Millət vəkilləri qız qaçıranlara qarşı

millet-vekilleri-qiz-qaciranlara-qarsi
Oxunma sayı: 682

"Azərbaycanda hələ də məcburi nikah münasibətlərinə daxil olma faktları aşkarlanır və buna görə cinayət məsuliyyəti müəyyənləşdirilməsi belə halların qarşısını almağa yönəlib", - Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin çərşənbə günü birgə keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Hüseynli qeyd edib ki, qadınların nikah yaşının qaldırılması Azərbaycanın ümumbəşəri dəyərlərinə uyğundur və Avropa hüquq siyasəti məkanına daxil olmaq üçün növbəti addımdır.

Millət vəkili Rövşən Rzayev bu halların daha çox ölkənin regionlarında baş verdiyini deyərək, daha sərt cəzaların qəbul olunmasının tərəfdarı olduğunu bildirib.

Deputat Rəfael Cəbrayılov çıxışında Cinayət Məcəlləsində tək qadınları deyil, kişiləri də məcburi nikaha daxil etməyə görə məsuliyyət nəzərdə tutulmasını təklif edib.

"16 yaşlı oğlanın 30 yaşlı qadınla evləndirildiyinin şahidi olmuşam", - o deyib.

Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, yalnız nikaha məcbur etməyə görə deyil, ümumiyyətlə, razılıq olsa belə, erkən nikaha cəlb olunmaya görə də cəza tətbiq olunmalıdır.

Deputat Fəzail Ağamalı deyib ki, bir çox hallarda həddi-büluğa çatmamış şəxslər ailə həyatı qurur və yalnız nikah yaşı tamam olduqdan sonra rəsmi nikaha daxil olurlar.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iclasda qeyd edib ki, Azərbaycanda ötən il 155 min uşaq anadan olub, onlardan 29 mini qeyri-rəsmi nikahdan doğulub.

"Qanuna belə dəyişiklik edilməsində məqsəd cəmiyyətə çağırış etməklə, bu cür halların qarşısının alınmasıdır", - Rəcəbli deyib.

Milli Məclisin şöbə müdiri Samir Cəfərov təkliflərə münasibət bildirərək qeyd edib ki, təklif olunan maliyyə sanksiyalarının həcmi bu gün üçün optimaldır.

"Dəyişikliyin yalnız qadınlara aid edilməsi Azərbaycanda qadın hüquqlarının xüsusi yer tutduğunu göstərir", - o deyib.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.