Milli Həmrəyliyimiz və son 23 il

milli-hemreyliyimiz-ve-son-23-il
Oxunma sayı: 682

Azərbaycanın eks-prezidenti Ə. Elçibəyin təklifi ilə tarixə düşən 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Gününün bayram günü kimi qeyd edilməsi xaricidə yaşayan Azərbaycan türklərinin bir-biriləri ilə əlaqələrinin qurulmasına və dünya xalqları ailəsində milli-birlik nümayiş etdirilməsində mühüm rol oynamışdır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya türklərinin də milli bayramına çevrilməkdədir.

Müstəqil, müasir Azərbaycanın son 23 illik tarixinə nəzər salanda xalqımızın milli barışa nə qədər böyük ehtiyacı olduğunun şahidi oluruq. Xalqımız son 23 illik mübarizə dövründə cəmi 3 il həmrəylik nümayiş etdirib. Bu 1988-1991-ci illərdə baş verib və milli həmrəyliyimizin nailiyyəti də təməli 1918-ci ildə qoyulmuş cəmi 23 ay yaşamış müstəqil Azərbaycan dövlətinin 70 ildən sonra yenidən bərpası olub. Amma çox təəssüflər olsun ki, Milli Həmrəyliyimiz uzun sürmədi və xalqımızı həm daxildən, həm də xaricdən istəməyən qüvvələr Azərbaycanı müəyyən daxili intriqalara çəkib milli həmrəyliyimizi parçalaya bildilər. Azərbaycanda 70 ildən sonra ilk dəfə olaraq demokratik seçkilər yolu ilə xalqın etimadını qazanıb hakimiyyətə gəlmiş milli qüvvələr ölkə daxilindəki milli münaqişələrə cəlb olundu və bununla da, qarşısına qoyduğu əsas məqsədlərin həyata keçirilməsinə imkan verilmədi. Rusiya dövləti milli qüvvələrin hakimiyyətdən getməsi üçün hər şeyi edirdi və separatçı erməni xisləti də bu məsələdə Azərbaycan hakimiyyətinə qarşı təsir vasitəsi kimi rus dövləti üçün geniş imkanlar yaradırdı. Bu daxili gərginlik nəticəsində milli qüvvələr hakimiyyətdən getdilər və təəssüflər olsun ki, bu daxili intriqalar hesabına hakimiyyətə gələn YAP bütün fəaliyyəti boyu xalqımızın milli mübarizə əzmini zəiflədə bildi və bununla da, millətimizi rəzil günə qoydu. 11 aylıq qısa zaman ərzində milli hakimiyyətin xalqımız üçün etdiklərini həzm edə bilməyən Əliyevlər hakimiyyəti 18 illik fəaliyyəti dövründə çox çalışdı ki, millətimizi kölə halına salıb milli qüvvələri gözdən salsın. Amma bu mümkün olmadı.

XX əsrin əvvəlində Şərqdə ilk dəfə demokratik cümhuriyyət quran və millətimiz üçün müstəqil Azərbaycan kimi çahanşümul miras qoyan M.Ə.Rəsulzadəni Sovet İttifaqı 70 il çalışsa da millətin sevgisindən mərhum edə bilmədi. Bu rejim də milli qüvvələrin hakimiyyətdə olduğu dövrə öz əxlaqlarına uyğun iftiralar atsalar da bu iftiralar xalq tərəfindən qəbul edilmədi.

Əbülfəz Elçibəy hakimiyyətinin 11 aylıq qısa zaman kəsiyində dövlət və millət üçün etdiyi mühüm hadisələri xalq indi də xatırlayır.

Elçibəy hakimiyyətinin xalq üçün etdikləri:

- Sovetlər İttifaqından miras qalan Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ müharibəsinin müsbət həllinə yaxınlaşması;

- Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın sərhədlərinin tanınması və erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasıyla bağlı BMT-nın dörd məlum qətnaməsi;

- Ordu quruculuğuna başlanması;
- Rus ordusunun torpaqlarımızdan çıxarılması;

- Cəmiyyətin aynası olan müstəqil jurnalistikanın inkişafı, azad mətbuata və söz azadlığına geniş imkanların yaradılması, telekanal və informasiya agentliklərin yaradılması və inkişaf dövrü;

- Təhsil sistemində test üsulunun tətbiqi;

- Milli valyutanın dövriyyəyə buraxılması;

- Müstəqil məhkəmə sisteminin yaradılmasına başlanılması;

- İlk dəfə neft kontraktları haqda dünyanın böyük neft şirkətləri ilə müzakirələrin başlanması;

- Azad sahibkarlığın inkişafına dəstək və özəlləşdirmə siyasətinin işlənilib hazırlanması;

- Vətəndaş cəmiyyəti institutlarının yaradılması;

- Vətəndaşlara sərbəst toplaşma hüququnun verilməsi;

- Demokratik cəmiyyətin formalaşmasında siyasi partiyalara geniş imkan yaradılması və QHT institutlarının yaranma mərhələsi;

- Azərbaycanda orta təbəqənin yaranmasına geniş imkanlar yaradılması və s.

1993-cü ildə Əliyevlərin hakimiyyətə gəlişindən sonra situasiya əks istiqamətə dəyişməyə başladı. Bu 18 illik hakimiyyətinin fəaliyyəti dövründə xalqımız üçün dırnaqarası edilənləri sadalamaq olar. Amma bu böyük bir siyahı olacaq və oxucuları yoracaq. Onsuz da bu siyahıya nələrin düşdüyünü hamı bilir.