, Avropada vətəndaş olan türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. O, Avropada yaşayan gənclərimizi yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha aktiv iştirak etməyə çağırıb və bunun vacibliyi və əhəmiyyəti üzərində xüsusi dayanıb. Q. Paşayeva deyib ki, Avropa ölkələrində vətəndaş olan Türk gəncliyi yaşadıqları ölkələrdə siyasi partiyalarda daha geniş təmsil olunmalıdırlar.


Millət vəkili Avropanın bəzi ölkələrində aşırı radikal qüvvələrin, irqçi təfəkkürlü güclərin, siyasi qüvvələrin getdikcə daha da güclənməsi, Avropada İslamafobiyanın artmasının yaratdığı və yarada biləcəyi ciddi problemlər, Avropada bəzi siyasi çevrələrin İslam əleyhinə, müsəlmanlara qarşı insanların nifrət və düşmənçiliyini artırma siyasətləri barədə də ətraflı danışıb və Türk müsəlmanlarını bu cür qüvvələrin öz məqsədlərinə çata bilməməsi üçün birgə səyləri və çalışmaları artırmağa çağırıb.


Avropa Türk-İslam birliyinin yeni sərdi İhsan Öner isə bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim qardaş Azərbaycanın həqiqətlərinin daha geniş yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz səylərini daha da artıracaqlar.

Qurultay çərçivəsində “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin və Xocavənd rayon İcra Hakimiyyətinin millət vəkilinin “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında hazırladığı “Ruhum Qarabağlıdır” filminin nüsxələri, Qarabağ həqiqətləri ilə bağlı materiallar, Qənirə Paşayeva və Şərq qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəllifi olduğu “Erməni soyqırımının qurbanı-Bağanıs Ayrım” kitabı qurultayda iştirak edən Avropada fəaliyyət göstərən türk təşkilat rəhbərlərinə və rəsmilərinə təqdim edilib.