Milli Məclis Azərbaycandakı həbsləri müzakirə etdi

milli-meclis-azerbaycandaki-hebsleri-muzakire-etdi-
Oxunma sayı: 678

“Media forum” saytı xəbər verir ki, deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə bugünlərdə jurnalist Eynulla Fətullayevin prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığı çıxdığını xatırladıb, bununla əlaqədar dövlət başçısına minnətdarlığını ifadə edib, eyni zamanda bir sıra şəxslərin ictimai-siyasi fəaliyyətinə görə müxtəlif ittihamlarla hələ də həbsdə saxlandığını vurğulayıb.

İqbal Ağazadə gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyevin, 2 aprel məntiqinə görə tutulanların azadlığa çıxması üçün Milli Məclisin və ölkə prezidentinin məsələyə müdaxilə etməsini vacib saydığını diqqətə çatdırıb. Bəxtiyar Hacıyevin adını çəkərkən İqbal Ağazadə onu yüksək təhsilli şəxs kimi qiymətləndirib və belə bir gəncin həbsdə saxlanmasının Azərbaycana başucalığı gətirmədiyini söyləyib.

Bu il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 ilinin tamam olduğunu xatırladan Ümid Partiyasının sədri belə bir əlamətdar hadisə ərəfəsində haqqında danışdığı həbslərə son qoyulmasına çağırıb.

Deputat, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov İqbal Ağazadənin dediklərinə reaksiya verib. O bildirib ki, prezidentin əfv qərarı məhkumlara şamil olunur, istintaq altında olanların əfv edilməsi isə mümkün deyil.

Siyavuş Novruzovun sözlərinə görə, istintaq altında olanlardan kimlərsə məhkəmə zamanı günahsızlığını sübuta yetirib azadlığa çıxa, ya da mühakimə olunandan sonra əfv edilə bilər.

Bəxtiyar Hacıyevə gəlincə, YAP icra katibinin müavini bildirib ki, Azərbaycanda alternativ hərbi xidmət konstitusiyada nəzərdə tutulsa da, bununla bağlı qanun hələ qəbul edilməyib. Ona görə də alternativ hərbi xidmət keçmək istəyənlərin arzusu hələ reallaşa bilməz, onlar da başqaları kimi hazırda qüvvədə olan qanunla hərbi xidmət borcunu yerinə yetirməlidirlər. “Kiməsə elə gələ bilər ki, o, göydən zənbillə düşüb” deyən Siyavuş Novruzov insanın harada təhsil alması və başqa bu kimi faktorların hərbi xidmət məsələsində güzəşt üçün əsasa çevrilməsinin yolverilməz olduğunu vurğulayıb.

ABŞ-ın Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev martın 4-dən həbs olunub. Mayın 18-də o, Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

Mayın 4-də Sumqayıt Şəhər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlıya hökm oxunub. Hakim İlqar Məmmədov Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 5-dən həbsdə olan Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Həmin gün Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. İstintaqı prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu aparır. İndiyədək 13 aksiyaçı həbs edilib.